Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

17 Yanvar 2015 - №02

 

Təhsil müəssisələrində şəhidlərin xatirəsi yad edilib

 

Böyütmək üçün seçinYanvarın 15-də Azərbaycan Müəllimlər İnstitutunda (AMİ) 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş anım tədbiri  keçirilib. Tədbirdə  AMİ-nin rəhbərliyi, əlavə təhsil qurumlarının nümayəndələri, institutda ixtisasartırma təhsilində olan dinləyicilər iştirak ediblər.

Tədbir iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

İnstitutun rektoru, Milli Məclisin deputatı, professor Aqiyə  Naxçıvanlı tədbiri giriş sözü ilə açaraq  20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar Azərbaycan xalqının və dövlətinin gördüyü tədbirlərdən danışıb.

Sonra ümummilli lider Heydər Əliyevin 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyindəki tarixi çıxışının videolentinə və şəhidlərin xatirəsinə həsr olunmuş 20 Yanvar günlərini yada salan video-slayda baxılıb.

İxtisasartırma və yenidənhazırlanma fakültəsinin dekanı, dosent Əsabəli Quliyev 20 Yanvar faciəsi haqqında məruzə ilə çıxış edib.

Tədbirdə bölgələrdən gələn dinləyicilər çıxış edərək faciənin dəhşətlərindən söz açıblar.

Tədbiri institutun əlavə təhsil üzrə prorektoru Rahim Əzizov yekunlaşdıraraq belə tədbirlərin ardıcıl təşkil olunmasının zəruriliyini vurğulayıb.

***

Yanvarın 15-də AMİ-nin Qazax filialının Heydər Əliyev auditoriyasında  20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr edilmiş anım tədbiri keçirildi. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükütla yad edildi. Tədbiri açan filialın direktoru, dosent Afaq Qasımova 20 Yanvar faciəsi şəhidlərinin keçdikləri ömür yolundan və onların Azərbaycanın müstəqilliyi uğrunda mübarizəsindən danışdı. Sonra 20 Yanvar faciəsi ilə əlaqədar olaraq slayd təqdim edildi. Tələbələrdən Cavid Cavadov,  Şəfa Namazova, Səkinə Əliyeva, Sənəm Namazova çıxış etdilər.

***

Təhsil Nazirliyinin 20 Yanvar faciəsinin 25 illiyi ilə əlaqədar Tədbirlər Planına uyğun olaraq 18 nömrəli Bakı Peşə Liseyində silsilə tədbirlər həyata keçirilmişdir. Bütün tədris qruplarında birinci dərslər faciənin tarixinə, erməni faşizminin törətdiyi əməllərə, şəhidlərin əziz xatirəsinə həsr olunmuşdur. Tələbələr tərəfindən hazırlanmış 20 Yanvar hadisələrinin əsl mahiyyətini özündə əks etdirən guşəyə baxış keçirilmiş, guşə önünə tər-çiçək dəstələri qoyulmuşdur. Tələbələrin ədəbi-bədii kompozisiyası nümayiş etdirilmiş, yanvar hadisələri barədə videoçarxa, "20 Yanvar gənclərin gözü ilə" mövzusunda çəkilmiş şəkillərə, eləcə də kompüter qruplarında təhsilalanların tərtib etdikləri slaydlara baxış keçirilmişdir. Tədbirlərə valideynlər və ictimaiyyətin nümayəndələri də qatılmışlar. Liseyin Tələbə parlamenti, "Gənc mütəxəssislər birliyi" və "Valideyn - müəllim Birliyi"nin birgə təşkil etdikləri toplantıda faciənin əsl mahiyyəti, torpaqlarımızın erməni işğalına məruz qalması, şəhidlərimizin heç vaxt unudulmayacağı, vətəni qorumağa daim hazırıq kimi mövzularda məruzələr dinlənilmiş, təhsilalanlara və qonaqlara faciəni özündə əks etdirən müvafiq materiallar toplusu təqdim olunmuşdur.

Yanvarın 19-da liseyin tələbələri, əməkdaşları və valideynlər Şəhidlər xiyabanına - şəhidlərimizin ziyarətinə gedəcəklər.

***

Bakıdakı 314  nömrəli tam orta məktəbin akt zalında "Qəhrəman doğulmurlar, qəhrəman olurlar" mövzusunda ədəbi-bədii gecə keçirilib.  20 Yanvar faciəsinin iyirmi beşinci ildönümü ilə bağlı keçirilən mərasim Azərbaycanın Dövlət himninin tədbir iştirakçıları tərəfindən ifa olunması ilə başlayıb. Sonra 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Gecəni məktəbin direktoru Vidadi Daşdəmirov giriş sözü ilə açaraq  20 Yanvar hadisələrinin xalqımızın qəhrəmanlıq tarixinə  çevrildiyini qeyd edib. Bildirib ki, o hadisələr hələ də gözümüzün önündədir. Yanvarın 19-dan 20-nə keçən  gecə günahsız insanlar amansızcasına qətlə yetirildi, yüzlərlə vətəndaş itkin düşdü.  Xalqımıza böyük zərbə vuruldu. Lakin xalq əyilmədi, azğınlaşmış sovet qoşunlarının qarşısında  mübarizliyini, qəhrəmanlığını bir daha nümayiş etdirdi. Qeyd olunub ki, həmin gün Azərbaycan xalqına qarşı həyata keçirilən vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Nəsillər dəyişəcək, lakin Vətən oğullarının xatirəsi ürəklərdə əbədi yaşayacaqdır. 

Gecənin aparıcıları 1990-cı il 20 Yanvar faciəsini sovet imperiyasının törətdiyi cinayət aksiyası, xalqın milli azadlıq hərəkatını boğmağa yönəlmiş məkrli siyasətin acı nəticəsi olduğunu qeyd ediblər. Şagirdlər ümummilli lider Heydər Əliyevin bu faciənin  dünya ictimaiyyətinə çatdırılması istiqamətində gördüyü işlərdən danışıblar. Vurğulanıb ki, məhz  ulu öndərin  təşəbbüsü ilə ilk dəfə bu hadisəyə hüquqi-siyasi qiymət verildi, şəhidlərin xatirəsi əbədiləşdirildi.

Çıxış edənlər 20 Yanvar faciəsinin səbəb və nəticələri haqqında ətraflı məlumat veriblər. Bildiriblər ki, Moskva 20 Yanvar qırğını ilə Azərbaycan xalqının iradəsini qırmaq, azadlıqsevərliyinə görə ona cəza vermək niyyətində olsa da, bunu bacara bilmədi.

Sonra 20 Yanvar faciəsini özündə əks etdirən şagirdlərin hazırladıqları səhnələr göstərilib. Gecə Üzeyir Hacıbəylinin "Koroğlu" operasının uvertürasının sədaları altında "Qan Yaddaşımız" adlı filmin nümayişi ilə başa çatıb.

***

Xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazılan 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar Gəncədə  silsilə tədbirlər keçirilir.

Elə şəhər 17 nömrəli orta məktəbin şagirdləri üçün Şəhidlər xiyabanında  keçirilən "açıq dərs"  buna əyani sübutdur.

Əvvəlcə müəllim və şagirdlər  azadlığımız uğrunda canlarından keçən şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edərək "Şəhidlər abidəsi"nin önünə gül dəstələri düzüblər.

Sonra "açıq dərs"də çıxış edən müəllimlər 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun xüsusi təyinatlı bölmələrinin Bakıda törətdikləri vəhşiliklər barədə ətraflı danışıblar.

Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.

***

Yanvarın 13-də Kürdəmir Peşə Liseyində pedaqoji kollektivin və şagirdlərin iştirakı ilə 20 Yanvar faciəsinin iyirmi beşinci ildönümünə həsr olunmuş  tədbir keçirilib.

Tədbirdə çıxış edənlər 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşun birləşmələrinin Bakıya hücum etməsi, milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması barədə danışıblar. Qeyd edilib ki, 20 Yanvar günü Azərbaycan xalqının yaddaşında qanlı bir səhifə kimi qalmaqla bərabər, həm də qürur günü kimi daxil olub. Qanlı Yanvar hadisələrinə yalnız ümummilli lider Heydər Əliyev tərəfindən siyasi-hüquqi qiymət verilib, faciənin günahkarlarının adları açıq şəkildə bəyan edilib.

Sonra tədbir iştirakçıları Kürdəmir şəhərindəki "20 Yanvar" parkına gələrək faciə qurbanlarının xatirəsinə ucaldılmış abidə önünə tər-çiçək dəstələri düzüblər.

Həmin gün Olimpiya İdman Kompleksində Kürdəmir Peşə Liseyinin şagirdləri arasında idmanın futzal növü üzrə yarışın final oyunu keçirilib.

Qaliblərə  lisey  rəhbərliyi tərəfindən kubok və qiymətli hədiyyələr təqdim edilib.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov