Yanvarın 15-də Təhsil Problemləri İnstitutunda
keçirilən iclasda Təhsilin inkişafı üzrə Dövlət
Strategiyasının tələbləri baxımından 2015-ci ildə
elmi-tədqiqat işlərinin başlıca istiqamətləri və
hazırlanacaq "Təhsilin inkişafı üzrə Dövlət
Strategiyası: perspektivlər, vəzifələr" kitabının
mündəricatı müzakirə olunub. İnstitutun direktoru,
hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov müasir dövrdə
təhsil sisteminin başlıca vəzifələri barədə danışaraq
bildirib ki, Dövlət Strategiyasında insan kapitalını
inkişaf etdirmək və Azərbaycan Respublikasının
beynəlxalq rəqabət qabiliyyətini yüksəltmək, yüksək
keyfiyyətli vətəndaş və şəxsiyyət yetişdirmək, müasir
təfəkkürlü və rəqabət qabiliyyətli kadrlar hazırlamaq,
təhsilalanları ictimai həyata və səmərəli əmək
fəaliyyətinə hazırlamaq üçün səriştəli təhsilverənlərə
və ən yeni texnologiyalara əsaslanan, infrastruktura
malik olan, keyfiyyət nəticələrinə və əhatəliliyinə görə
dünya ölkələri sırasında qabaqcıl mövqe tutan təhsil
sisteminin yaradılması hədəfə alınıb. Bütün bunların
həyata keçirilməsi işində institutun üzərinə böyük
məsuliyyət düşdüyünü deyən Q.Novruzov bununla bağlı
böyük tədqiqatların aparılmasının zəruri olduğunu
vurğulayıb.
İnstitutun direktor müavini, pedaqoji elmlər üzrə
fəlsəfə doktoru Ənvər Abbasov iclasda təhsilin inkişafı
üzrə Dövlət Strategiyasının tələbləri baxımından 2015-ci
ildə elmi-tədqiqat işlərinin başlıca istiqamətləri
mövzusunda təqdimatla çıxış edib. Çıxışda Təhsil
Problemləri İnstitutunda reallaşdırılacaq Dövlət
Strategiyasından irəli gələn tədqiqat istiqamətləri
açıqlanıb. Ənvər Abbasov təqdimatında səriştəyə
əsaslanan şəxsiyyətyönümlü məzmunun yaradılması, yüksək
nüfuzlu təhsilverənlərin formalaşması, yeni idarəetmə
sisteminin, yeni infrastrukturun, yeni maliyyələşdirmə
mexanizmlərinin yaradılması və s. məsələlər üzrə
pedaqoji problemləri əks etdirən istiqamətlərdən
danışıb. Çıxışda habelə pedaqoji problemləri əks etdirən
istiqamətlər üzrə mövzular açıqlanıb. Sonra Ənvər
Abbasov "Təhsilin inkişafı üzrə Dövlət Strategiyası:
perspektivlər, vəzifələr" kitabının mündəricatı barədə
məlumat verib. Hazırlanacaq kitabın mündəricatı
ətrafında fikir mübadiləsi aparılıb.
İclasda Təhsil Problemləri İnstitutunun direktor
müavinləri, elmi məsləhətçilər, şöbə müdirləri iştirak
ediblər.
TPİ-nin Beynəlxalq əməkdaşlıq və informasiya şöbəsi |