Yanvarın
15-də Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən
ümumi təhsil müəssisələrinin şagirdləri arasında təşkil
olunmuş məktəblilərarası I fənn müsabiqəsi qaliblərinin
mükafatlandırılması mərasimi keçirilib.
Tədbirdə Təhsil Nazirliyinin, Səbail və Xətai rayon icra
hakimiyyətlərinin rəsmiləri, Milli Məclisin üzvləri,
məktəb direktorları, təhsil ekspertləri iştirak ediblər.
Mərasimdə çıxış edən təhsil nazirinin müavini Ceyhun
Bayramov "Azərbaycan Respublikasında təhsilin inkişafı
üzrə Dövlət Strategiyası"nın istedadlı uşaqların müəyyən
edilməsi və onların inkişafına yönəlmiş bir sıra mühüm
hədəfləri özündə əks etdirdiyini vurğulayıb. İstedadlı
uşaqların aşkara çıxarılmasında isə olimpiadalar və fənn
müsabiqələri müstəsna əhəmiyyətə malikdir. Bunu nəzərə
alaraq, Respublika fənn olimpiadalarının final mərhələsi
Təhsil Nazirliyinin xüsusi nəzarəti altında şəffaflıq və
aşkarlıq prinsipləri əsasında keçirilib. Eyni zamanda
nəticələr ciddi təhlil edilib və araşdırılıb. Ceyhun
Bayramov bildirib ki, təhlillər bir sıra istiqamətlərdə,
xüsusilə təbiət elmləri sahəsində bəzi təkmilləşdirmələr
və yeniliklərə ehtiyac olduğunu üzə çıxarıb.
Nazir müavini ümumilikdə, müsabiqələrin istedadlı
şagirdləri aşağı siniflərdə müəyyənləşdirməyə kömək
etdiyini deyib. İstedadlı şagirdlərlə işin düzgün
qurulması üçün məktəblərə zəruri dəstəyin göstərilməsi
isə 2015-ci ildə nazirliyin fəaliyyətinin əsas
istiqamətlərindən biri olacaq.
Milli Məclisin üzvü Fuad Muradov şagirdlərin
biliklərinin artırılmasında müsabiqələrin,
olimpiadaların keçirilməsinin böyük əhəmiyyəti olduğunu
vurğulayıb. Millət vəkilinin fikrincə, belə bilik
yarışları şagirdlərin beynəlxalq səviyyədə keçirilən
olimpiadalarda yüksək səviyyədə iştirakına zəmin
yaradır.
Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları
şöbəsinin müdir müavini Emin Əmrullayev fənn müsabiqəsi
barədə məlumat verib. E.Əmrullayev qeyd edib ki,
müsabiqə riyaziyyat və təbiət elmləri (kimya, biologiya,
fizika) olmaqla, iki istiqamətdə aparılıb. Məktəblər
müsabiqədə riyaziyyat fənni üzrə VI, VII və VIII, təbiət
elmləri üzrə isə VII, VIII və IX siniflərin hər birindən
3 nəfər olmaqla, 9 nəfərlik komandalarla təmsil olunub.
Üç mərhələdə aparılan bilik yarışında 600-ə yaxın şagird
iştirak edib.
Müsabiqənin keçirilməsində məqsəd şagirdlərin müxtəlif
fənlərə olan marağının artırılması, onlara bilik və
bacarıqlarını nümayiş etdirmək üçün şəraitin
yaradılması, məktəblilər arasında sağlam rəqabət
hissinin formalaşdırılması və istedadlı şagirdlərin üzə
çıxarılmasıdır.
Emin Əmrullayev riyaziyyat və informatika fənləri üzrə
olimpiadalara hazırlaşanlar üçün xüsusi tərcümə olunaraq
çap edilmiş vəsaitləri də təqdim edib. Bu vəsaitlərdən
biri riyaziyyat fənni üzrə keçirilmiş respublika fənn
olimpiadalarında müxtəlif illərdə istifadə olunmuş
məsələlər və onların həlli, o cümlədən beynəlxalq
riyaziyyat olimpiadası məsələlərinin Azərbaycan dilində
tərcüməsindən ibarət kitabdır. Bundan əlavə, aşağı sinif
şagirdləri üçün qeyri-standart riyazi məsələləri özündə
əks etdirən beynəlxalq "Kenquru" müsabiqəsinin sualları
da Azərbaycan dilinə tərcümə olunaraq ayrıca vəsait kimi
buraxılıb. Üçüncü kitab informatika olimpiadaları ilə
bağlıdır.
Mərasimdə fərdi qaydada riyaziyyat, kimya, fizika və
biologiya fənləri üzrə I, II və III yeri tutan
şagirdlərə diplom və medallar təqdim olunub. Hər fənn
üzrə ilk onluqda olan şagirdlər isə hədiyyələrlə
mükafatlandırılıb. Komanda hesabında riyaziyyat və
təbiət elmləri üzrə I, II və III yeri tutan ümumi təhsil
müəssisələrinə kubok verilib.
www.edu.gov.az |