Azərbaycanın tanınmış kimya müəllimi, 60 yaşlı Heybət
Qədirov redaksiyamızın qonağı olub
Könül NƏHMƏTOVA, "Azərbaycan müəllimi"
konul.nehmetova@mail.ru
Azərbaycanın
təhsil sferasında müxtəlif elm sahələrinin inkişafı
yolunda böyük insanların ilk qədəmlərini götürdüyü nadir
ünvanlar var. Bu ünvanlar gözünün nurunu, ürəyinin
odunu, müəllimlik entuziazmını gələcəyin insanını
yetişdirmək uğrunda məşəl edən müəllim adlarıdır.
Yardımlı rayonunun Alçabulaq kəndində də belə bir ünvan
var. Bu ünvan təhsil işçilərinə yaxşı tanışdır: Heybət
Heydər oğlu Qədirov.
60 yaşlı Heybət müəllim haqqında mətbuatda dəfələrlə
təqdimatlar verilib. Bu təqdimatların əsasında zəngin
müəllim ömrünün faktları durur: Qədirov Heybət Heydər
oğlu - Alçabulaq kənd orta məktəbinin 39 illik iş
təcrübəsi olan kimya müəllimidir. Kifayət qədər titulu
var: ali kateqoriyalı müəllim, "Metodist müəllim",
"Qabaqcıl maarif xadimi", Azərbaycan və SSRİ-nin maarif
əlaçısı, N.K.Krupskaya və M.Mehdizadə mükafatları
laureatıdır. 1991-ci ildə SSRİ-də, 1991, 1998, 2003 və
2008-ci illərdə "İlin ən yaxşı müəllimi" müsabiqələrinin
qalibi olub. "Qızıl qələm" laureatı adına layiq
görülüb. Çoxsaylı və sanballı metodik kitabların
müəllifidir. Respublikanın əməkdar müəllimidir.
Heybət Heydər oğlu Qədirov Yardımlının Alçabulaq
kəndində kolxozçu ailəsində anadan olub. Azərbaycan
Dövlət Pedaqoji İnstitutunu (indiki ADPU-nu) bitirib.
Doğma kənddə pedaqoji fəaliyyətə başlayıb. Aspiranturaya
qəbul imtahanı verib, lakin ailə vəziyyəti ilə bağlı
olaraq kənddə çalışmaq məcburiyyəti qarşısında təhsilini
davam etdirə bilməyib. Bu günə qədər də Alçabulaq kənd
orta məktəbində kimya müəllimi olaraq çalışır.
Heybət müəllim qarşılıqlı təcrübə mübadiləsini öyrədənin
iş təcrübəsinin artırılmasında ən optimal vasitələrdən
biri kimi görərək daim həmkarları ilə münasibətlər
qurub. Buna görə də o, yalnız dərs deməklə vəzifəsini
bitmiş hesab etməyib, yetişdirdiyi şagirdlərin öz
potensiallarını üzə çıxara bilmələri üçün onların
respublika və beynəlxalq olimpiadalarda iştirak etmələri
istiqamətində əlindən gələni əsirgəməyib. Həmkarları ilə
qarşılıqlı təcrübə mübadiləsi Heybət müəllimi dərs
vəsaitlərini yazmaq yolunda da stimullaşdırıb.
Fasiləsizlik və davamlılıq uğurlarının əsas amilləridir
"1975-ci ildən bu günə kimi istirahət etmədən bütün
istirahət günlərində də istedadlı şagirdlərlə məşğul
oluram" - deyir Heybət müəllim. Bu, sadəcə, evindən
çıxıb məktəbə getmək deyildi Heybət müəllim üçün.
Kilometrlərlə yolu şaxtada, yağışda, qarda dağ kəndindən
yol alıb şəhərə qədər ayaqla getmək idi, heç bir
çətinliyə baxmayaraq.
Heybət müəllimin yaddaşına yazılan ən kövrək günlərdən
biri də təbiət qoynunda kəndin qoyunlarını örüşə
çıxararkən şagirdlərini başına yığıb "açıq dərs"
keçməsidir. Kimya fənninə xüsusi marağı olan şagirdləri
yetişdirməyi həyat amalına çevirib.
Təcrübəli müəllim istedadları necə üzə çıxarır?
Heybət Qədirov hesab edir ki, ümumtəhsil məktəblərində
gündəlik və rüblük qiymətləri əla olan şagirdlərin
hamısını istedadlı şagird hesab etmək olmaz. Ola bilər
ki, şagird bütün fənlərdən orta səviyyədə və hətta zəif
oxusun, lakin o, hər hansı bir qabiliyyəti ilə
yaşıdlarından seçilə bilər. Öz təcrübəsindən çıxış
edərək söyləyir ki, orta təhsili müddətində şagird
xüsusi diqqəti çəkmədiyi halda, məktəbi bitirdikdən
sonra müəyyən qabiliyyətlərini üzə çıxara da bilir.
Bunları nəzərə alaraq Heybət müəllim istedadları aşkar
etməyin yolları üzərində dərindən düşünmüş, bu sahədə
elmi-nəzəri məlumatlara yiyələnərək müəllimlik
fəaliyyəti boyunca tətbiq etməyə və yeni-yeni yollar
aramağa çalışıb.
