Təhsil
Nazirliyinin 8 nömrəli İxtisaslaşdırılmış Olimpiya
Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin (İOEUGİM) boks
üzrə keçirdiyi açıq birincilik yekunlaşıb.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman
Akademiyasının boks zalında 2 gün ərzində keçirilən
yarışda 83 idmançı iştirak edib. Yarış 11-12 və 13-14
olmaqla iki yaş qrupunda keçirilib. Birincilik uğrunda
mübarizəyə "Təhsil" Respublika İdman Mərkəzinin, 8 saylı
İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər
İdman Məktəbinin, "İnter" və "Gilan" idman klublarının,
Şəki və Sumqayıt uşaq-gənclər idman məktəblərinin
yetirmələri qatılıblar.
Açılış mərasimində 8 nömrəli İOEUGİM-in direktoru Elvin
Məmmədxanov yarışın keçirilməsində məqsədin idmançıların
yarış təcrübəsini artırmaqdan ibarət olduğunu deyib.
Belə yarışlar uşaqların böyük idman mübarizəsinə
hazırlaşmasına müsbət təsir edir.
Azərbaycan Boks Federasiyasının rəsmisi, əməkdar məşqçi
Tofik Babanlı uşaqların erkən yaşdan idmanla müntəzəm
məşğul olmasını yüksək qiymətləndirib.
Gərgin mübarizə şəraitində keçən yarışda komanda
hesabında I yeri 8 nömrəli İOEUGİM-in yetirmələri tutub.
II yerə "Gilan", III yerə "İnter" klublarının
komandaları layiq görülüb.
Qaliblərə kubok və medallar təqdim olunub. |