Azərbaycan
Dövlət Neft Akademiyasının qocaman müəllimi, professor
Şəfiq Pənahinin 90 illik yubileyi və fəaliyyətinin 64-cü
ildönümü təntənəli şəkildə qeyd edildi.
Səttarxan hərəkatının ən görkəmli rəhbərlərindən olan
babası Hacı Ələkbər, İranda görkəmli yazıçı kimi şöhrət
tapmış atası Abbas Makulu öz xalqının azadlıq və
müstəqilliyi uğrunda bütün varlıqları ilə mübarizə
aparan şəxsiyyətlər olmuşlar.
Gənc Şəfiq 1945-ci ildə Təbrizdən Bakıya gələrək,
Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət
Neft Akademiyası) geoloji-kəşfiyyat fakültəsinə daxil
olur, ali məktəbi bitirdikdən sonra təyinatla Binəqədi
neft-qazçıxarma idarəsinə göndərilir. O, 1953-cü ildə
hələ aspirant olarkən "Ümumi geologiya" kursundan
assistent kimi laboratoriya dərslərini aparmaqla
pedaqoji fəaliyyətə başlayır. O vaxtdan bir-birinin
ardınca uğur pillələrini aşır. 1954-cü ildə geotektonika
sahəsi üzrə hazırladığı namizədlik dissertasiyasını
müdafiə edir. 1955-ci ildən tədris etdiyi fənlərdən
asılı olmayaraq öz elmi fəaliyyətini neftin geologiyası,
1963-cü ildən isə neft yataqlarının hidrogeologiyasına
həsr edir. 1984-cü ildə geologiya-mineralogiya elmləri
doktoru adını almağa müvəffəq olur. Ş.Pənahi 150-dən çox
elmi məqalənin, o cümlədən 20-dən çox kitabın
müəllifidir.
Tədbiri giriş sözü ilə Azərbaycan Dövlət Neft
Akademiyasının tədris işləri üzrə prorektoru, professor
Vaqif Qurbanov açaraq Şəfiq müəllimin keçdiyi həyat
yoluna nəzər salmaqla, onun böyük ziyalı ailəsinin
davamçılarından biri olduğunu qeyd etdi. Bildirildi ki,
Ş.Pənahi ali təhsil ocağımızda fəxr edilən örnək
simalardandır. Onun elmdə, təhsildə uğurları
sadalandıqca bitmir. Bu gün onun gənc həmkarları belə
bir insanın tarixinin bir parçası olduqlarına görə fəxr
edirlər. Prorektor bu tarixi insana cansağlığı, firavan
həyat arzulayaraq yubilyarı təbrik etdi.
Təbriklərə qoşulan və çıxış edən alimlər hər biri
ayrı-ayrılıqda Ş.Pənahini böyük alim, şəxsiyyət,
Azərbaycan ziyalısı, vətəndaş, gözəl müəllim kimi
sevdiklərini, onun kimi insanlarla fəxr duyduqlarını
bildirdilər. Qeyd edildi ki, tələbələrdə müəllimə inam,
hörmət və ehtiram hisslərinin yaradılması təkcə
müəllimin ixtisas fənlərini mükəmməl bilməsindən deyil,
həm də onun insani keyfiyyətlərindən, fəlsəfi dünya
baxışlarından, eyni zamanda tələbələrə qarşı
münasibətlərini öz övladlarına olan münasibət kimi
qurmağından asılıdır. Alimlər bu xüsusiyyətlərin Şəfiq
müəllimdə əks olunduğunu dedilər.
Tədbirirn sonunda çıxış edən professor Şəfiq Pənahi
yubileyi və 64 illik fəaliyyətini yüksək
dəyərləndirdiklərinə görə Azərbaycan Dövlət Neft
Akademiyasının rektorluğuna, eləcə də tədbirdə öz səmimi
ürək sözlərini bildirən bütün alimlərə minnətdarlığını
bildirdi: "Mən bu akademiyanı sevirəm. Onun bünövrəsini
qoyanlar, kim olursa-olsun, bura elə bir daş qoyublar ki,
bura çox yaşayacaq".
Mais BABAYEV,
Azərbaycan Dövlət Neft Akademiyasının geoloji-kəşfiyyat
fakültəsinin dekanı, dosent |