Yanvarın
14-də Təhsil Problemləri İnstitutunda Oracle Akademiyası
nümayəndəsinin Oracle və Java proqramlaşdırmaya dair
təqdimatı keçirilmişdir. İnstitutun direktoru, hüquq
üzrə fəlsəfə doktoru Qulu Novruzov görüş iştirakçılarını
salamlayaraq respublikamızda XXI əsrin başlanğıcından
Azərbaycan təhsil sisteminin yenidən qurulması,
modernləşdirilməsi və bu işlərin pedaqoji
innovasiyalardan istifadə olunmaqla yerinə
yetirilməsinin prioritet problem hesab olduğunu
vurğuladı. O bildridi ki, həmin problemlərin həll
olunması üçün yeni pedaqoji araşdırmalara, ən mühüm
olanı isə müasir informasiya-kommunikasiya
texnologiyalarının köməyindən istifadə etməyə ehtiyac
var. Qeyd edildi ki, məktəblərdə İKT-nin təhsildə
tətbiqi və inteqrasiyası Azərbaycanın gələcək
vətəndaşlarının müasir biliklərə və bacarıqlara malik
olan yeni nəslinin formalaşmasına birbaşa təsir edən
yüksək mahiyyətli məsələdir.
Təqdimatla çıxış edən Oracle Akademiyasının proqramlarla
işin inkişafı üzrə nümayəndəsi Sinem Kaya institutun
direktoru Qulu Novruzova təşkil olunmuş görüşə görə
təşəkkürünü bildirdi. Sinem Kaya görüş iştirakçılarına
Oracle Akademiyası barədə ümumi məlumat verdi. Çıxışında
Türkiyədə mövcud olan Oracle Akademiyası saytındakı
kurslardan keçən müəllimlər və İT mütəxəssislərinin
fəaliyyətində olan dönüşlərdən danışdı. Bildirdi ki,
hazırda xarici ölkələrlə yanaşı Azərbaycandan da artıq
bu saytdakı kurslardan keçmiş və beynəlxalq dərəcəli
sertifikat əldə etmiş nümayəndələr var. Oracle
verilənlər bazası bir əlaqəli verilənlər bazası
idarəetmə sistemidir. Bununla yanaşı, Java və Oracle
proqramlaşdırmanın üstünlüklərindən də söhbət açıldı.
Verilənlər bazasında məlumatları sorğulamaq, nizamlamaq,
dəyişmək, silmək, idarə etmək və ya lazım olduqda
hansısa bir veriləni (məlumatı) əldə etmək üçün istifadə
olunan bir dil - SQL (Strukturlaşdırılmış Sorğu Dili)
barəsində də danışıldı. Oracle Akademiyasının tədris
yönümlü tərəflərini açıqlayan Sinem Kaya məktəblilər
üçün Alise və Greenfoot proqramı barəsində də məlumat
verdi. Qonaq Java ilə obyekt yönlü proqramlaşdırmanın
əsaslarının əhəmiyyətindən bəhs edərkən müasir tələblərə
cavab verə biləcək müəllimlərin hazırlığına da xüsusi
diqqət yetirdiklərini və ayrıca müəllimlərə həmin
proqrama dair kursların keçirildiyini bildirdi. Bu
kurslara Azərbaycanın ali təhsil müəssisələrində
çalışanların da qatıldığı vurğulandı.
Təqdimatın sonunda maraqlı diskussiyalar və müzakirələr
oldu. İştirakçılardan bəziləri orta məktəblərdə
informatika fənninin tədrisində keçirilən
proqramlaşdırma dili mövzusunda Oracle və Java
proqramlaşdırma dilinin də əlavə edilməsi məsələsinə
baxılması təklifini bildirdilər. İştirakçılar mövzu ilə
bağlı rəy və təkliflərini verdilər.
Tədbirdə Təhsil Nazirliyinin nümayəndəsi, Təhsil
Problemləri İnstitutunun direktor müavinləri, şöbə
müdirləri, institutun əməkdaşları, orta məktəb
direktorları, informatika müəllimləri, İT mütəxəssisləri
iştirak edirdilər.
Tədbirin sonunda işçi qrupunun üzvləri mövcud
informatika fənn kurikulumuna bir daha nəzər yetirmələri
və gələcəkdə məzmuna dair ediləcək əlavə və
dəyişikliklərlə bağlı müzakirələri davam etdirdilər.
TPİ-nin Beynəlxalq əməkdaşlıq və informasiya şöbəsi
|