Gəncə Dövlət Universiteti "Mövlana" mübadilə proqramı
çərçivəsində 20-dən artıq Türkiyə universiteti ilə
müqavilə bağlamışdır. Həmin müqavilələrə uyğun olaraq
ötən ilin noyabr-dekabr aylarında universitetimizin
bir əməkdaşı Ankaranın Hacəttəpə Universitetində,
dörd nəfər əməkdaş Elazığda yerləşən Fırat
Universitetində təcrübə keçmişdir. Bir həftə ərzində
müəllimlər dərslərdə iştirak etmiş, həmçinin dərs
demişlər. Hazırda həmin proqram çərçivəsində iki nəfər
tələbə Hacəttəpə Universitetində, iki nəfər tələbə
Giresunda, Ardahan Universitetindən də bir nəfər tələbə
isə Gəncə Dövlət Universitetində təhsilini davam
etdirir.
ERASMUS-webb layihəsinə əsasən 10 nəfər bakalavr,
magistr və doktorant İtaliya, Fransa, Finlandiya və
Polşada təhsil almaqdadır. Onların beş nəfəri İtaliyanın
Ka-Foskari Universitetindədir. Ka-Foskari
Universitetində elmi işini davam etdirən doktorant
Gültəkin Allahverdiyeva Cənubi Qafqaz məsələlərini
araşdırır.
TEMPUS proqramı çərçivəsində üç qalib layihənin
iştirakçısı olan Gəncə Dövlət Universiteti həmin
layihələr əsasında işlərini gücləndirməkdədir. Ötən ilin
dekabr ayında layihə çərçivəsində Bakıda və Naxçıvanda
keçirilmiş treninqlərdə universitetimizin əməkdaşları da
iştirak etmişlər. ESVİDİP layihəsinin yekununda isə
Gəncə Dövlət Universitetində əlil tələbələr üçün qərb
regionunda ilk mərkəz açılacaqdır.
Fransadan olan Lusil Vitkov Azərbaycan Fransa İnstitutu
ilə müqavilə əsasında stajor qismində Gəncə Dövlət
Universitetinin fransız dili ixtisasında üç ay
müddətində dərs demişdir.
Universitet Avropanın ali məktəbləri və dünyanın digər
universitetləri ilə əlaqələrini durmadan
genişləndirməkdədir. Bu isə beynəlxalq əməkdaşlıq,
təhsil mübadiləsi, daha savadlı mütəxəssislərin
hazırlanması sahəsində öz bəhrəsini verir.
Maqbet ƏHMƏDOV,
GDU-nun Mətbuat xidmətinin rəhbəri |