Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

10 Yanvar 2015 - №01

 

10 yaşlı Dənizin ilk kitabı işıq üzü görüb

 

Redaksiyamızın ən kiçik qonaqlarından birinin adı daxili dünyası kimi böyükdür: Dəniz... Dənizin iri, qara gözlərinin bu dünyada gördüyü gözəlliklər, möcüzələr artıq bizim də nağılımıza çevrilib. Dəniz haqqında yazdıq, hekayəsini oxutduq oxucularımıza. İndi Dənizdən daha bir yenilik var. İlk kitabı işıq üzü görüb: "Bahar, Dəniz, bir də bütün dünyamız".   

İsmayılova Dəniz özünü belə təqdim edir:

"Mənim adım Dənizdir. 2004-cü il dekabrın 24-də Bakıda anadan olmuşam. Eldar Məmmədov adına 189 nömrəli məktəbdə 4-cü sinifdə oxuyuram. Dörd yaşımdan kitab oxumağı öyrənmişəm və elə o vaxtdan da kitablar mənim ən yaxın dostuma çevrilib. Əlimə düşən, başa düşəcəyim, maraqlı bildiyim bütün kitabları oxuyuram. Təbiət, insan, kainat haqqında lap çox şey bilmək istəyirəm. Dünyanı gəzmək, ölkələr görmək, həm də ölkəmi bütün dünyaya tanıtmaq istəyirəm. Həkim olmaq, görməyən insanların gözünə işıq vermək istəyirəm. Atamın, anamın ürəklərinin istədiyi kimi övlad olmaq istəyirəm. Bütün uşaqlar kimi, arzularım o qədər çoxdur ki... Axı mən də dünyamızda yaşayan milyon-milyon uşaqdan biriyəm. Əlbəttə, bunlar hələ arzulardı və arzularımın gerçək olması üçün bacardığım qədər çalışacağam. Sonrasını həyat göstərər. Hələ ki mən də həyatı belə görürəm...".

Dəniz özü haqqında lazım olanları dedi. Özü haqqında dedikləri həm də elə kitabı haqqında deyəcəkləridir. "Mən hansı peşəni seçəcəm?" essesində həkim olub, görməyən insanların gözünə işıq vermək arzusunda olan balaca Dənizin nə böyük fəlsəfəsi var: "Heç bir gözəlliyi olmayan insanın gözləri onun yeganə gözəlliyi ola bilər". Əlbəttə, haqlıdır Dəniz. Bütün gözəllikləri gözəl görən gözlər yaratmırmı? Dənizin iri, qara, dərin gözləri deyilmi dünyanın gözəlliyini görüb sözlərlə təxəyyülümüzə naxış salan?! "Təbiət qızı", "Persefonanın oğurlanması", "Ən çox sevdiyim fəsil", "Səfər", "Səni unutmaram" hekayələrində yaradılan möcüzələr bu gözlərin məhsuludur. Dənizin ilk yaradıcılıq qədəmlərinə uğurlar diləyirik. 

Könül NƏHMƏTOVA,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov