ADNA-nın professoru Şəfiq Pənahi ilə söhbət
Bu
dəfə Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) 90
yaşlı professoru ilə sizləri tanış etmək istəyirəm.
Professorla qiyabi olaraq akademiyanın, onun 90 illik
yubileyi ilə bağlı keçirdiyi tədbir barəsində oxuyanda
tanış oluram. Professorun yaşı və əmək fəaliyyətini əks
etdirən rəqəmlərin böyüklüyü (professorun 64 illik iş
stajı var) diqqətimi çəkir.
Fotomüxbirimizlə birlikdə ADNA-ya yollanırıq.
Mühafizəçiyə Şəfiq Pənahi ilə görüşməyə gəldiyimizi
deyirəm. O da gülərüzlə:
- İnşallah, 100 illik yubileyində də ondan müsahibə
alarsınız deyir.
Mühafizəçi gəldiyimizi xəbər verir. Dəhlizdə Şəfiq
müəllimlə görüşürük. Düzü mən ona 90 yaş verə bilmirəm.
Ümumi, tarixi geologiya və hidrogeologiya kafedrasına
daxil oluruq. Və geologiya-mineralogiya elmləri doktoru,
professor Şəfiq Pənahi ilə söhbətə başlayırıq:
- 1925-ci il yanvar ayının 2-də Tiflis şəhərində anadan
olmuşam. Atam iranlı idi. Babam da Səttarxanın ən yaxın
adamlarından olub. Hətta söhbət gedir ki, xanlardan
şikayəti olanlar babamın yanına, Makuya gəlirmişlər. O
da onlara kömək edirmiş. Atam o zaman təhsil alan az
insanlardan biri idi. Savadına görə çox yeri bəyənmirdi.
Türkiyəyə gedib, orda da qala bilməyib. Bir neçə dəfə
get-gəldən sonra yenidən Tiflisə qayıdıb. Tiflisdən
Təbrizə gəlmişik. Amma atamın orda da işi alınmayıb.
Sonra Urmiyaya, Xoya, nəhayət, iki yaşım olanda İrəvan
yaxınlığında yerləşən Maku şəhərinə köçmüşük. Atam
Makunun mehmanxanasını bərpa edir. 1935-ci ildə atam
gedir Zəncana və həmin mehmanxananı orda da yaradır.
Həmin ilin sonlarında biz də Zəncana gedirik. Evin böyük
uşağı idim. Orta məktəbin ibtidai siniflərini oxumuşdum.
Zəncanda orta məktəbə daxil oldum. Bir neçə il orda
yaşadım. II Dünya müharibəsi dövründə orta məktəbi
bitirdim. Mən oxumalı idim, instituta getməli idim. Ona
görə də kurs bitirmək lazım idi. Kursda riyazi şöbəni
qurtardım. 1944-1945-ci tədris ilində Tehrana gedib "Elm
və sənət" universitetinin (keçmiş Sənaye İnstitutu)
kimya fakültəsinə daxil oldum. I kursu bitirdim. Yayı
gəldim Təbrizə istirahətə. Atam dedi ki, İran hökuməti
Rusiyanın ali məktəblərində öz təhsilini davam etdirmək
üçün tələbələr yığır. Sən də get. O zamanTehranda tək
mənim təhsil almağım ailədə 7 nəfərin xərcindən çox idi.
Gəldim Bakıya və Azərbaycan Sənaye İnstitutunun geoloji
kəşfiyyat fakültəsinə daxil oldum.
1951-ci ilin aprelində buranı bitirdim. İnstitutdan məni
Binəqədi Neft-Qazçıxarma İdarəsinə göndərdilər. Çünki
aspiranturaya daxil olmaq üçün gərək dekabr ayını
gözləyərdim. Dekabra qədər işlədim və ayın 24-də daxil
oldum aspiranturaya. Aspiranturanın II kursundan bizə
dərs verdilər. Çünki müharibədən sonra rus, erməni
müəllimlərin çoxu çıxıb getmişdi, müəllim çatışmırdı.
- Bəs siz niyə İrana qayıtmadınız?
- Bura gələndən sonra iki dəfə göndərişlə oralara
getmişəm. Tehrana gedəndə bir mehmanxada qaldım. Bir
gün mehmanxanaya qayıdanda bir yazı ilə qarşılaşdım.
"İstəyirsən, qal burda dərs de. Bizim müəllimlər
institutumuzun aspiranturasını yarat". Onlar mənə 1050
dollar maaş verəcəkdilər. Mənə də onların xüsusiyyətləri
bəlli idi. Orda kasıbların, orta təbəqənin və varlıların
qaldığı məhəllələr fərqlidir. Əgər sən professorsansa
dövlətlilər məhəlləsində yaşayırsan. Orda da ev tutmaq
ayda 200-300 dollara başa gələcəkdi. Mütləq maşının
olmalıdır. Mənim də maşınım yox idi. Gərək maşın da
tutaydım. Fikirləşdim ki, heç evə 200 dollar da göndərə
bilməyəcəyəm. Ona görə də razılaşmadım.
- Valideynlərinizin taleyi necə oldu?
- Mən Bakıya gəldikdən bir neçə ay sonra onlar da
gəldilər.
Atam Abbas Makulu yazıçı idi. Həm nəzm, həm nəsr
əsərləri yazırdı. Anam evdar xanım idi. 1995-ci ildə
vəfat etdi. Bacılarımın ikisi də Tibb
Universitetindədir. Bacımın övladları həkimdir.
- Bəs sizin övladlarınız?
- İki övladım var. Bir oğlan, bir qız. Qızım da
həkimdir. Oğlum Almaniyada yaşayır. Onun peşəsi də
neftlə bağlıdır. Amma Almaniyada neft yoxdur (gülür).
Şəfiq müəllimlə söhbətimiz əsnasında hiss etdim ki,
tarixləri, yaşadıqlarını o qədər gözəl xatırlayır ki.
Bunu ona da deyirəm. Gülür və cavab verir:
- Qızım, əvvəlki illəri çox yaxşı xatırlayıram. Amma son
illər olanlar bəzən yadımdan çıxır. Beynimin alt bazası
yaxşı qalıb, üst baza bir az işləri korlayır.
Şəfiq müəllim, elə alt bazadan söhbəti davam etdirək, -
deyirəm, - razılaşır. Bir az da işlərinizdən danışaq:
- Bəli, əsas mənim işlərimdir. O zaman Moskvadan əmr
gəldi ki, yeni şöbə yaradılmalıdır - Geologiya və
hidrogeologiya mühəndisi. Düzdür, bunun neftlə heç bir
əlaqəsi yox idi. Dekan məni çağırdı. Həmişə orda
əyləşirdi (dekanın əyləşdiyi yeri göstərir). Kafedrada
cəmi üç nəfər idik- kafedra müdiri erməni idi, mən və
dekan (sanki o günlərə qayıdır və hadisələri o an baş
verirmiş kimi nəql edir). Dekan dedi ki, bu məsələni sən
həll etməlisən. Məni bir semestr Moskva Dövlət
Universitetinə göndərdilər. 28 şəhərdən gələnlərlə
birlikdə kurs keçirdik. Heç yarım saat istirahət etməyə
də icazə vermirdilər. Hansı şəhərdə, hansı mütəxəssis
var, o gəlib bizə dərs deyib, geri qaydırdı. Kurs bitdi,
geri qayıtdım. Proqramları, tələbələrin oxuya biləcəyi
kitabları qeyd etdim, tədris proqramını hazırladım. Ona
görə də bu şəhərdə nə qədər mühəndis-geoloq, hidrogeoloq
görsəniz hamısı mənim əlimin altından keçib. Özü də
tələbələrə bir semestr yox, 4-5 semestr dərs keçirdim.
Çünki müəllim də az idi. Həm də bu universitetə daxil
olandan sonra bura xüsusi məhəbbət hissim yaranıb. Belə
ki, 3 dəfə məni dəvət ediblər yaxşı maaşla başqa
yerlərə, hətta 3 otaqlı mənzil də təklif edənlər olub,
amma razılıq verməmişəm. Ona görə də 64 ildir ki, burda
çalışıram.
- Yeni yaradılan şöbənin neftlə əlaqəsi olmadığını
dediniz. Bəs bunu neftə necə uyğunlaşdırdınız?
- Mənim ixtisasım neftdir. Amma mən o fənni tədris
edirdim ki, onu sevmirəm. Fikirləşdim ki, bu mənə yaxşı
nəticə verməz. Hidrogeologiyanı bağladım neft-qaz
yataqlarının hidrogeologiyasına. İki alim mənə qədər o
fəndən kitab yazmışdı. O kitabları da oxumuşdum. Amma
xüsusi elmi bir şey yox idi. Özüm təcrübələr aparmağa
başladım. 20 ilə yaxın məşğul olduğum təcrübə doğru
çıxdı. Sübut etdim ki, Abşeronun özündə elə bloqlar,
qırılmalar var ki, orda neft milyon tonlarla olmasa da,
Azərbaycanın ehtiyacını təmin edəcək qədərdir. İkincisi
isə qaldırdığım diapir məsələsi idi. Həmin məsələni
başqa alim (adını xatırlamağa çalışır, kitabın üzərində
şəklini göstərir) İvan Qupkin demişdi. O, apardığı
təcrübələrlə belə bir nəticəyə gəlmişdi ki, Azərbaycanda
yataqlar diapirdir, amma onu qınamışdılar. Lakin sübut
etdim ki, həmin alim düz deyir.
