Təhsil
Nazirliyi "Azərbaycan Respublikasında təhsilin inkişafı
üzrə Dövlət Strategiyası"nın əsas hədəflərindən biri
olan təhsil müəssisələrinin reytinq sisteminin
yaradılması məqsədi ilə yüzdən artıq hökumət və
qeyri-hökumət təşkilatlarının iştirakı ilə "İctimai
təşəbbüslərə dəstək" müsabiqəsi təşkil edib.
Azərbaycandan Kənarda Təhsil Almış Mütəxəssislər
Təşkilatı (AKTAM) "Azərbaycanda ali məktəblərin
reytinqinin müəyyən edilməsi" layihəsi ilə müsabiqənin
qalibi olaraq layihəni həyata keçirmək üçün dövlət
sifarişi alıb. Layihəyə əsasən ilk dəfə Azərbaycanın 30
ali məktəbinin çoxkriteriyalı, beynəlxalq standartlara
uyğun reytinq cədvəli hazırlanıb, ali məktəblərin
fəaliyyəti müqayisəli qiymətləndirilərək ölkə
ictimaiyyətinə çatdırılıb. Tədqiqat nəticəsində Naxçıvan
Dövlət Universiteti reytinq cədvəlində birinci yer
tutub, Naxçıvan Müəllimlər İnstitutu isə ilk onluqda yer
alıb.
Reytinq tədqiqatları 20 dövlət, 12 qeyri-dövlət ali
təhsil müəssisələri və Azərbaycan Müəllimlər
İnstitutunun 11 filialı arasında aparılib, hazırlanmış
forma qiymətləndirmək üçün 17 nazirlik və komitəyə, özəl
müəssisələrə göndərilib. Ali məktəblərin reytinq
tədqiqatları üçün götürülmüş kompleks fəaliyyətin
keyfiyyət göstəriciləri bir-birindən asılı olmayan 3
müstəqil kateqoriyadan ibarət olub. Naxçıvan Dövlət
Universiteti bu kateqoriyalardan ali məktəbin akademik
resursları üzrə 320, ali məktəbin daxildən müəllim və
tələbələr tərəfindən qiymətləndirilməsi üzrə 192, ali
məktəbin məzunlarının ölkə ictimaiyyəti, mərkəzi və
regional icra orqanları, müxtəlif kompaniyalar
tərəfindən qiymətləndirilməsi üzrə 287 bal toplayaraq
799 yekun balla birincilik əldə edib. "Azərbaycanda ali
məktəblərin reytinqinin müəyyən edilməsi" layihəsinin
rəhbəri, AKTAM təşkilatının sədri Natiq Əhmədov bununla
bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
cənab Vasif Talıbova məktubla müraciət edib.
Bu münasibətlə NDU-da keçirilən tədbirdə əvvəlcə
universitetin yarım əsrə yaxın tarixinə, keçdiyi inkişaf
yoluna nəzər salınıb, elm, tədris, beynəlxalq əlaqələr,
mədəniyyət, idman sahəsində qazandığı nailiyyətlər
barədə məlumat verilib. Qeyd olunub ki, Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyev bu ali təhsil
ocağının müqəddəratında, təşəkkülündə və inkişafında
mühüm rol oynayıb, dəfələrlə universitet kollektivi ilə
görüşərək tarixi çıxışlar edib, Naxçıvan Dövlət
Universitetini Azərbaycanın ən dəyərli, qabaqcıl ali
məktəblərindən biri kimi yüksək dəyərləndirib.
Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh
Məhərrəmov kollektivi təbrik edərək bu böyük uğuru
Azərbaycanda, o cümlədən Naxçıvanda elm və təhsilin
inkişafına göstərilən hərtərəfli dövlət qayğısının
bəhrəsi kimi dəyərləndirib.
Sonra AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl
Hacıyev çıxış edərək Naxçıvan Dövlət Universitetinin
bugünkü səviyyəyə çatmasında professor-müəllim
heyətinin, qocaman pedaqoqların danılmaz əməyindən,
universitetə müxtəlif dövrlərdə rəhbərlik edən
rektorların, xüsusilə on yeddi ildən artıq bu ali təhsil
müəssisəsinə rəhbərlik etmiş AMEA-nın vitse-prezidenti,
akademik İsa Həbibbəylinin, bu gün çoxillik ənənələri
layiqincə davam etdirən, universitetə uğurla rəhbərlik
edən AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi Saleh
Məhərrəmovun rolundan danışıb.
Naxçıvan Özəl Universitetinin rektoru, professor İsmayıl
Əliyev, Naxçıvan Müəllimlər İnstitutunun rektoru,
pedaqogika üzrə elmlər doktoru, professor Oruc Həsənli,
Naxçıvan Dövlət Universitetinin Azərbaycan tarixi
kafedrasını müdiri, AMEA-nın müxbir üzvü Zəhmət
Şahverdiyev çıxış ediblər.
Sonda universitetin teatr və mədəniyyətşünaslıq
kafedrasının tələbələri kollektivi bədii qiraətlə təbrik
ediblər. Tədbirdə Naxçıvan Dövlət Universitetinin
inkişaf yolunu əks etdirən slaydlar nümayiş olunub.
Mehriban SULTAN |