Ölkə
Prezidenti açılış mərasimində iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 13-də Sumqayıtda Gənclər Evinin açılışında
iştirak edib.
Son dövrlərdə digər sahələrdə olduğu kimi, gənclər
siyasəti istiqamətində də çox mühüm nailiyyətlər əldə
edilib. Bütün bu uğurlar ölkəmizdə gənclər siyasətinin
formalaşdırılması üçün həyata keçirilən ardıcıl
tədbirlərin nəticəsidir. Bu sahənin inkişafı da
ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ölkədə
həyata keçirilən gənclər siyasəti 2003-cü ildən
başlayaraq uğurlu nəticələrlə yadda qalıb. 2005-2009-cu
illəri əhatə edən Azərbaycan Gəncliyi Dövlət Proqramı bu
məsələdə çox mühüm rol oynayıb. Hazırda həyata keçirilən
"Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə" Dövlət
Proqramı bu tədbirlərin məntiqi davamıdır.
Hazırda ölkə gəncləri vətənpərvərlik, azərbaycançılıq və
dövlətçilik prinsiplərinə, həmçinin tarixi keçmişimizə,
milli mənəvi dəyərlərimizə rəğbət ruhunda tərbiyə
olunurlar. Bu məsələ respublikamızda prioritet
istiqamətlərdən biridir. Prezident İlham Əliyevin
tapşırıq və tövsiyələrinə uyğun olaraq, gənclərin
intellektual və yaradıcı potensialının üzə çıxarılması,
xüsusilə regionlarda yaşayan gənclərin fəallığının
artırılması istiqamətində məqsədyönlü layihə və
proqramlar həyata keçirilir. Bölgələrdə müasir tələblərə
cavab verən sosial infrastruktur obyektlərinin və
gənclər mərkəzlərinin, gənclər evlərinin istifadəyə
verilməsi də məhz həmin məqsədlərə xidmət edir. Belə
gənclər evlərindən biri də Sumqayıtda yaradılıb.
Dövlətimizin başçısı Gənclər Evinin rəmzi açılışını
bildirən lenti kəsdi.
Gənclər və idman naziri Azad Rəhimov Prezident İlham
Əliyevə burada yaradılan şərait barədə məlumat verdi.
Binanın foyesində ümummilli lider Heydər Əliyevin və
Prezident İlham Əliyevin Sumqayıta səfərlərini, həmçinin
gənclərlə görüşlərini əks etdirən fotolardan ibarət
stend yaradılıb. Bu Gənclər Evi Prezidentin 2011-ci ildə
imzaladığı sərəncamla təsdiq edilmiş "Azərbaycan
Gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramına əsasən
Gənclər və İdman Nazirliyinin sifarişi ilə tikilib.
Binanın inşası üçün şəhərin 5-ci mikrorayon ərazisində
246 kvadratmetr torpaq sahəsi ayrılıb. Üç mərtəbə və
terrasdan ibarət binada caz klub, səhnəsi olan böyük
kafe-bar, art-studiya, internet-klub yaradılıb. Burada,
həmçinin biznes və hüquqi məsləhət mərkəzləri,
vətənpərvərlik klubu, gənclər üçün "Qaynar xətt"
xidməti, peşəyönümü mərkəzi, bütün müasir və zəruri
avadanlıqla təchiz edilmiş videostudiya da gənclərin
ixtiyarına veriləcək.
Gənclər Evinin masaüstü oyunlar otağında asudə vaxtın
daha səmərəli təşkili üçün hər cür şərait var. Burada,
həmçinin istedadların hazırlığı laboratoriyası və xarici
dillər üzrə danışıq klubu da fəaliyyət göstərəcək.
Binadakı "dəyirmi masa" zalı da müasirliyi ilə diqqəti
cəlb edir. Bir sözlə, burada gənclərin potensialını üzə
çıxarmaq və onu inkişaf etdirmək üçün bütün şərait
yaradılıb.
Gənclər Evinin 110 yerlik müasir akt zalı da vardır.
Burada gənclərlə bağlı müxtəlif tədbirləri ən yüksək
səviyyədə təşkil etmək mümkün olacaq. Tədbirlər zamanı
regionlardan gələn gənclərin qalmaları üçün bir və iki
nəfərlik 10 otaq yaradılıb. Binanın sonuncu mərtəbəsində
açıq havada 50 nəfərlik restoran gənclərin ixtiyarına
veriləcək. Binanın inzibati bölməsindəki otaqların
hamısı zəruri avadanlıqla təmin olunub.
Dövlətimizin başçısı Gənclər Evində Olimpiya Hərəkatı
Muzeyi və Beyləqanda inşa edilən Olimpiya kompleksinin
eskiz layihəsinə də baxdı.
AzərTAc |