- Deyirsiniz ki, elə bir mühəndis-geoloq yoxdur ki,
mənim əlimin altından keçməsin. Bəs o dövrün tələbələri
ilə bu dövrün tələbələri arasında hansı fərqlər var?
Hiss edirəm ki, narazılığı var.
- Fərq çoxdur. O dövrün tələbələri olan zaman bu
dəhlizdə səs yox idi. Hər yerdə asılmışdı - Səssiz! Dərs
keçilir. Amma indi tələbə bu başdan o başdakı yoldaşına
qışqırır. Mən bunu qəbul etmirəm. Çünki tələbə bura
öyrənməyə gəlir. O zaman bu qədər elektron vasitə yox
idi. İndi mən dərs deyirəm, tələbə partanın altında
telefonla oynayır. Bu onların savadını artırmır, əksinə,
savadsızlığa aparır. Dərs oxumaq ayrı şeydir, gərək
sənin beynin işləsin. Yadımdadır, 90-cı illərdə
Moskvadan bir akademik gedib Amerikaya, bir məktəbdə
girib 11-ci sinfə, deyib: 7 vur 8 neçə edir? Şagird tez
cibindən kalkulyatoru çıxarıb...
- Necə düşünürsünüz, necə müəllim olmusunuz?
- Tələbələrim məndən qorxmayıb. Amma çəkiniblər. Əgər
bir tələbə dərsə cavab verməsə, oxumasa, ona yenə şans
verirəm. Amma oxumasa, deyirəm ki, keçməyəcəksən.
- Yaxşı müəllim necə olmalıdır?
- Yaxşı müəllim əvvəla yaxşı insan olmalıdır. Tələbələr
arasında fərq qoymamalıdır. Tələbəyə ciddi yanaşmalısan,
amma ona ağır söz demək olmaz. Uzağı tələbəyə deyirəm,
çıx sinifdən.
- Keçmiş tələbələriniz sizin yanınıza gəlirlərmi?
- Mənim tələbələrimdən nazir olanı da var. Amma bir dəfə
də olsun heç birinin qapısını döyməmişəm. Gələndə belə
onlar mənim üçün yenə tələbədir. Hətta elə dəyişirlər
ki, heç onları tanımıram. Bir dəfə bir qoca kişi maşını
saxladı ki, Şəfiq müəllim, gəlin əyləşin. Təəccübləndim
ki, sən məni hardan tanıyırsan? Dedi ki, siz mənə dərs
demisiniz. Vaxtilə belə bir qanun çıxmışdı ki,
mədənlərdə diplomsuz işçilərin hamısı təhsil almalıdır.
Axşam fakültələri yaradıldı, mən də onlara dərs demişəm.
- 64 illik fəaliyyət. Çətin deyil, yorulmursunuz?
- Çətinliyinə çətindir. Amma məndə belə bir hiss əmələ
gəlib ki, sanki bu akademiya mənə atamın yadigarıdır.
Bir adam bu ali təhsil ocağında pis iş görəndə mən
onunla yaxşı rəftar etmirəm.
Qarşıdan 20 Yanvar faciəsinin 25-ci ildönümü gəlir. Bu
faciəli günü necə xatırladığını soruşuram. Sanki
baxışları dəyişir:
- Xatırlamaq nədir. O qədər insanı öldürdülər. Bacımın
yoldaşı hadisələrin canlı şahidi olub. Həmin gün baş
verənləri görəndə o kişi necə ağlayırdı.
Şəfiq müəllimi suallarımla çox yormaq istəmirəm. Sonda
nə demək istədiyini soruşuram.
- Gördüyüm əziyyətlər yenidən gəlib məni tapmasın. Ancaq
öz səhhətimə baxım. İki dəfə əməliyyat olunmuşam.
Təsəvvür edin, 89 yaş və iki dəfə əməliyyat. İndi də tək
yaşayıram. Yoldaşım rəhmətə gedib. O da mənim tələbəm
olub.
- Maraqlı faktdır.
Ona neçənci illərdə dərs demisiniz?
- 1954-cü ildə dərs demişəm. 1956-cı ildə ailə həyatı
qurmuşuq. Onların qrupunda 5 qız var idi. Bu yaxınlarda
onların qrupundakı qızlar həyat yoldaşları ilə birlikdə
ziyarətimə gəlmişdilər.
Bizə də 100 illiyinizdə gəlib sizinlə yenidən söhbət
etmək qismət olar, deyirəm.
Gülür:
- Onu Allah bilir, qızım. Qismət olsa gələrsiniz.
Bəli, qismət, Şəfiq müəllim,- deyib, onunla
sağollaşırıq.
Rüfanə GÜNƏŞ,
"Azərbaycan müəllimi" |