Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

10 Yanvar 2015 - №01

 

Balakən məktəbinin ən yaxşı müəllimi

 

Balakən rayonunda məktəb də çoxdur, bu məktəblərdə "Ən yaxşı müəllim" adını qazanmış müəllim də. Amma biz onlardan biri-ötən il bu adı qazanmış və möhtərəm Prezidentimizin sərəncamı ilə "Ən yaxşı müəllim" mükafatı almış   Balakən şəhər humanitar və texniki təmayüllü liseyin tarix müəllimi Aygün Hacıyeva haqqında danışmaq istəyirik. 2014-cü il onun həyatında  daha uğurlu olduğuna görə. Əslində yola saldığımız il  Aygün müəllimin 3 ildən bəri çalışdığı lisey üçün də düşərli olub. Liseyin məzunlarından 3-ü qızıl medal alıb, 6 nəfəri ali məktəblərə qəbul imtahanlarında 600-dən çox bal toplayıb, 5 məzun fənn olimpiadalarının qalibi adına layiq görülüb. Lisey özü isə ikinci dəfə "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi olub. Uğur, necə deyərlər, uğur gətirib. Bütün bunlara görə Aygün müəllim 2014-cü ili həyatının ən yaddaqalan illərindən hesab edir. Əməyinə verilən yüksək qiymətə görə ölkə başçısına minnətdarlığını bildirən A. Hacıyeva  müəllimliyin məsuliyyətini ulu öndərin məşhur bir fikri ilə əsaslandırır: "Cəmiyyətin tərəqqisi bir çox cəhətdən indi gənclərə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır".

Aygün İsmixan qızı Hacıyeva Balakən rayonunun təhsil işçiləri arasında fəaliyyətini müasir tələblər əsasında quran, bu işdə uğurları ilə seçilən təcrübəli pedaqoqlardan sayılır. Ötən tədris ilində fənn olimpiadalarının respublika turunun nəticələrinə görə Balakən şəhər humanitar və texniki təmayüllü lisey birinci yeri tutub. Xüsusilə tarix fənni üzrə şagirdlərin uğurları daha böyük olub. Sözsüz ki, bu müvəffəqiyyətdə liseyin tarix müəllimi Aygün Hacıyevanın zəhməti çoxdur. 

Aygün müəllim iki ildir ki, ulu öndərin irsini öyrətmək məqsədilə rayonun müxtəlif məktəblərində əlavə dərsləri aparır, şagirdlərə əsl gücün dövlətimizin, Prezidentimizin ətrafında sıx birləşməkdə olduğunu bildirir, təhsilin inkişafına dövlət qayğısından qürurla danışır.

Aygün Hacıyeva həm də sinif rəhbəridir. Rəhbərlik etdiyi VIII sinifdə humanitar profil üzrə dərslər keçilir. Liseydə əsas fənlərdən ildə 4 dəfə sınaq imtahanları vasitəsi ilə şagirdlərin dərsləri necə mənimsəməsi yoxlanılır. Aygün müəllim sınaqların nəticələrini müntəzəm olaraq valideynlərin iştirakı ilə müzakirə edir.  Çatışmazlıqlar birgə aradan qaldırılır. Sinif iclaslarında o, şagirdlərin təlim-tərbiyəsi, dərsə davamiyyəti, məktəbdənkənar tədbirləri də valideynlərlə birgə  müzakirə edir. Zəif şagirdlərin nəticələri yoxlanılır. Hər bir zəif şagirdə yaxşı oxuyan yoldaşı köməkçi təyin edilir. Bu da sinfin ümumi nəticəsinin yuxarı qalxmasına, siniflərarası yarışlarda daha yüksək yer tutmasına müsbət təsir edir.  

Aygün müəllim zəif və güclü şagirdlərin potensial imkanlarını müəyyənləşdirməkdən ötrü şagirdlərinə məqsədyönlü tapşırıqlar verir. Çünki zəif şagird mürəkkəb tapşırıqla üz-üzə qaldıqda həvəsdən düşür. Qorxu və ümidsizlik hissi daim onu təqib edir. Güclü şagird isə asan tapşırıqlara görə fəallaşa bilmir. Təfəkkürünü inkişaf etdirə bilməyən məktəblinin dərsə marağı azalır.

Şagirdlərini yaradıcı axtarışlara yönəltməsi, bir qayda olaraq, onun müəllimlik fəaliyyətinin əsas prinsiplərindən sayılır. Aygün Hacıyevanın fikrincə,  interaktiv metodlar, xüsusən də Venn diaqramı, şaxələndirmə, beyin həmləsi, BİBÖ, cədvəllər, sxemlər, elmi mübahisələr şagirdlərdə tənqidi təfəkkürü inkişaf etdirir,  tədqiqatçılıq vərdişləri yaradır.

Aygün müəllimin əlamətdar günlərə həsr etdiyi müsabiqə, debat, konfrans, rollu oyunlar, bilik yarışları da liseydə təqdirlə qarşılanır. Onun dərs dediyi şagirdlər "Xəmsə" intellektual yarışlarında müntəzəm iştirak edirlər. Bütün bunlar məktəblilərin bilik, bacarıq və  vərdişlərinin inkişafına əhəmiyyətli təsir göstərir.

Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində gənclərə müraciətlə demişdir: "Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram".

Dövlət başçısının arxalandığı, cəmiyyətin özünə sabah bildiyi gənclər isə, əlbəttə ki, məktəbdə, Aygün Hacıyeva kimi müəllimlərin  fəaliyyəti ilə formalaşırlar. 

Yusif ƏLİYEV, 
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov