Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

17 Yanvar 2015 - №02

 

Kanadada müəllimləri tələbə özü seçir

 

Kanadanın Vaterloo Universitetinin tələbəsi Tamilla Umudova ilə söhbət 

O.MUSTAFAYEV, 
"Azərbaycan müəllimi"
oruc_isa@mail.ru
 

Tamilla  Etibar qızı Umudova 1996-cı ildə Bakı şəhərində anadan olub.  2013-cü ildə Bakının Xətai rayonundakı  269 nömrəli  tam orta məktəbi bitirib.  Eyni zamanda  Rafiq Babayev adına 25 nömrəli   musiqi məktəbində fortepiano təhsili alıb. 2013-cü ildə yeni yaradılmış İnformasiya Texnologiyaları Universitetinin  kompüter elmləri fakültəsinə daxil olub.  Qəbul imtahanında yüksək bal (685)  topladığına görə Azərbaycan Prezidenti İlham Əliyevin 2013-cü il 13  sentyabr tarixli sərəncamı ilə Prezident təqaüdünə layiq görülüb.  2014-cü ilin yanvarından "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Kanadanın Vaterloo Universitetinin riyaziyyat fakültəsində  kompüter elmləri  ixtisası üzrə bakalavr təhsili alır. Vaterloo Universitetində  Azərbaycanlı Tələbələrin Assosiasiyasının vitse-prezidentidir. Onunla söhbətimizə ilk məktəb illərindən başladıq.  

- Orta məktəbə qəbul ediləndə mən artıq oxumağı və yazmağı bilirdim.  Hələ 4 yaşımda bunları mənə anam öyrətmişdi. Ona  görə hesab edirəm ki, mənim ilk müəllimim anamdır. Lakin qeyd etmək istəyirəm ki, oxuduğum 269 nömrəli  məktəbin müəllimlərinin hər birinin əziyyəti danılmazdır. Başda Alla Vəzirova olmaqla məktəbimizin rus bölməsinin bütün müəllim heyətinə qazandığım  uğurlarımdakı paylarına görə çox minnətdaram.   Oxuduğum hər iki məktəbi - həm tam orta, həm də musiqi məktəbini əla qiymətlərlə qurtarmışam.  Təhsildə yüksək nəticələr göstərdiyimə və məktəbin ictimai həyatında fəal iştirakıma görə  Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Fəxri fərmanla təltif olunmuşam.  XI  sinifdə oxuyanda Vaterloo Universitetinin keçirdiyi  "Evklid"  riyaziyyat olimpiadasının qaliblərindən biri olmuşam.  Tam orta təhsil haqqında attestat qiymətlərimin  hamısı "əla" olduğuna görə qəbul olduğum Vaterloo Universitetinin "Outstanding International Student Award" - 2000 (iki min Kanada dolları) həcmində birdəfəlik təqaüd proqramının iştirakçısıyam.  Oxuduğum musiqi məktəbində də uğurlarım az olmayıb. Məktəbimizin keçirdiyi müsabiqələrdə, məktəblərarası yarışlarda qalib olaraq müxtəlif dərəcəli diplomlarla təltif olunmuşam.

- Xaricdə təhsil almağa necə qərar verdiniz?

Böyütmək üçün seçin- Xaricdə təhsillə bağlı qərarımı necə verməyimi, doğrusu, dəqiqliklə izah edə bilmərəm. Bəlkə də bunun  səbəbi qədim səyyahlar kimi bilik dalınca daha uzaqlara getməyin vacib olduğunu düşünməyim,  ölkəmizdə getdikcə artan, yayılan innovasiyalarda güclü, vacib mütəxəssis kimi özümü görmək istəyim, ölkə rəhbərliyinin təhsillə bağlı gənclərə ünvanlanmış çağırışlarıdır.  Yəqin ki,  belə bir vacib qərara gəlməyimdə bunların hamısının rolu olmuşdur.  Əlbəttə ki, ixtisas seçimimdə valideynlərimin də dəstəyi olmuşdur. Düşünürəm ki, seçim prosesini uğurla keçə bilmiş bir tələbə kimi bu prosesin tam obyektiv olduğunu deyə bilərəm.

- Kanadadan baxdıqda  təhsilimizdə gedən prosesləri necə görürsünüz?

- Əlbəttə ki, uzaq Kanadadan Azərbaycan təhsilinin gələcək perspektivləri, mütləq baş verməli olan inkişaf prosesinin konturları daha aydın sezilir. Sevindirici haldır ki, təhsil sistemində müsbət istiqamətdə atılan addımlarla bərabər müsbət tendensiyaların güclənməsi  də açıq-aşkar görünür. Yeni təhsil  nazirimiz Mikayıl Cabbarovun novator addımları,  səyləri, ümid edirəm ki, öz nəticəsini göstərəcəkdir. Əminəm ki, təhsilimiz düz yolda, düz əllərdədir. Təvazökarlıqdan uzaq da olsa, əminəm ki, xaricdə təhsil almış tələbələr də bu prosesdə öz həlledici sözünü deyəcəklər.

- Tələbə həyatınız necə keçir?

- Tələbə həyatım öz axarı ilə davam edir.  Öz maraqları ilə, çətinlikləri,  ümidləri ilə. Əlbəttə ki, evdən bu qədər uzaqda tək həyata alışmaq çətindir. Yeni, tamamilə yad təhsil sisteminə, qaydalara öyrəşmək elə də asan deyil. Xüsusilə, iqlimi ilə Azərbaycandan çox seçilən belə uzaq ölkədə məişətin öz çətinlikləri var. Amma səni əhatə edən insanların gülərüzlüyü, hər zaman kömək etməyə çalışması çətinlikləri aşmağa çox kömək edir. Kanada əhalisi içərisində gəlmələrin çox olmasını da nəzərə alsaq, onların uzaq ölkələrdən yeni gələn tələbələrin məişət və təhsil problemlərinə xüsusi həssaslıqla yanaşmasının səbəbləri başa düşüləndir. Seçdiyim ixtisasın çətinliyini nəzərə alsaq, asudə vaxtım bir o qədər də çox olmur. Amma buna baxmayaraq bəzən şəhəri gəzməyə, idman zalına getməyə, musiqiyə qulaq asmağa vaxt tapıram.

- Oxuduğunuz ali məktəb, seçdiyiniz ixtisas barədə.

- Vaterloo Universiteti Kanadanın ən iri universitetlərindən biri,  qabaqcıl təhsil və tədqiqat mərkəzidir.  Burada 35 min tələbə təhsil alır. Universitetə 62 tədqiqat kafedrası, 6 fakültə, 10  elmi məktəb daxildir. Vaterloo Universiteti dünyanın ən yüksək reytinqli Massachusets İnstitute of Technology (MIT) ilə birbaşa rəqabət aparır. Vaterloo Universitetində dünyanın ən böyük Co-op proqramı adlanan təlim forması var ki, bu da tələbələrə bir semestr oxumaq, bir semestr işləmək və s. imkanı verir.  Bu proqram bir tərəfdən təhsil müddətini artırsa da, digər tərəfdən diplom alanadək tələbənin artıq təcrübəli bir mütəxəssis kimi yetişməsinə imkan yaradır.

Mən Vaterloo Universitetinin riyaziyyat fakültəsinin kompüter elmləri proqramında oxuyuram. Seçdiyim ixtisas çox perspektivli bir ixtisasdır. Bizim universitet kompüter elmləri və mühəndisliyi üzrə dünya universitetlərinin reytinqində 50  ən yaxşı universitet arasında 20-ci yeri tutur. Kompüter elmləri hesablama texnikası, proqramlaşdırma, informasiya sistemləri və texnologiyaları sahəsində işləyən mütəxəssislərin istifadə etdiyi nəzəri və praktik biliklərin əsasını təşkil edir.

- Universitetdə imtahan sessiyası necə təşkil olunur?

- Universitetdə faiz sistemi tətbiq olunur.  Hər ev tapşırığı və imtahan qiymətlərinin orta qiyməti çıxarılır və onun əsasında kursun yekun qiyməti müəyyənləşdirilir. Yəni aldığın qiymət son nəticəyə mütləq təsir edir. Əgər orta qiymət 80%-dən yuxarı olarsa, növbəti semestrdə əlavə kurs (fənn) də götürmək olar.

- Kanada təhsil sistemində hansı fərqli məqamı qeyd edə bilərsiniz?

- Burada təhsil prosesi Azərbaycanın təhsil sistemindən fərqlidir. Kanadada keçəcəyi fənləri və fənn müəllimlərini tələbə özü seçir. Dərs cədvəlinin saatlarını  belə  tələbə özünün istədiyi kimi qura bilər. Yetər ki, semestr ərzində tələb olunan minimum saatlar seçilmiş olsun.

- Xaricdə təhsil sizin dünyagörüşünüzə necə təsir etdi?

- Yüksək səviyyədə yetişmiş hər bir kadr Azərbaycanın gələcək iqtisadiyyatının bir əsgəridir. Tam hazırlıqlı əsgəri.  "Çox gəzən çox bilər" deyib babalarımız. Dünyagörüşünün formalaşmasında rol oynayan hər bir naxış, xaricdə görülüb-götürülmüş hər bir müsbət element gələcək Azərbaycan insanının, yeni, sivil insanın yetişməsində çox əhəmiyyətlidir.

- Bir neçə kəlmə seçdiyiniz ixtisasın ölkəmizə verə biləcəyi dividendlər barədə.

- İnformasiya texnologiyalarının insan və cəmiyyət həyatına bu qədər çox nüfuz etdiyi bir zamanda bu ixtisasın və bu ixtisas üzrə formalaşacaq kadrların ölkə üçün nə qədər əhəmiyyətli olacağını kəmiyyətlə, rəqəmlərlə təsvir etmək çox çətindir. Bircə onu əminliklə demək olar ki, informasiya texnologiyaları olmadan bu gün və gələcək artıq mümkün deyil. Bunu ölkə rəhbərliyi də dəfələrlə öz çıxışlarında vurğulamışdır. Bu sahəyə ölkə rəhbərliyi tərəfindən olan xüsusi həssaslıq və diqqət də bu perspektivin nə qədər yaxın olduğunun isbatıdır.

- Azərbaycanı uzaq ölkədə təbliğ edə bilirsinizmi?

- Diasporanın tədbirlərinə qoşulmağa çalışıram. Nəzərə alsaq ki, oxuduğum proqramın dərs cədvəli, gündəlik rejimi asudə vaxt anlayışını minimuma endirir, ona görə bu tədbirlərə qoşulmaq bəzən xüsusi fədakarlıq tələb edir. Bizim universitetdə Azərbaycanlı Tələbələrin Assosiasiyası (AzSA) fəaliyyət göstərir. Bu il mən AzSA-nın vitse-prezidenti seçilmişəm. Mən də öz növbəmdə kanadalıları (müəllim və tələbələri) Azərbaycanla daha da yaxından tanış etmək məqsədilə təşkilatın keçirdiyi tədbirlərə dəvət edirəm.

 Ölkəmizin tanıdılması, onun uğurları ilə yanaşı ən ağrılı problemi olan Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin səbəbləri barədə məlumatların müxtəlif tədbirlərdə əcnəbi vətəndaşlara çatdırılması prosesi kəsilməz olaraq davam edir və xaricdə oxuyan, yaşayan, işləyən hər bir azərbaycanlı bu işə töhfəsini verməyə çalışır. Azərbaycanlılar müxtəlif səviyyələrdə, müxtəlif tələbə təşkilatlarında təmsil olunur, kifayət qədər uğurlu fəaliyyət göstərirlər. Düşünürəm ki, qazanılmış nəticələrlə kifayətlənmək olmaz, təbliğat sahəsində, ölkəmizi müsbət mənada tanıtmaq sahəsində daim yeni yollar, daha güclü və effektiv vasitələr axtarılmalı və sınanmalıdır.  AzSA-nın vitse-prezidenti olaraq  çalışıram ki, qarşıma çıxan insanlara Azərbaycan haqqında qısa da olsa məlumat çatdıra bilim, Azərbaycanın mədəniyyəti, tarixi, qazandığı nailiyyətlər barədə danışım.

- Gələcək planlarınız?

- Universiteti uğurla bitirmək, təhsildə irəli, irəli və irəli addımlamaq. Dayanmadan, yorulmadan, ümidləri itirmədən. Dövlətin dəstəyindən tam istifadə edərək mütəxəssisə çevrilmək. Ölkəmizə xeyir verməyi bacarmaq.

 
 
 
Səhifənin başına qalx "Müsahibələr" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov