Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

17 Yanvar 2015 - №02

 

Şagirdlərin mobil telefonlardan istifadə etməsi lazımdırmı?

 

Pedaqoqlar bu haqda nə düşünürlər?  

Niyazi RƏHİMOV, "Azərbaycan müəllimi"
niyazisherifsoy@mail.ru
 

Müasir dövrümüzdə texnologiyalar sürətlə inkişaf edir. Bu proses orta ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin də diqqətindən kənarda qalmır. Onlar tez-tez dəyişən texnoloji yeniliklərə xüsusi maraq göstərir, onlardan istifadə etməyə çalışırlar. Şagirdlərin ən çox istifadə etdiyi və maraq göstərdiyi cihazlardan biri mobil telefonlardır. Onlar mobil telefonlar vasitəsilə internetə girir, sosial şəbəkələrdən istifadə edir, müxtəlif fotolar və videolar çəkməklə əylənirlər. Nəzərə çatdıraq ki, şagirdlər mobil telefonlardan məktəbdə də mütəmadi şəkildə istifadə edirlər. Düzdür, qanunvericilikdə bununla bağlı xüsusi qadağalar mövcud deyil. Lakin etiraf edək ki, bu kimi hallar şagirdlərin dərs prosesində fikrini yayındırır, tədrisin keyfiyyətinə mənfi təsir edir. Bundan başqa lazımsız şəkillərin paylaşılması, rəylərin bildirilməsi və sair kimi məsələlər şagirdlərə psixoloji baxımdan mənfi təsir göstərir, bəzi hallarda isə yersiz yazışmalar şagirdlər arasında müxtəlif münaqişələrin yaranmasına səbəb olur.

Valideynlərin böyük bir qismi şagirdlərdə mobil telefonun olmasını vacib hesab edir. Onlar övladları ilə mütəmadi əlaqə saxlamağı əsas gətirirlər. Lakin düşünürük ki, əlaqə saxlamaq üçün sadə funksiyalı mobil telefonlardan, məktəb telefonlarından, müəllimlərin telefonundan istifadə etmək mümkündür. Bütün bunları nəzərə alaraq bizi bir sual düşündürür. Görəsən, şagirdlərin məktəbə mobil telefonlarla gəlməsi düzgündürmü? Təhsil müəssisələrində şagirdlərin mobil telefonlardan istifadə etməsi hansı mənfi halların yaranmasına səbəb olur? Suallarımıza cavab tapmaq məqsədilə paytaxtın bir sıra orta ümumtəhsil məktəblərində olduq. Mövcud vəziyyətlə bağlı müşahidələr apardıq. Pedaqoji işçilərin və şagirdlərin bu barədə fikirlərini öyrəndik.

Öncə paytaxtın Nəsimi rayonunda yerləşən 151 nömrəli tam orta məktəbdə olduq. Gəlişimizin səbəbini məktəb direktoruna bildirdikdən sonra siniflərə baş çəkdik.  VII "b" sinfində 20 şagird var idi. Onlardan 9-da mobil telefon mövcud idi. Şagirdlərin 8-də mobil telefon çoxfunksiyalı bahalı, 1 şagirddə isə sadə funksiyalı idi. Kiçikyaşlı şagirdlər olmasına baxmayaraq mobil telefon vasitəsilə sosial şəbəkələrdən, WhatsApp-dan istifadə etdiklərini bildirdilər.

Sonra həmin məktəbin VIII "c" sinfində olduq. Sinifdəki 17 şagirddən 8-i mobil telefonlardan istifadə etdiklərini bildirdi. Bu sinifdə də şagirdlər çoxfunksiyalı, müasir telefonlardan istifadə edirdilər.

Sonra paytaxtın Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə olduq. Mövcud vəziyyəti öyrənmək məqsədilə məktəbin direktoru Sevda Eminova ilə birlikdə X "b" sinfinə gəldik. Burada da vəziyyət əvvəlki məktəblə demək olar ki, eyni idi. Belə ki, sinifdəki şagirdlərdən 12-də mobil telefon mövcud idi. Həmin şagirdlərin telefonlarının 2-si sadə olsa da digərlərin telefonları müasir tipli, bahalı idi. Məktəbin IX "b" sinfində isə 25 şagirddən 20 nəfərində müxtəlif firmaların müasir tipli mobil telefonlarına rast gəldik.  Şagirdlərlə söhbətimizdə telefondan hansı məqsədlə istifadə etdiklərini soruşduq. Təbii ki, cavablar müxtəlif idi. Onlar valideynləri ilə əlaqə saxlamaq məqsədilə telefondan istifadə etdiklərini bildirsələr də, sosial şəbəkələrdən və digər funksiyalardan da istifadə etdiklərini etiraf etdilər.

Vidadi Bağırov, təhsil eksperti: - Mobil telefonlar təkcə biz böyüklərin deyil, uşaqların, gənclərin də həyatının ayrılmaz bir hissəsinə, özü də böyük bir hissəsinə çevrilib. Zərərlərini açıq-aşkar hiss etsək  də bunu qadağan etmək, qarşısını almaqdansa, düzgün istiqamət göstərmək, yerində və məqamında əsaslandırılmış maarifləndirmə işlərinə üstünlük vermək daha faydalı olar. Müasir cəmiyyətdə  haqlı olaraq şagirdlərin məktəbə mobil telefonla gəlməsi, ondan yerli və yersiz istifadə etməsi tez-tez müzakirə mövzusuna çevrilir. Səbəbi isə müxtəlifdir. Mobil telefonlar məktəbin, müəllimin işinə maneçiliklər yaradır, şagirdlərdə müəyyən asılılıq, psixoloji və əxlaqi problemlər törədir. Əlbəttə ki, bununla razılaşmamaq da olmaz. Amma bütün səbəblərin şagirdlərin məktəbə telefonsuz gəlməsi ilə aradan qaldırılacağını da düşünmək sadəlövhlük olardı. Təlim -tərbiyə mühitinin pozulmasında şagirdlərin telefondan istifadəsinin səbəb olduğuna dair kifayət qədər nümunələr gətirmək olar. Bunun da əsas səbəblərindən biri adətən əlaqə vasitəsi kimi düşünülmüş mobil telefon aparatının bu gün daha çox imkanlara malik olmasıdır ki, bu imkanlardan istifadə edərək şagirdlərin müəyyən bir hissəsi sosial şəbəkələrə qoşulur, şəkil çəkir, oyunlar oynayır, internet saytlarında zaman keçirir, sinifdə baş verən xoşagəlməz hadisələri telefonun yaddaşına köçürür. Bunların bir hissəsi şagirdlərin öz əyləncə maraqlarını başqa maraqlardan üstün tutması ilə bağlıdırsa digər bir səbəb isə dərsin onlar üçün maraqlı, dinlənilən edilməməsi və yaxud da ki, dərsdənkənar söhbətlərin aparılması ilə bağlı deyilmi? Sosial şəbəkələrdə yayılan neçə-neçə anti-pedaqoji  hərəkət və ifadələrin azmı şahidi olmuşuq? Doğrudur, bunların içərisində sağlam olmayan, məkrli niyyət və məqsədlərə söykənənləri  olsa da, mütləq əksəriyyəti reallıqdır. Bu reallıqları yaradanlar isə, ilk növbədə, biz müəllimlər, təhsil işçiləri deyilikmi? Biz dərslərimizi qaydalara uyğun olaraq məzmunlu, müasir, şagirdi düşündürə  biləcək qaydada qursaq, onda belə hallar azalar və zaman keçdikcə aradan qalxar. Hesab edirəm ki, azacıq çətinliyə düşən kimi qadağadan əvvəl müəyyən mexanizmlərin düşünülməsi, maarifləndirmə tədbirlərinin aparılması daha faydalı olardı. Əlbəttə ki, qadağalar da ola bilər, amma ən asan yol olan qadağaların da həmişə faydalı olacağını, başqa fəsadlar yaratmayacağını düşünmək sadəlövhlük olardı. Valideynin övladına nəzarət etmək, izləmək, xüsusilə təhlükəsizliyini təmin etmək, zərərli vərdişlərə qurşanmamaq, uyğun olmayan dairələrin təsirinə düşməmək məqsədilə övladına verdiyi əlaqə telefonunun qadağan edilməsinin yarada biləcəyi fəsadlar daha çox ola bilər. Maarifləndirmə işlərini gücləndirməli, müəllimlərin dözümlülüyünə və dərslərinin keyfiyyətli tədris edilməsinə nail olunması, şagirdlərin telefonlardan dərs zamanı istifadəsinə ciddi nəzarət edilməsi və deyilənlərə məhəl qoymayanlarla bağlı tədbirlər görülməsini və hətta onun məktəbə telefon gətirməsinə müəyyən müddət qadağa da qoyula bilməsi daha düzgün olardı.

Kifayət Tanrıverdiyeva, Bakıdakı 151 nömrəli tam orta məktəbin direktoru: - Mobil telefonların məktəblərdə istifadəsi, düşünürəm ki, çox qlobal bir məsələdir. Buna qarşı qadağalar olmasa da, amma müəyyən vaxtlarda şagirdlərlə müxtəlif maarifləndirici işlər aparırıq. Desəm ki, bunun qarşısını ala bilmişik, bu qeyri-səmimi olar. Düşünürəm ki, bu işdə valideyn-məktəb münasibətləri xüsusi rol oynamalıdır. Valideynlər öz övladlarına bahalı telefonlar almaqla onların digər uşaqlardan seçilməməyini istəyirlər. Şagirdlərə bu cür telefonları verib ondan istifadəyə qadağa qoymaq da mümkün deyil. Həmin şagirdlər istər-istəməz o telefonlardan əyləncə vasitəsi kimi istifadə etməyə can atacaqlar. Şagirdlərin fikri dərsdə deyil, telefonda olur. Belə olduğu halda isə təbii ki, tədrisin keyfiyyətinə mənfi təsir göstərir. Biz məktəb kollektivi olaraq siniflərdə dərs zamanı telefondan istifadəyə imkan vermirik. Amma buna baxmayaraq təbii ki, gözdən yayınanlar da olur. Belə ki, bir az mülayim və şagirdlərin çəkinmədiyi müəllimlərin dərslərində bu kimi hallar istisna deyil. Bütün bunları nəzərə alaraq məktəblərdə mobil telefonlardan qəti şəkildə istifadə edilməməsinin tərəfdarıyam.

Rüfət Soltanov, 225 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi: - Şagirdlərin mobil telefonla məktəbə gəlmələrinin qəti əleyhinəyəm. Biz onlara nə qədər ciddi nəzarət etsək belə, yenə də mobil telefonlu şagirdlər dərsi pozurlar. Belə ki, onlara zəng, mesaj gəlir və həmin vaxt şagirdin fikri yayınır. Unutmayaq ki, həmin şagirdlər dərsə meyli olan potensiallı şagirdlərə də mane olurlar. Bundan başqa, əgər şagirddə geniş imkanlara malik telefon varsa, deməli o sosial şəbəkəyə və digər lazımsız saytlara girmək təhlükəsindədir. Bəzi hallarda valideynlər arasında öz övladları ilə bağlı problemlər də yaranır. Belə ki, bir valideyn digər valideyni övladına nəsə lazımsız sözlər yazdığına görə ittiham edir və sairə. Valideynlərə dəfələrlə bununla bağlı müraciət etmişik. Lakin onlar uşaqların uzaqdan gəlməsini və onlar üçün narahat olduqlarını əsas gətirərək məsələnin ciddiliyini bir o qədər dərk etmirlər. Valideynlərə övladlarının gələcəyini düşünmələrini tövsiyə edirəm. Çoxfunksiyalı telefonları övladlarına hədiyyə etməklə onlara yaxşılıq deyil, müxtəlif problemlər yaratdıqlarını bildirmək istəyirəm. 

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov