Yeni ilin ilk kursu
"Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası"nda qeyd olunan məsələlər (yeni
kurikulumlara və informasiya-kommunikasiya
texnologiyaları əsaslı təlim metodologiyalarına uyğun
metodiki vəsaitlərin, didaktik materialların və təlim
vasitələrinin hazırlanmasını stimullaşdıran yeni
mexanizmlərin yaradılması) əsas götürülməklə Təhsil
Problemləri İnstitutunda uyğun kursların keçirilməsi
davam etdirilir. 29-30 dekabr 2014-cü il tarixlərindən
2015-ci il yanvar ayının 30-na qədər keçiriləcək növbəti
kurslara start verilib. Yeni ilin ilk həftəsində
Azərbaycan müəllimləri məsafədən təhsil (distant)
kursuna qatılıblar. İnstitutun direktoru Qulu Novruzov
elektron dərs resurslarının hazırlanması prosesində və
internetdə milli resursların sayının artması
zərurətindən irəli gələn işlərin reallaşdırılmasında
institut nəzdində keçirilən "Elektron məktəb üçün
elektron müəllim" kursuna müəllimlərin marağının
durmadan artdığını qeyd edib.
İnstitutda "Elektron məktəb üçün elektron müəllim" kursu
Azərbaycanın əməkdar müəllimi, beynəlxalq dərəcəli
təlimçi Almaz Həsrət tərəfindən keçirilir. Kursun 2 günü
auditoriya şəraitində müəllimlərin birbaşa iştirakı ilə
keçirilib, digər günlər isə məsafədən (distant) olaraq 1
ay müddətində davam edəcək. Elektron təhsilə keçidlə
əlaqədar olaraq kurs zamanı müəllimlərə kiçik mühazirə,
təqdimat, müzakirə, "workshop", debat və müxtəlif Veb
texnologiyalarından istifadə etmə kimi təlim formatından
istifadə olunur.
Kursda "Elektron məktəb üçün elektron müəllim
hazırlığının ən vacib aspektləri", "Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası", "Distant - məsafədən təhsil zamanı
virtual sinfin yaradılması, Distant təhsilin keçirilməsi
yolları", "İKT-nin pedaqoji sahədə tətbiqi imkanları",
"İKT-nin şagirdlərdə informasiya mədəniyyətinin
formalaşdırılmasında rolu", "İKT, ev, məktəb və
mədəniyyət", "Sosial şəbəkələr və təhsil", "Veb
texnologiyalar", "Elektron dərslərin hazırlanması
mexanizmi" və s. mövzular əhatə olunur. Məlumat üçün
bildirək ki, sözügedən kurslarda müəllimlərin elektron
dərs, elektron resurslarının müxtəlif kompüter proqram
və servislərdən istifadə etməklə yerləşdirilməsi,
müəllim və şagirdlərin elektron portfoliosunun
hazırlanması, distant olaraq şagirdlərlə işləmə
bacarığının formalaşdırılması və distant təhsili aparma
qaydaları və s. istiqamətlər üzrə hazırlığı aparılır.
Kursda ölkənin pedaqojiyönümlü ali təhsil
müəssisələrində çalışan müəllim və tələbələr,
məktəbəqədər təhsil müəssisəsi və orta məktəblərdə dərs
deyən müxtəlif fənn müəllimləri iştirak edirlər. İlin
ilk kursuna Bakı şəhəri ilə yanaşı Samux, Göyçay,
İsmayıllı, Şamaxı, Şəmkir, Zaqatala, Lənkəran, Sabirabad
rayonlarından gəlmiş 40-a yaxın təhsil işçisi qatılıb.
"Elektron məktəb üçün elektron müəllim" təlim kursunu
uğurla başa vuran müdavimlərə 2015-ci ilin yanvar ayının
sonunda sertifikatlar təqdim olunacaq.
Müəllimlər
üçün seminar
Azərbaycan Respublikasının Təhsil Problemləri
İnstitutunda Orta Asiya və Güney Qafqaz Söz Azadlığı
Şəbəkəsi (CASCFEN) ölkənin müxtəlif bölgələrindən gəlmiş
40-dək müəllim üçün seminar təşkil edib."Onlayn etika -
netiket" proqramı çərçivəsində təşkil edilmiş seminarda
"Virtual aləmdə etik normaların gözlənilməsi" mövzusunda
müzakirələr aparılıb.
CASCFEN-in sədri Azər Həsrət əsas mövzu ətrafında çıxış
edərək iştirakçılara virtual müstəvidə davranışın "10
qızıl qaydası" haqqında danışıb. Qeyd edib ki,
Azərbaycanda informasiya-kommunikasiya
texnologiyalarının sürətli bir şəkildə insanların
həyatına daxil olması bu müstəvidə davranış qaydalarının
da təbliğinə zərurət yaradıb. "Artıq ölkəmizdə yeni
texnologiyalar hər kəs üçün əlçatandır. Heç bir senzura
tətbiq edilmir, insanlar istədikləri kimi, azad şəkildə
bu texnologiyalardan istifadə edir. İstər ölkə
Konstitusiyası, istərsə də uyğun qanunlarımız onlayn
müstəvidə də ifadə azadlığı üçün ən yüksək təminat
verir. Təbii ki, hər bir vətəndaş bu azadlıqdan gen-bol
istifadə edir. Amma, təəssüflər olsun ki, bəzi insanlar
belə azad mühitdən sui-istifadə edir, başqalarının
könlünü bulandıracaq, haqqını tapdayacaq əməllərə yol
verirlər. Elə buna görə də biz, "Onlayn etika - netiket"
proqramının geniş şəkildə, müxtəlif peşə sahibləri
arasında tətbiqində maraqlıyıq", - deyə Azər Həsrət
bildirib.
CASCFEN-in sədri onu da qeyd edib ki, təhsil sahəsində
İKT-nin sürətli tətbiqində əldə edilən uğurlar həm də bu
sahənin insanları arasında geniş maarifləndirmə işi
aparmağı zəruri edir: "Bəzən görürük ki, müəllimlər,
şagirdlər arasında elələri olur ki, onlar özləri də
bilmədən onlayn etika çərçivəsini aşırlar. Müəllif
hüquqları pozulur, nəzakətsizliyə yol verilir, müzakirə
və mübahisələr zamanı kobudluq edilir. Ümumilikdə
insanların əhvalına mənfi təsir edən hallara yol
verilir. Halbuki uyğun maarifləndirmə işi aparılsa, bu
hallar baş verməz".
Əsas mövzu dinlənildikdən sonra seminar sual-cavab və
iştirakçıların çıxışları ilə davam edib. Tədbir
iştirakçılarına CASCFEN-in Azərbaycan Respublikasının
Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının
maliyyəsilə çap etdirdiyi "Virtual aləmdə etik
normaların gözlənilməsi" adlı kitabça da paylanıb.
Tədbir iştirakçıları belə seminarların məktəblərdə
təşkilində maraqlı olduqlarını bildirib. CASCFEN-in
sədri Azər Həsrət də başçılıq etdiyi qurumun böyük
həvəslə buna hazır olduğunu deyib.
Sonda iştirakçılara CASCFEN-in sertifikatı təqdim
edilib.
Beynəlxalq əməkdaşlıq və informasiya şöbəsi |