Ümumtəhsil müəssisələrinin 11-ci sinfində təhsil alan
şagirdlərin biliyinin yekun qiymətləndirilməsi
(buraxılış) imtahanında müəyyən dəyişiklik edilmişdir.
Belə ki, 2015-ci ildən buraxılış imtahanında XI sinif
şagirdlərinin biliyi 2 deyil 3 fəndən yoxlanılacaqdır.
Bütün şagirdlər ana dili, riyaziyyat və xarici dil
fənlərindən imtahan verəcəklər. Xarici dil fənninin
tədris olunmadığı məktəblərin məzunları isə kimya
fənnindən imtahan verəcəklər. Hər fənn üzrə şagirdlərə
30 test tapşırığı təqdim olunacaqdır.
Ali və tam orta təhsil bazasında (11 illik) orta ixtisas
təhsili müəssisələrinə qəbul qaydalarında müəyyən
dəyişikliklər edilmişdir. Belə ki, 2015-ci ildən
etibarən 11-ci sinfi bitirən məzunların ali təhsil
müəssisələrinin III və IV ixtisas qruplarının xüsusi
qabiliyyət tələb edən ixtisaslarına və tam orta təhsil
bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə
(kolleclərə) qəbulu buraxılış imtahanlarının
nəticələrinə əsasən aparılacaqdır.
Bu haqda daha ətraflı məlumat "Abituriyent" jurnalının
2015-ci il 1-ci sayında təqdim olunacaq.
TQDK-da fəaliyyət göstərən elmi-metodiki seminarlarda
dəfələrlə açıq tipli test tapşırıqlarının sayının
artırılması təklifləri səslənmişdir. Bunları nəzərə
alaraq, 2015-ci ilin qəbul imtahanlarında uyğunluğu
müəyyən etmək tapşırıqlarının sayının 1 ədəd azaldılması
və hər ixtisas qrupunda üçüncü bir fəndən açıq tipli
test tapşırıqlarının istifadəsi planlaşdırılır.
Qəbul imtahanlarında 2015-ci ildə hər ixtisas qrupunda
üç fənn üzrə hər birində 4 ədəd açıq tipli test
tapşırığının istifadəsi nəzərdə tutulur. Belə ki, I
ixtisas qrupunda riyaziyyat, fizika və kimya; II ixtisas
qrupunda riyaziyyat, coğrafiya və ana dili; III ixtisas
qrupunda riyaziyyat, tarix və ana dili; IV ixtisas
qrupunda isə riyaziyyat, kimya və biologiya fənlərindən
açıq tipli test tapşırıqları təqdim olunacaq. Bununla
yanaşı, qeyd etmək lazımdır ki, imtahanın məzmunu ilə
bağlı tətbiq edilən bu yenilik test bloklarının
mürəkkəblik dərəcəsinə təsir etməyəcək.
Sual kitabçaları formalaşdırılarkən son illərdə olduğu
kimi, test tapşırıqlarının mürəkkəblik dərəcəsinə görə
sayları dəyişməyəcəkdir. Qeyd edək ki, bu yeniliklə
bağlı "Abituriyent" jurnalının 1-ci sayında model
testlər dərc olunacaqdır.
www.tqdk.gov.az
|