Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

17 Yanvar 2015 - №02

 

Sumqayıtda mütaliə ilə bağlı tədbir keçirilib

 

Böyütmək üçün seçinYanvarın 16-da Təhsil Nazirliyinin "Mütaliə mədəniyyətinin və oxuya motivasiyanın yüksəldilməsi" layihəsi çərçivəsində Sumqayıt şəhər N.Gəncəvi adına Texniki və təbiət elmləri liseyində tədbir keçirilib.

Tədbirdə Təhsil Nazirliyinin rəsmiləri, Milli Məclisin üzvləri, Sumqayıt Şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, Azərbaycan Yazıçılar Birliyinin (AYB) nümayəndələri, yazıçılar, təhsil ekspertləri, məktəb direktorları iştirak ediblər.

Qonaqlar əvvəlcə ayrı-ayrı sinif otaqlarında 6-9 və 10-13 yaşlı şagirdlərin ucadan oxu bacarıqları ilə tanış olublar. Liseyin şagirdləri ayrı-ayrı yaş qrupları arasında yaradılan "oxu klubları"nın təqdimatını keçiriblər. Daha sonra tədbir akt zalında davam etdirilib.

AYB-nin sədri Anar məktəblilərə oxuduqları əsərləri müstəqil şəkildə təhlil etmək vərdişlərinə yiyələnməyi tövsiyə edib. O, məktəblilərin kiçik yaşlarından mütaliəyə həvəs göstərməsini müsbət qiymətləndirdiyini vurğulayıb.

Təhsil nazirinin müşaviri Ağababa İbrahimov şagirdləri oxuduqları əsərlərdən müsbət nümunə götürməyə çağırıb. Onun fikrincə, müəllimlər və valideynlər uşaqları xeyirxahlıq, vətənpərvərlik, eyni zamanda yüksək insani dəyərlər aşılayan əsərlər oxumağa istiqamətləndirməlidirlər.

Tədbirdə 14-17 yaşlılar klubunun üzvləri B.Vahabzadənin "Şəhidlər" poemasını səhnələşdirilmiş formada səsləndiriblər. VII sinif şagirdlərindən ibarət klub üzvləri isə A.Şaiqin "Xasay" əsərini müzakirə ediblər. Qonaqlar məktəblilərin Andersonun "Nağıllar aləminə səyahət" əsərinin Azərbaycan dilində, Şekspirin "Kral Lir" əsərinin isə ingilis dilində müzakirələrini maraqla izləyiblər.

"Mütaliə mədəniyyətinin və oxuya motivasiyanın yüksəldilməsi" layihəsinin əsas məqsədi təhsil müəssisələrində mütaliə edən icmanın yaradılması vasitəsilə şagirdlərdə oxuya marağın artırılması, məktəblilərin bədii ədəbiyyat, sənədli əsər və digər mətn növləri ilə tanışlığını təşviq etməkdir.

Layihə çərçivəsində şagirdlər və müəllimlər arasında oxunan ədəbiyyatın, müxtəlif mətn növlərinin müzakirə yolu ilə dəyərləndirilməsi, mübadiləsi, şagirdlərdə reflektiv oxu vərdişlərinin yaradılması nəzərdə tutulur. 

Rəşad ZİYADOV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov