Yanvarın
8-də Azərbaycan Dillər Universitetində Korrupsiyaya
Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq
Şəbəkəsinin koordinatoru Əliməmməd Nuriyev, Korrupsiyaya
Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov,
Korrupsiyaya Qarşı Mübarizə şəbəkəsinin üzvü Əhməd
Abbasbəyli, universitetdə yaradılan Operativ Qərargahın
üzvləri və valideynlərin iştirakı ilə imtahanların
gedişi izlənildi. Regionşünaslıq və beynəlxalq
münasibətlər fakültəsinin I və III kurslarında, eyni
zamanda pedaqoji fakültənin (ingilis dili və alman dili)
II kursunda keçirilən imtahanların izlənilməsi zamanı
ADU-nun tədris işləri üzrə prorektoru Vazeh Əsgərov
imtahanların obyektiv, düzgün və şəffaf keçirildiyini
deyərək bu prosesin izlənilməsində universitetin ictimai
təşkilatlar üçün açıq olduğunu bildirdi.
Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və
Əməkdaşlıq Şəbəkəsinin koordinatoru Əliməmməd Nuriyev
şəbəkənin fəaliyyət istiqamətləri haqqında tələbələrə
məlumat verdi. O, hər il universitetin rektoru,
professor Səməd Seyidovun dəvəti ilə universitetə
gəldiklərini və imtahanları izlədiklərini bildirdi.
İmtahan prosesində qayda pozuntusu yarandığı halda
onlara müraciət etməyin zəruriliyi önə çəkildi.
İmtahan sualları ilə maraqlanan Ə.Nuriyev aparılan
monitorinqlərin obyektivliyə xidmət etdiyini vurğuladı.
Tələbələr imtahanların yüksək səviyyədə keçdiyini, heç
bir qayda pozuntularının olmadığını və lazımi şərait
yaradıldığını bildirdilər.
İmtahanların gedişi izləndikdən sonra QHT nümayəndələri
pedaqoji (ingilis dili və alman dili) və regionşünaslıq
və beynəlxalq münasibətlər fakültələrində imtahan yazı
yoxlama otaqlarına baxış keçirdilər.
İctimaiyyətlə Əlaqələr Departamenti |