Fransada əcnəbi tələbələrin sayı artıb
Fransada aparılmış son tədqiqatlara əsasən, ölkənin ali
məktəblərində təhsil alan əcnəbi tələbələrin sayında
artım baş verib. Hazırda Fransada 295 min əcnəbi
tələbə təhsil alır. Əcnəbi tələbələr Fransa xəzinəsinə
1,6 milyard avro xeyir veriblər. Tələbələr kirayə,
səhiyyə, nəqliyyat, əyləncə və təhsilə ayda 920 avro
xərcləyirlər. Hesabata görə, 2013-2014-cü illərdə
dövlət tələbələrin təhsil haqlarının ödənməsinə 2,8
milyard avro subsidiya ayırıb. Eləcə də təqaüdlərin
ödənməsinə 55 milyon avro xərclənib. Lakin bütün bu
xərclər əcnəbi tələbələr tərəfindən kirayə və tələbə
turizminə görə özünü tam doğruldub (4,4 milyard avro).
Əcnəbi tələbələr arasında keçirilmiş rəy sorğularının
nəticələrinə əsasən onların 55 faizi Fransada yaşayış və
təhsil haqlarının "çətin", 18 faizi isə "çox çətin"
olduğunu qeyd ediblər. Tələbələr xaricdə təhsilin
onların ailələrinə baha başa gəldiyini etiraf
ediblər. Lakin onların 70 faizi xaricdə təhsilə
xərclənən pulların faydalı sərmayə olduğunu və
Fransanı digərlərinə də təhsil, turizm və yaşayış üçün
əlverişli yer olduğunu tövsiyə edəcəklərini deyiblər.
Qeyd edək ki, QS-nın versiyasına əsasən, Paris son 3
ildir dünyanın ən yaxşı tələbə şəhəri elan olunub.
Rusiyada
təhsilin inkişafı üzrə yeni konsepsiya təsdiq olunub
Rusiya hökumətinin başçısı Dmitri Medvedev 2016-2020-ci
illərdə təhsilin inkişafı üzrə məqsədli federal
proqramın konsepsiyasını təsdiq edib. "Uçitelskaya
qazeta"nın məlumatına əsasən, konsepsiya ali
məktəblərin yeni strukturunun yaradılması və tətbiqini
nəzərdə tutur. Proqramda 5 əsas vəzifə nəzərdə
tutulub: birincisi - peşə təhsili sahəsində müasir
iqtisadiyyatın yüksək mobilliyini təmin edən struktur
və texnoloji innovasiyaların yaradılması və yayılması,
ikincisi - ümumi və əlavə təhsil sahəsində müasir
mexanizmlərin inkişaf etdirilməsi, üçüncüsü - uşaq və
gənclər arasında elm-təhsil və yaradıcılıq fəaliyyətinin
geniş yayılması, istedadlı gənclərin üzə çıxarılması,
təbliği üzrə tədbirlərin həyata keçirilməsi, dördüncüsü
- müasir iqtisadiyyat üçün kadrların təhsili və
hazırlığı üçün şəraiti təmin edən infrastrukturun
yaradılması, beşincisi - təhsil keyfiyyətinin və təhsil
nəticələrinin qiymətləndirilməsinin tələbolunan
sisteminin formalaşdırılması.
Konsepsiya çərçivəsində qiyabi təhsil texnologiyalarının
modernləşdirilməsi, işəgötürənlərin peşə təhsili
təşkilatlarının fəaliyyətinin idarə olunmasına cəlb
olunması nəzərdə tutulur.
Konsepsiyada ali məktəblərin filial şəbəkələrinin 80
faizə qədər ixtisarı da gözlənilir. Təhsil sahəsində
çalışan bütün pedaqoji işçilərin hazırlıq səviyyəsinin
artırılmasına xüsusu diqqət ayrılacaq. Məktəbəqədər
təhsil işçilərinin 95 faizinin yenidən hazırlanması
təmin olunacaq.
Robotlar şagirdləri dərslərdə əvəz edirlər
Rusiyanın Sankt-Peterburq şəhərinin 8 orta məktəbində
robot-şagirdlər təhsil almağa başlayıb. Onlar bu və ya
digər səbəblərdən evdə qalmağa məcbur olan şagirdləri
dərslərdə əvəz edirlər. Peterburq ixtiraçıları hələ
2010-cu ildə şagird-robotları layihələşdirməyə
başlayıblar. Artıq robotlar xeyli təkmilləşdirilmiş
formadadır. Şəhərin bir neçə məktəbi robotlarla
maraqlanıb. Şəhər administrasiyası qurğunun alınması
üçün maliyyə vəsaiti ayırıb. İndi robotlar səkkiz
məktəbdə məşğələlərə cəlb olunub. Onların sayəsində
xəstəlik və müəyyən zədələr səbəbindən məktəbə gedə
bilməyən şagirdlər tədris prosesinə qatıla bilirlər.
Robotlar sinifdə baş verənləri nəinki görməyə və
eşitməyə, həm də sinif yoldaşları ilə ünsiyyət saxlamağa
və müəllimə sual verməyə imkan verir. Robot başı
hərlənən sürüşkən korpusa malikdir. Qurğunun baş
hissəsində kamera və mikrofon quraşdırılıb. Korpusun
aşağı hissəsində dinamika yerləşir. Qurğu korpusun
yanlarında quraşdırılmış iki böyük təkər vasitəsilə
hərəkət edir. Layihənin müəlliflərindən Aleksandr
Şavıkinin sözlərinə görə, gələcəkdə bu cür robotlar
müasir şəhərlərin həyatında ciddi iştirak edə bilərlər.
Onlar küçələri patrul edə, turistlərə və yoldan
keçənlərə arayışlar verə bilərlər.
Finlandiyada məktəbəqədər təhsil icbari oldu
Finlandiyada yeni ilin ilk günlərindən icbari
məktəbəqədər təhsil haqqında qanun qüvvəyə minib. Bu o
deməkdir ki, əvvəlki könüllü hazırlıq məşğələləri indi
gələcək birinci sinif şagirdləri üçün icbaridir. Fin
uşaqlarının əksəriyyəti indi də hazırlıq məşğələlərinə
gedirlər. Məktəbəqədər yaşlı uşaqların yalnız 2 faizi,
yəni 1500-ə yaxın uşaq "sıfır sinif" adlandırılan
sinifdə oxumurlar.
Finlandiya baş təhsil idarəsi yeniliyi ölkənin müxtəlif
bölgələrində hər bir uşaq üçün bərabər ibtidai şəraitin
təmin olunması və imkanların verilməsi kimi izah edir.
"Dəyişiklik isə, ilk növbədə, valideynlərə təsir
edəcək", - deyə yerli təhsil eksperti Arya -Sisko
Xolapp bildirib. Finlandiyada uşaqların məktəbə
hazırlığı əsasən bağçalarda həyata keçirilir. Yeniliyin
bütün azyaşlı uşaqları əhatə etməsi üçün bələdiyyələr
məktəbəqədər təhsil qruplarının sayını artırmalı olacaq.
Məktəbəqədər təhsili orta təhsil kimi evdə də almaq
olar. Lakin bu zaman təhsil idarəsi tərəfindən qoyulmuş
müəyyən meyarlar və qaydalara əməl etmək tələb olunur.
Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi"
xarici mətbuat materialları əsasında |