Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

10 Yanvar 2015 - №01

 

Azərbaycan Dövlət İqtisad Universiteti

 

Biznes İnkubatoru, Virtual Şirkəti, Karyera Mərkəzi olan universitet 

Rüfanə GÜNƏŞ, "Azərbaycan müəllimi"
rufanequrbanova@gmail.com 

Qısa arayış 

Böyütmək üçün seçinƏsası 1930-cu ildə qoyulub. Cənubi Qafqaz ölkələrinin ən iri ali təhsil ocaqlarından biridir, 11 fakültəsi var, 21 ixtisas üzrə 16 mindən çox, o cümlədən dünyanın 12 ölkəsindən olan 850-dən çox tələbə və magistrant təhsil alır. Respublikanın tələbə sayına (2537 tələbəsi var) görə ən böyük fakültə (iqtisadiyyat və sənaye fakültəsi) bu universitetdədir. Ümumilikdə, 2013-2014-cü tədris ilində universitetin bakalavr və magistr pillələrini bitirən məzunların sayı 4738 nəfərdir. Universitetdə mindən çox müəllim, o cümlədən sıralarında Azərbaycan Milli Elmlər Akademiyasının, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvləri, Dövlət mükafatı laureatları, əməkdar müəllim və elm xadimlərinin olduğu 2 akademik, 80-ə yaxın professor, 300-ə yaxın dosent, 85 nəfər elmlər doktoru, 530 nəfər isə fəlsəfə doktoru çalışır. ADİU Avropa Universitetləri Assosiasiyası, İslam Ölkələrinin Universitetləri Federasiyası, Avrasiya Ölkələrinin Universitetləri Assosiasiyası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Ölkələrinin Universitetləri Şurasının tamhüquqlu üzvüdür. Həmçinin Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf üzrə Konfransının "UNCTAD" Virtual İnstitutunun üzvüdür. Azərbaycan Dövlət İqtisad Universitetində Dünya Bankının İctimai İnformasiya Mərkəzi, Ümumdünya Ticarət Təşkilatının İstinad Mərkəzi fəaliyyət göstərir. 

"Bir ölkənin gələcəyi o ölkə insanlarının görəcəyi təhsilə bağlıdır".  XX əsrin əvvəlində deyilən bu fikir məşhur alim Albert Eynşteynə məxsusdur. Artıq XXI əsrdir, amma bu fikir öz aktuallığında qalır. Və daima da qalacaq.

Böyütmək üçün seçinAzərbaycanda vətəndaşların təhsil alması üçün məktəbəqədər təhsildən başlayaraq, ali təhsilin bütün pillələrində tədrislə məşğul olan dövlət və özəl təhsil ocaqları var. Təbii ki, insanların həyatında önəmli yerlərdən birini ali təhsil tutur. İxtisas seçimi və alacağımız ali təhsil bizim gələcəyimizi müəyyənləşdirən ən əsas məqamlardan biridir. Bəs hansı ixtisası və hansı universiteti seçməliyik? Seçdiyimiz universitetdə təhsilin keyfiyyəti necədir?Bütün bu suallara cavab tapmağınız üçün "Azərbaycan müəllimi" qəzeti yeni layihəyə start verir. "Mənim universitetim" adlanan layihəmizdə sizi Azərbaycanın ali təhsil ocaqları, orada baş verən yeniliklər və gələcək planlarla tanış etməyə çalışacağıq. Layihə çərçivəsində ilk qonaq olduğumuz ali məktəb ölkəmizin iqtisadçı kadrlar hazırlayan ilk universiteti - Azərbaycan Dövlət İqtisad Universitetidir (ADİU).

Universitetlə əlaqə saxlayıb layihəmiz barədə məlumat verəndə, çox böyük məmnuniyyətlə bizə kömək etməyə hazır olduqlarını deyirlər. Biz də səhəri gün ADİU-nun I tədris korpusuna yollanırıq. İctimaiyyətlə əlaqələr şöbəsinin qapısını döyürük. Şöbənin əməkdaşlarından biri bizi universitetlə tanış edir.

Arxada qoyduğumuz ilin uğurları və yenilikləri ilə bağlı söhbət edirik. ADİU-nun ötən ilin sonunda diqqət çəkən yeniliyi imtahanların internet üzərindən canlı yayımlanması oldu. Biz də test imtahanı gedən zallardan birinə daxil oluruq. Məlumat verilir ki, hazırda maliyyə fakültəsi üzrə II kurslar (9 qrup birlikdə) "Mühasibat uçotu" fənnindən imtahan verirlər. Həm də imtahanların cədvəli və nəticələrini öyrənmək üçün universitetin rəsmi saytında məlumat yerləşdirilir.

Nobel mükafatı laureatı Piter A.Daymond Azərbaycan Dövlət İqtisad UniversitetindəÖyrənirik ki, keçən il verilən qərara əsasən bu semestrdən etibarən I kursların və SABAH qruplarının imtahanları yazılı keçirilir. Ümumiyyətlə, imtahan prosesinin keçirilməsi barədə bizə ətraflı məlumatı Tədrisin Keyfiyyətinin Qiymətləndirilməsi və İdarə edilməsi Mərkəzinin direktoru Raqif Qasımov verir:

- ADİU-da təhsil prosesinin şəffaflığını təmin etmək üçün ilk addımlardan biri test suallarının və onların cavablarının universitet saytında elan edilməsi olub.  Lakin imtahan nəticələrinin analizi test metodu ilə tədris nəticələrinin qiymətləndirilməsinin əzbərçilik, sualların mahiyyətinin başa düşülmədən cavablandırılması, tələbələrin növbəti təhsil pillələrində problemlərlə qarşılaşması və bu kimi halların ortaya çıxmasına səbəb olduğunu göstərib.  Yazılı imtahanlarda şəffaflığın təmini üçün Tədrisin Keyfiyyətinin Qiymətləndirilməsi və İdarəedilməsi Mərkəzi (TKQİM) yaradılıb.

 Yeni tədris ilindən birinci kurs tələbələrinin yazılı kollokvium və imtahanlarının təşkilini bu mərkəz həyata keçirir. Prosesə nəzarəti mərkəz tərəfindən müəyyən olunmuş şəxslər həyata keçirirlər. Bütün imtahan prosesi rektorun şəxsi nəzarətindədir.

İnnovativ Biznes İnkubatorunun direktoru Mircavid Həsənovla söhbətRaqif bəyə təşəkkür edib keçən ildən yaradılan SABAH qruplarının auditoriyalarına yollanırıq. SABAH qruplarının yerləşdiyi dəhlizə gələndə yenidən yeni il ab-havasını yaşayırıq. Hər tərəf bəzədilib. Amma təəssüf ki, həmin gün qrupların imtahanı olmadığı üçün tələbələri görə bilmirik. Universitetin əməkdaşı bizə banklardan birinin bu qruplar üçün yenidən qurduğu auditoriyanı göstərir. Ustaların işlədiyi auditoriya yeni texnoloji avadanlıqlarla təchiz olunacaq. SABAH qrupları resurs mərkəzinin əməkdaşı isə qruplar və auditoriyalar barədə məlumat verir:

- Universitetin SABAH qruplarında 9 ixtisas üzrə 224 tələbə təhsil alır. Onlar 10 qrupa bölünüb və 10 auditoriya ayrılıb. Auditoriyalarda smartboardlar (ağıllı lövhələr) quraşdırılıb. Onların auditoriyalarının qapısında planşetlər yerləşdirilib. İstənilən şəxs bu planşetdən auditoriyanın boş olub-olmadığını, burada hansı qrupun, hansı müəllimin olduğunu və hansı fənnin tədris edildiyini görə bilər. Eyni zamanda dəhlizdə elektron lövhə quraşdırılıb ki, buradan SABAH-la bağlı istənilən məlumatı, yenilik və xəbərləri əldə etmək olur. SABAH qruplarında dərs deyən bütün müəllimlər Təhsil Nazirliyinin komissiyasından keçmiş müəllimlərdir. Tədris planları elə qurulub ki, burada intensiv ingilis dili tədris olunmaqla yanaşı xarici ölkələrdən gələn müəllimlər də dərs deyirlər.

Maraqlıdır ki, yeniliklər olan bu qruplar özləri hansı işləri ortaya qoyur?

Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Müslüm İbrahimov- Elə bu qruplar gələndən hər gün tədbirlər keçirilir. İndi imtahanlar başladığı üçün bir az sakitlikdir. Müxtəlif bölgələrimizə səyahətlər təşkil edirlər. Yaxın zamanlarda xarici ölkələrə də səfərlər gözlənilir. Səfərlərdə məqsəd idarəetməni öyrənmək, sertifikatlı kurslarda iştirak etməkdir.

SABAH qrupları üçün olan şərait bütün universitetə tətbiq olunsa nə yaxşı olar-deyirəm. İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşından müsbət cavab alıram:

- Bu ildən etibarən universitetimiz elektron sənəd dövriyyəsinə keçir. Dəhlizlərdə quraşdırılacaq elektron lövhələr vasitəsilə bir çox məsələlər asanlaşacaq. Məsələn, tələbə arayış almaq istəyir. Bu barədə elektron lövhədə məlumatı qeyd edəcək və ona bildiriləcək ki, nə vaxt və haradan götürə bilərsən. Bu həm də kağız itkisinin qarşısını alır. Rektor deyir ki, bizim məqsədimiz SABAH qruplarına yaratdığımız şəraiti bütün universitetə və bütün tələbələrə tətbiq etməkdir.

SABAH qrupları mərkəzinin əməkdaşına təşəkkür edib, yenidən universiteti gəzməyə davam edirik. "Elm və innovasiyalar" mərkəzinin qarşısından keçəndə buranın da  2014-cü ildə bir neçə şöbənin birləşməsindən yaradıldığını öyrənirik. Ötən il universitetdə "Ümumdünya elm günü" çərçivəsində ilk dəfə keçirilən "Elm günləri" barədə söhbətimizi davam etdiririk. Və bu zaman MBA (Master of Business Administration) departamentinin qarşısından keçirik. Bələdçimiz deyir ki, MBA ötən ildən departament kimi genişləndirilib. Buranın da çox uğurlu tələbə  və mütəxəssisləri var. Dərs günləri olmadığı üçün dəhliz o qədər sakitdir ki, biz də sakit dəhlizdə addımlayırıq. "Elm və innovasiyalar" mərkəzinin rəhbəri ilə qarşılaşırıq və salamlaşırıq.  Liftə yaxınlaşanda diqqətimi "Xüsusi istedadlar fakültəsi" yazılan lövhə çəkir. Liftə mindikdən sonra xanım əməkdaşdan bu fakültənin xüsusiyyətləri barədə soruşuram:

Universitetin İnnovativ Biznes İnkubatorunun ofisi- Uzun müddətdir fəaliyyət göstərən bu fakültədə tədris ingilis dilindədir və ordakı ixtisaslarda təhsil almaq istəyənlərin çoxu ixtisaslarını dəyişməli olur. Bu fakültədə təhsil almağa II kursdan başlayırlar və seçilmiş tələbələr olur.

Liftin qapısı açılır və biz "İnnovativ Biznes İnkubatoru"nun (İBİ) ofisinə daxil oluruq.  İBİ-nin ofisinə daxil olduqdan sonra insan sanki universitetdə olduğunu unudur. Özünü kiçik idarənin rəhbəri kimi hiss edir. İBİ-nin tərkibində olan Start-up ofisinə də nəzər yetiririk. Ofisdə çalışanların əşyaları yerlərində olsa da özlərini görə bilmirik. Öyrənirik ki, Start-upların (start-uplar informasiya texnologiyaları sahəsində olan yeni layihələrdir) hamısı tələbədir və onlar imtahandadırlar. İmtahandan sonra gəlib işlərini davam etdirəcəklər. Biz də layihə barədə geniş məlumat almaq istəyirik. Ona görə də həm universitetin müəllimi, həm də mərkəzin rəhbəri  olan  Mircavid Həsənovu gözləyirik. Mircavid müəllim gəlir. Bizi gülərüzlə qarşılayan müəllimə layihəmizin  məqsədini  izah  edirik.  O da məmnuniyyətlə suallarımızı cavablandırır:

- İnnovativ Biznes İnkubatorunun direktoru, menecment kafedrasının müəllimiyəm. İBİ-də bütün ənənəvi biznes inkubatorları kimi fəaliyyət göstəririk. Mərkəzimiz 20 may 2014-cü ildə təsis olunub. Təqdimat mərasimimiz oktyabr ayının 27-si keçirilib. Təqdimatımız olana qədər start-uplarımız hazır idi. Nəsə iş ortaya qoyub açılışı etdik. Açılış mərasimində təhsil naziri Mikayıl Cabbarov, gənclər və idman naziri Azad Rəhimov iştirak ediblər. Özümüzə üç istiqamət müəyyənləşdirmişik. Birinci istiqamət start-upların inkişafıdır. İlk növbədə, tələbələrin start-up şirkətlərinin yaradılmasıdır. İkinci istiqamət konsaltinq xidmətidir. Biz buna "biznes klinik" deyirik. Professor-müəllim heyətimizdən təşkil olunmuş yüksək ixtisaslı ekspertlərimiz var, onlarla istənilən biznesdə olan problemləri araşdırıb biznesin "xəstə" yerlərini tapıb "müalicə" edirik. Bu sahədə əsasən korporativ sektorla işləyirik.

