Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

10 Yanvar 2015 - №01

 

Azərbaycan məktəblisi beynəlxalq olimpiadada bürünc medal qazanıb

 

Azərbaycanlı şagirdlərin dünyanın  müxtəlif  ölkələrində keçirilən  beynəlxalq bilik yarışlarında iştirak etmələri  və  vətənə medallarla qayıtmaları sevindirici haldır.  Azərbaycan təhsilinin daha bir yetirməsi, Bakıdakı  "İstək" liseyinin X sinif şagirdi Məmməd Əliyev də  Argentinada keçirilmiş XI  Beynəlxalq Təbiət Elmləri Olimpiadasında (IJSO 2014-International Junior Science Olympiad)  ölkəmizi uğurla təmsil edib. Gəlin onunla yaxından tanış olaq.  

Məmməd Əliyev  1999-cu il sentyabrın 19-da Gəncə şəhərində anadan olub.  İlk təhsilinə 4  nömrəli tam orta məktəbdə  başlayıb. VII  sinifdə Gəncə Özəl Türk  liseyinə qəbul olunub.  Liseydə oxuduğu  müddətdə biologiya fənninə olan marağı  nəticəsində  müəllimlərinin  dəstəyi ilə beynəlxalq biologiya olimpiadasına hazırlaşmağa qərar verib.

VIII  sinifdə liseylərarası biologiya  olimpiadasında  birinci  yeri  tutub  və  qızıl medalla təltif olunub. Nəticədə  Bakıdakı  "İstək" liseyində  oxumaq hüququ  qazanıb.  Beləliklə də  Bakıda təcrübəli müəllimlərin köməyi ilə elmi bilgilərini daha da genişləndirmək şansı əldə edib. 2014-cü ilin aprel ayında Azərbaycan Respublikası Təhsil Nazirliyinin keçirdiyi beynəlxalq biologiya olimpiadası üzrə seçmə imtahanında II yeri tutaraq komandanın 4 üzvündən biri olub.  Nəticədə ötən ilin  5-13 iyul tarixlərində İndoneziya Respublikasında keçirilmiş beynəlxalq biologiya olimpiadasında Azərbaycanı təmsil edib.

Məmməd  bizimlə söhbətində Argentinanın  Mendoza  şəhərində keçirilmiş Beynəlxalq Elm olimpiadası barədə təəssüratlarını bölüşdü:

- Beynəlxalq olimpiada 3 fəndən - kimya, fizika, biologiyadan ibarət idi.  Bu olimpiadada 40-a yaxın ölkə - Rusiya, Çin, Hindistan, Almanya, Cənubi Afrika və s. iştirak edirdi.  Müxtəlif  ölkələrdən olan 200-ə yaxın iştirakçının bilikləri 100 balla qiymətləndirilirdi. 10 gün davam edən olimpiada 3 mərhələdə keçirildi. Birinci mərhələ fizika, kimya və biologiya fənlərinin hər birindən 10 sual olmaqla 30 sualdan ibarət idi. Müsabiqə fizika, kimya, biologiya fənlərindən açıq sualları əhatə edən  nəzəri  və  bu fənlərə aid laboratoriya işlərinin  yerinə yetirilməsini nəzərdə tutan praktik  mərhələdən ibarət oldu.  Bu mərhələdə komanda şəklində laboratoriya işləri yerinə yetirilirdi.  60 bal  nəzəri biliklər, qalan 40 bal isə laboratoriya qabiliyyət imtahanı üçün verilirdi. Bürünc medal 65 baldan başlayırdı. Mən isə 74 balla bürünc medala layiq görüldüm.Vətənimi layiqincə təmsil etməyə nail olduğum üçün çox xoşbəxtəm.

Qeyd edək ki, Beynəlxalq Təbiət Elmləri Olimpiadası 2004-cü ildən keçirilir. 2009-cu ildə Bakıda təşkil edilmiş 6-cı Beynəlxalq Təbiət Elmləri Olimpiadasında 50 ölkə iştirak edib.  Bu, Beynəlxalq Təbiət Elmləri Olimpiadasının tarixində ən böyük göstərici hesab olunur. Sevindirici haldır ki,  bu günə qədər "İstək" liseyinin  şagirdləri  beynəlxalq fənn və layihə olimpiadalarında 630-dan çox qızıl, gümüş və bürünc medallar qazanıblar.  

Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov