"Elektron təhsil" müsabiqəsinin qalibi danışır
Rüfanə GÜNƏŞ, "Azərbaycan müəllimi"
Yenilənən
dünyanın özü ilə gətirdiyi yeniliklərə uyğunlaşmaq
bəziləri üçün çətin olsa da, əksəriyyəti bunu işlərinin
mərkəzinə gətirməyi bacarır. Elə götürək
informasiya-kommunikasiya texnologiyalarının (İKT)
həyatımıza daxil olmasını. Bəziləri İKT-ni öyrənməyə
çətinlik çəksə də, bir çoxlarımız işlərimizi elektron
vasitələrlə görməyə başladıq. Təbii ki, bu vasitələr həm
işlərimizi asanlaşdırır və həm də onu daha geniş
kütlələrə çatdırmağa imkan verir.
Bu dəfə sizinlə tanış etmək istədiyim xanım da fənnini
daha çox insana çatdırmaq üçün öz bloqunu yaradıb. Bu
vasitə ilə fizikanı əyləncəli şəkildə tədris edir.
Müsahibim Aliyə Əhmədova "Əyləncəli fizika kurikulumu"
bloqunun yaradıcısı və həmin bloqa görə V "Elektron
təhsil" müsabiqəsinin qalibidir.
Müsahibimdən özünü tanıtmağını istəyirəm:
- Mən Əhmədova Aliyə Fərman qızı. Sumqayıt şəhər İsmət
Qayıbov adına 1 nömrəli tam orta məktəbin fizika
müəllimi, ümummilli lider Heydər Əliyevin anadan
olmasının 91-ci ildönümü münasibətilə Təhsil Problemləri
İnstitutu və "Demokratik Gənclər" İctimai Birliyinin
birgə təşkil etdiyi "Ən yaxşı təhsil bloqu" Respublika
müsabiqəsinin "Ən yaxşı təhsil bloqçusu" fəxri adının
sahibi; V "Elektron təhsil" respublika müsabiqəsinin
"Müəllimlərin bloqları" nominasiyası üzrə 1-ci yerin
sahibi.
"Biz də elə sizinlə V "Elektron təhsil" müsabiqəsi,
müsabiqəyə gələnə qədər keçdiyiniz yol barədə danışmaq
istəyirik",- deyib, müsahibəyə başlayırıq.
- Elektron avadanlıqlar, elektron resurslar Azərbaycan
müəllimi üçün bir yenilikdir. Bəs siz bu müsabiqəyə necə
qatıldınız?
- Mən bu müsabiqənin keçirilməsi ilə bağlı 2013-cü ildə
IV "Elektron təhsil" respublika müsabiqəsi elan
olunduqdan sonra xəbər tutmuşam. O zaman layihəyə
qeydiyyat bitmişdi. Belə deyim ki, kənardan bir
müşahidəçi kimi mənə xüsusilə maraqlı gələn
"Müəllimlərin bloqları"nominasiyasındakı müsabiqəyə
qatılmış bloqları incələyir, araşdırır və öyrənirdim.
Özümə söz verdim ki, növbəti dəfə müsabiqəyə mən də
müəllim bloqu təqdim edəcəyəm. Bloq işini təlimlərdən
deyil, özümün internet üzərindən araşdırmalarımla
öyrəndim. Düşünürəm ki, bloqumun zəngin olmasına səbəb
məhz bu araşdırmalardır.
- Bloqum zəngindir deyirsiniz, bəs siz fizikanı
bloqunuzda hansı üsullarla tədris edirsiniz?
- Heç kimə sirr deyil ki, tədris etdiyim fizika fənni
şagirdlər tərəfindən qavranılması çətin olan fənlərin
sıralanmasına birincilik edənlərdəndir. Buna görə də
bloqum "Əyləncəli fizika" məzmunludur. Amma müəllimlərin
sınaq qiymətləndirməsi ilə əlaqədar olaraq bloq
izləyicilərindən mənə gələn mesajları nəzərə alaraq
bloqumun məzmununa əlavələr etməli oldum. Yəni bloq həm
də fizika kurikulumu məzmunu ilə də müəllimlərin
istifadəsindədir. Müsabiqəyə təqdim etdiyim "Əyləncəli
fizika kurikulumu" bloqu faydasına görə irəlidə daha çox
məşhurlaşacaq bir elektron resursdur. Təhsil
strategiyasının hədəflərindən biri də fənn
kurikulumlarının təkmilləşdirilməsi, e-resursların
hazırlanmasıdır. Mən də fəaliyyət göstərən bir müəllim
kimi bu baxımdan təhsilimizin inkişafı yönümündə
bacardığımı etməyə çalışdım.
- "Əyləncəli fizika kurikulumu"- bunu necə izah edə
bilərsiniz?
- Bloqda toplanmış bütün e-resurslar, virtual
laboratoriya materialları, öyrədici videoçarxlar, online
interaktiv tapşırıqlar, flash öyrədici animasiyalar,
fizika kurikulumu sənədləri və s. real dərslərdə
istifadə üçün müasir üsullardır. "Əyləncəli fizika
kurikulumu" fənn bloqu özündə iki məzmunu birləşdirir.
Əyləncəli fizika məzmunu fizikanı öyrənmə ərəfəsində
olan şagirdlərimiz üçündür. Fizika kurikulumuna gəldikdə
isə bu kurikuluma adaptasiya mərhələsində olan müəllim
həmkarlarımı nəzərə almışam.
- Müsabiqənin mərhələləri, keçdiyiniz yol barədə məlumat
verin...
- Müsabiqə musabiqe.edu.az saytından online olaraq elan
olunan, gedişatı rahatlıqla izlənilən bir prosesdir.
Müsabiqənin bütün mərhələləri, təqdim olunmuş layihələr
və onların müəllifləri hər kəsin izləməsinə açıq olur.
Birinci mərhələdə müsabiqəyə layihələr təqdim olunur.
Ekspertizadan keçən işlər II mərhələyə buraxılır.
Qiymətləndirmə meyarları əsasında çeşidlənən işlər III
mərhələyə keçərək nominant adını qazanırlar. IV
mərhələdə isə ən yüksək balları toplamış müəllimlər
canlı təqdimetmə mərhələsinə dəvət olunurlar. Bu
mərhələdə Təhsil Nazirliyinin nümayəndələrindən,
təşkilatçılardan və münsiflərdən ibarət heyət qarşısında
çoxsaylı sualları cavablandırmalı olursan. Qeyd etmək
istəyirəm ki, müsabiqə mərhələlərinin təqdimetmə və
təltifetmə mərasimləri və müsabiqənin koordinasiya
işlərinin yüksək peşəkarlıqla həyata keçirildiyinə
şəxsən şahidəm.
- Bloq şagirdlərinizə, fənninizin tədrisinə necə kömək
edir?
- Bloq müəllim bloqu olduğu üçün fizika üzrə illik və
cari planlaşdırmanı əhatə edən materiallarla
zənginləşdirilməkdədir. Bu baxımdan, İKT infrastrukturu
normal təchiz olunmuş hər bir fizika fənn kabinetində
real olaraq dərslərdə istifadəyə tam yararlıdır. Hətta
bloqumun daimi istifadəçiləri olan müəllimlər mənə
təşəkkür edirlər.
- Müasir dövrə uyğunlaşmaq üçün müəllimlər hansı
üsullardan istifadə etməlidir?
- Düşünürəm ki, müasir müəllim aktiv və pozitiv
düşüncəli müəllimdir. O müəllim daim yaradıcı yanaşma
üçün yeniliklər axtarışındadır. Bu baxımdan, müəllimlər
müasir üsullardan istifadə edərək fənn kurikulumu
standartlarına cavab verən dərs qura bilmələri üçün
məktəblərin İKT infrastrukturundan bəhrələnməlidirlər.
- Bir qalib kimi nə demək istəyirsiniz və gələcək
planlarınız nədir?
- Çox şadam ki, müsabiqənin 5-ci ilində, yəni artıq
peşəkar və kompetensiyalara davamlı layihələrin
qatıldığı bir dövrdə respublikanın qabaqcıl müəllimləri
ilə birgə çiyin-çiyinə mübarizə apardım və qalib oldum.
Bu xüsusi bir fərəh hissi verir. Gələcəkdə bloq işimi
fərqli bir yönümdə davam etdirməyi, Təhsil Nazirliyinin
digər layihələrində də aktiv iştirak etməyi
planlaşdırıram. Digər müəllim həmkarlarıma da bu tipli
müsabiqələrə qatılmağı, öz yaradıcı potensiallarını kəşf
etmələrini tövsiyə edirəm.
Siz müəllimlərə öz yaradıcı potensiallarını kəşf
etmələrini tövsiyə edirsiniz. Mən də sizə bu maraqlı
müsahibə üçün təşəkkür, işlərinizdə uğurlar arzu edirəm.
|