Sağlamlıq
imkanları məhdud olan şəxslərin təhsili demokratik
cəmiyyətin vacib tələblərindən biridir. Xüsusi təhsilin
əsas məqsədi sağlamlıq imkanları məhdud şəxslərə həyat
üçün zəruri olan bilik, bacarıq və vərdişlər aşılamaq,
onların cəmiyyətə inteqrasiyasını təmin etmək,
özünəxidmət bacarıqlarını formalaşdırmaq, yaradıcı əmək
fəaliyyətinə və ailə həyatına hazırlamaqdan ibarətdir.
İnklüziv təhsil sahəsində son illər ölkəmizdə xeyli
işlər görülmüş, müvafiq qanunvericilik bazası
yaradılmışdır.
Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir
filialında keçirilən "İnklüziv təhsil: nəzəriyyə və
praktikanın vəhdəti" mövzusunda elmi-praktik konfransda
da məqsəd məhz inklüziv təhsil sahəsində görülən işlərə
bir daha diqqəti yönəltmək və pedaqoji kadr hazırlığı
ilə məşğul olan ali təhsil müəssisələrində bu təhsillə
bağlı ortaya çıxan problemlərin həlli yollarını
araşdırmaq idi. Konfransda Azərbaycan Respublikası
Təhsil Nazirliyinin De-institutlaşma və Uşaqların
Müdafiəsi İdarəsinin rəis müavini H.Kərimov, Mingəçevir
Şəhər İcra Hakimiyyəti başçısının I müavini İ.İsmayılov,
Mingəçevir Şəhər Təhsil Şöbəsinin müdiri S.Əliyev,
Mingəçevir Politexnik İnstitutunun rektoru A.Hacıyev,
Mingəçevir Şəhər Gənclər və İdman İdarəsinin rəisi
K.Nəcəfli, "Uşaq və Ailələrə Dəstək Mərkəzi"nin
direktoru A.Fərruxova, həmin mərkəzin eksperti
D.İlyasova, Mingəçevir şəhər orta məktəblərinin
direktorları və uşaq bağçalarının müdirləri, şəhərini
ümumtəhsil məktəblərində inklüziv təhsili həyata keçirən
müəllimlər, Goranboy rayonunda yerləşən mərkəzin
direktoru Z.Qarayeva, Ağcabədidə fəaliyyət göstərən
"Günərzi" Qayğı Mərkəzinin rəhbəri A.Dadaşova və KİV
nümayəndələri iştirak edirdilər.
Konfransı giriş sözü ilə açan filialın direktoru,
dosent Rasim Şükürov onun məqsədi haqqında geniş
məlumat verərək bildirdi ki, təhsil almaq hüququ
ölkəmizdə yaşayan bütün vətəndaşlara şamil olunur.
"Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda
qeyd olunur ki, cəmiyyətin bütün üzvlərinin - istər
sağlam, istərsə də sağlamlıq imkanları məhdud insanların
bərabər təhsilalma hüquqları vardır. Əsası ümummilli
lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün
möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam
etdirilən təhsil siyasətində bütün vətəndaşlarımıza
bərabər imkanlar yaradılmışdır. İnklüziv təhsil
sahəsində son illərdə aparılan məqsədyönlü işlər, qəbul
edilən qərarlar bu sahədə böyük nailiyyətlər əldə
etməyə imkan vermişdir. Bütün bu uğurlar ölkə başçısı
İlham Əliyevin təhsilə, xüsusilə sağlamlıq imkanları
məhdud olan insanların təhsilinə göstərdiyi qayğının
nəticəsində mümkün olmuşdur. Azərbaycan Müəllimlər
İnstitutunda İnklüziv Təhsil Mərkəzinin yaradılması məhz
həyata keçirilən uğurlu tədbirlərdən biridir.
Sonra filialın ictimai və təbiət fənləri kafedrasının
müdiri, dosent Zenfira Əzizovanın "Xüsusi qayğıya
ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyası", Müasir
Təhsil-Tədrisə Yardım Mərkəzinin eksperti Dilşad
İlyasovanın "Uşaq və Ailələrə Dəstək Mərkəzində inklüziv
təhsilin təşkili", Mingəçevir şəhər 6 nömrəli tam orta
məktəbin köməkçi-müəllimi İlahə Məhərrəmovanın "Orta
məktəbdə inklüziv təhsilin təşkili", Uşaq və Ailələrə
Dəstək Mərkəzinin tərbiyəçisi Vəfa Abdullayevanın
"Azərbaycanda fəaliyyət göstərən uşaq və ailələrə dəstək
mərkəzlərinin problemli ailələrin həyatında rolu"
mövzularında məruzələri dinlənilmişdir.
Məruzələr ətrafında çıxış edənlər konfransın aktual bir
mövzuya həsr edildiyini, bu cür tədbirlərin
keçirilməsinin təqdirəlayiq olduğunu bildirmişlər.
Konfransda inklüziv təhsilin keyfiyyətinin
yüksəldilməsinə yönəlmiş bir sıra təkliflər
səsləndirilmişdir. Mingəçevir Şəhər Uşaq və Ailələrə
Dəstək Mərkəzinin məzunlarının və onların
valideynlərinin çıxışları isə daha yaddaqalan olmuşdur.
Plenar iclasdan sonra konfrans iştirakçıları sağlamlıq
imkanları məhdud uşaqların əl işlərindən təşkil edilmiş
sərgiyə baxmışlar.
Həqiət QƏDİMOVA,
Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir
filialının dekanı |