Bakı Slavyan Universitetində 19 ölkədən tələbələr
təhsil alır. Universitetə təhsil almağa gələnlərin
coğrafiyası ildən-ilə genişlənir. Əcnəbi tələbələr
hazırlıq, bakalavr, magistratura və doktorantura
pillələrində mövcud olan müxtəlif ixtisas və
fakültələrdə təhsil alır, habelə universitetin ictimai
həyatında fəal iştirak edirlər. Ötən illərdə olduğu
kimi, 2014-2015-ci tədris ilində də Əcnəbi tələbələrlə
iş üzrə dekanlığın nəzdində fəaliyyət göstərən Əcnəbi
tələbələrin şurası bir sıra tədbirlər keçirir,
tələbələri universitet tərəfindən keçirilən bütün
tədbirlərə cəlb edir.
BSU-da ənənəvi olaraq keçirilən Bir günlük Xəlifə -
tələbə özünüidarəetmə günündə əcnəbi tələbələrin
sırasından magistraturanın I kurs tələbəsi Said Ali
Hossin Əcnəbi tələbələrlə iş üzrə dekan vəzifəsinə
seçilib. Müxtəlif mədəniyyətlərin və dinlərin
nümayəndəsi olan əcnəbi tələbələrin Azərbaycan dilinə,
mədəniyyətinə, tarixinə, coğrafiyasına olan sonsuz
marağı universitetin təşkil etdiyi bütün tədbir və
layihələrdə hər zaman hiss olunur. Onların asudə
vaxtlarını səmərəli keçirmək, Azərbaycan haqqında
biliklərini artırmaq məqsədi ilə Bakının və ölkəmizin
regionlarının tarixi, görməli yerləri ilə tanışlıq üçün
mütəmadi olaraq ekskursiyalar, səyahətlər təşkil olunur
və səmərəli tədbirlər həyata keçirilir. Təsdiq olunmuş
tədbirlər planı çərçivəsində Əcnəbi tələbələrlə iş üzrə
dekanlıq və Əcnəbi tələbələrin Tələbə Şurasının
təşəbbüsü ilə BSU-da "Azərbaycan əcnəbi tələbələrin gözü
ilə" devizi altında fotosərgi keçirilir. Sərgidə
dünyanın 18 ölkəsindən 25 tələbə iştirak edir.
Fotosərgidə Bakının diqqət çəkən yerlərini - yenicə
istifadəyə verilmiş Qafqazın ən böyük məscidi olan
Heydər məscidi, İçərişəhər, Fəvvarələr meydanı,
Dənizkənarı Bulvar, Filarmoniya bağı və Azərbaycanın
milli mədəniyyətini, mətbəxini özündə əks etdirən 80-dək
foto təqdim olunub.
Sərgi açılan gündən universitetin müəllim və tələbə
heyətinin marağına səbəb olub. Layihə ölkə miqyasında
da maraqla qarşılanıb. Belə ki, sərgidəki fotolardan bir
neçəsi Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunda keçiriləcək eyni adlı sərgidə nümayiş
üçün bəyənilib.
Qeyd edək ki, Əcnəbi tələbələrin şurası yaxın gələcəkdə
"Sən tək deyilsən" adlı xeyriyyə tədbirinin və
"Azərbaycan əcnəbi tələbələrin gözü ilə" adlı inşa
müsabiqəsinin keçirilməsini planlaşdırır.
Şakir CƏFƏROV,
"Azərbaycan müəlimi" |