Heybət müəllim inteqrativ kurikulumun şagirdin
istedadının üzə çıxarılmasında xüsusi rolu olması
fikrindədir: "...fənn müəllimləri tədris etdiyi və qohum
fənlər üzrə qabiliyyətli şagirdlərin aşkar edilməsini
dövrün tələbi kimi nəzər-diqqətində saxlamalıdır". Özü
də bu təcrübədən yararlanaraq çox uğurlara nail olub.
"İlk növbədə, aşağı siniflərdə təbiətşünaslıq, biologiya
və fizika fənlərindən kimyəvi anlayış, termin, hadisə və
faktlarla maraqlanan şagirdləri aşkar etməli, onlara
vaxtaşırı fənnin məzmunu ilə əlaqədar sahələr üzrə
tapşırıqlar verməli, maraqlı, təhlükəsiz kimyəvi
təcrübələrin yerinə yetirilməsinə cəlb etməlidir.
Aşağı siniflərdə qabiliyyətli şagirdlərin seçilməsi
prosesində onların riyaziyyat, fizika üzrə də bilikləri
nəzərə alınmalıdır. Məlum faktdır ki, bəzən şagirdlər
kimyəvi anlayışlarla və ya biologiya ilə maraqlanırlar.
Lakin riyazi bilikləri aşağı olur. Belə olduqda həmin
şagird gələcəkdə kimyəvi anlayışların kəmiyyət
xarakterini verə bilmir, nəticədə onların fənni öyrənmək
üçün səviyyəsi kifayət etmir. Ona görə də riyaziyyatı,
fizikanı yaxşı bilən, kimya ilə maraqlanan şagirdlər
müəllimlərin mehriban nəzarəti ilə əhatə olunmalıdır.
Belə şagirdlərlə işin sonrakı təşkili təqribi olaraq
aşağıdakı kimi ola bilər: şagirdlər sinifdən-sinfə
keçdikdə kimya müəllimlərinin nəzarəti də güclənməlidir.
Nəzarətə götürülmüş şagirdlər arabir kimya dərslərinə
dəvət edilə bilər".
Heybət müəllim öz fənni üzrə uğurlu şagird yetişdirməyin
çətin olduğunu nəzərə alan və buna görə şagirdlərə fərdi
yanaşan müəllimlərdəndir. Şagirdə fərdi yanaşma üzərində
də israrla durur: "Tutaq ki, bir sinifdə istedadlı uşaq
var. Müəllim də dərsi izah edir, tapşırıqlar verir.
Burada mütləq diferensiallaşma aparılmalıdır.
Tapşırıqlar verilərkən, müstəqil işlər tapşırılarkən
fərq qoyulmalıdır".
Heybət müəllim istedad anlayışını belə müəyyənləşdirir:
"Belə bir məsəl var: Sərgiyə qoyulmuş tabloda nazik
budaq üstündə iri bir qartal təsvir olunur. Tablo xoş
duyğular oyadır. Ancaq istedadlı uşağın düşüncəsi
başqadır: "İri qartal nazik budağa qonub, ancaq budaq
əyilməyib". Bax, istedad budur!".
Fəal metodist
Heybət müəllimin adı yetişdirdiyi şagirdlərə görə məşhur
olduğu qədər də yazdığı dərs vəsaitlərinə, metodiki
məqalələrə görə mütəxəssislərə yaxşı tanışdır. O, dünya
ölkələrində olimpiadalara şagird çıxardığı kimi, öz
müəllimlik təcrübəsini də ölkənin hüdudlarında belə
mətbuata çıxarmağa nail olub. Türkiyə, Ukrayna,
Qazaxıstan, Rusiya kimi ölkələrdə təcrübəli müəllim kimi
müxtəlif tədbirlərdə iştirak edib, Moskva, İvanov,
Samara şəhərlərinə beynəlxalq olimpiadalara komanda
aparıb, "Azərbaycan müəllimi", "Xalq qəzeti" və
"Uçitelskaya qazeta" qəzetlərində, "Azərbaycan məktəbi"
jurnalında metodiki məqalələrilə çıxış edib. Əllidən
artıq metodiki məqalənin və on bir dərs vəsaitinin
müəllifidir. Kitablarının adları müəllimin öz fənni üzrə
geniş təcrübəsindən və elmi-nəzəri hazırlığından xəbər
verir: "Kimyadan tipik məsələlərin həlli", "Ümumi
kimyadan tipik məsələlərin həlli üsulları", "Elementlər
kimyasından tipik məsələlərin həlli üsulları", "Üzvi
kimyadan tipik məsələlər", "Kimyadan qrafik testlərin
həlli üsulları", "Ümumi və qeyri-üzvi kimya testləri",
"Qeyri-üzvi və üzvi maddələrin nomenklaturası",
"Kimyanın tədrisində istedadlı şagirdlərin aşkar
edilməsi və onlarla işin təşkili formaları", "İnteraktiv
təlimin üsul və texnikaları". Heybət müəllim hər gün
inkişaf edən və yenilənən elmi bilikləri daim izlədiyi
üçün təhsilin müasir inkişafına öz töhfələrini verə
biləcək təcrübəli müəllimlərdəndir. |