Üçüncü istiqamətimiz isə burada yerləşən təlim mərkəzimizdir. Həm ödənişli, həm də ödənişsiz əsaslarla müxtəlif mövzularda təlimlər, treninqlər, master-klaslar keçirilir. Start-upları isə 4 istiqamətdə dəstəkləyirik. Maddi-texniki təchizatdır ki, biz onlara ofis veririk. Burada artıq bizim 4 şirkətimiz var. Sonra təlim-metodiki dəstəkdir. Onlar üçün pulsuz təlimlər təşkil edirik. Üçüncü dəstək tipimiz psixoloji dəstəkdir. Dördüncü dəstək tipi isə maliyyə dəstəyidir. Ya öz hesabımıza, ya da investorların hesabına müəyyən start-up layihələri dəstəkləyirik. İlk 4 start-upa universitet maliyyə dəstəyi göstərdi. Elə start-uplar seçdik ki, gələcəkdə yarananlara dəstək olsun. Eyni zamanda ofisdə müxtəlif tədbirlərimiz olur. Məqsədimiz isə tələbələrə biznesin praktik tərəfini öyrətməkdir. Məsələn, bu yaxınlarda xaricdən bizim qonağımız gəldi. Tədbirlərimizi davam etdirmək istəyirik. Yaxın zamanda universitetə Azərbaycan Türkiyə İş Adamları Birliyinə (ATİB) daxil olan şirkətlərin rəhbərlərini dəvət edəcəyik. Gəlib bizim start-uplara masterklaslar keçəcəklər. Hələ ki, start-uplar korporativ sektora çıxmayıblar. Fərdi sifarişlər götürüb işləyirlər. Azərbaycan Sahibkarlar Konfederasiyasının üzvüyük. Bəzi şirkətlərlə ilkin danışıqlar olub. Şirkətlərimizə maraq var.

İBİ-nin ofisindən çıxıb yenidən universitet həyatına qayıdırıq. Universitet üçün önəmli olan beynəlxalq əlaqələrdir. Buna görə də yolumuzu Beynəlxalq əlaqələr departamentinə yönəldirik. Departamentin rəhbəri, dosent Müslüm İbrahimov bizi qarşılayır və otaqda olan əməkdaşlarla da tanış edir. Biz də tanışlığımıza şadıq deyib söhbətimizə başlayırıq. Xarici tələbələrin universitetə olan marağını soruşuruq:

- Xarici tələbələr barədə onu deyə bilərəm ki, coğrafiya dəyişib. Ona görə ki, biz daha da çox Afrika və Asiya ölkələrinə yönəlməyə başlamışıq. Koreya, Çin, Nigeriya, Özbəkistandan gələn tələbələr çox oldu.Təbii ki, Türkiyədən olan tələbələr yenə çoxluq təşkil edir. Rusiya və Ukraynadan soydaşlarımız oxumağa gəlir. Biz bu gün diasporalarla işləyirik. Universitetimızdə 4 dildə tədris aparılır - Azərbaycan, türk, rus və ingilis. Xarici vətəndaş gəlib rahatlıqla təhsil ala bilər. Necə deyərlər, biz dil baryerini aşmışıq. İngilis bölməsinin olması ikili diplomların verilməsinə, tələbə mübadiləsinin  aparılmasına çox kömək edir.

- Maraqlıdır, xarici tələbələr təhsillərini 4 ildə tamamlaya bilirlər?

- MDB ölkələrinin bütün universitetlərində bu problemlər var. Nigeriyalıdır, çinlidir, onların müxtəlif problemləri olur. Məsələn, bilirik ki, onlar işləyir. Bolonya sisteminə görə xaric olunma yoxdur. Onlar neçə il oxuya bilirlərsə oxuyurlar.

Xarici tələbələrin təhsilindən universitetin beynəlxalq əlaqələrinə keçirik.

- Ötən il hansı yenilikləriniz oldu və gələn il hansı planlarınız var?

- 90-dan çox universitetlə əməkdaşlıq edirik. 2014-cü ildə Litvanın Mikolas Romeris Universiteti ilə magistratura səviyyəsində ikili diplom barədə müqavilə imzaladıq. Bizim tələbəni magistraturaya qəbul edəndə bakalavr diplomumuzu da tanıyırlar. Bir neçə universitetlə də ikili diplom barədə danışıqlar gedir. İsveçrənin Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti ilə "Biznesin təşkili və idarə edilməsi" ixtisası üzrə birgə MBA proqramını yaratdıq. Almaniyanın universitetlərindən biri ilə bakalavr səviyyəsində ikili diplomla bağlı danışıqlar gedir. Almaniyanın Ziqen Universiteti ilə layihəyə start vermişik. Alman professor və 5 nəfər tələbə gəldi bizim universitetə və bizdən olan 15 tələbə ilə birlikdə bir həftə ərzində alman professor mühazirə oxudu. Bizim 15 tələbəmizin hamısı alman tələbələrlə birlikdə imtahan verib Ziqen Universitetinin kreditlərini qazandılar. İndi artıq fevral ayında bizim müəllim və 5 tələbəmiz Ziqen Universitetinə gedir. Bundan başqa, Böyük Britaniyanın Kardiv Universitetinin nümayəndəsi universitetdə qonaq oldu. İngilis bölməsinin tələbələr ilə görüşdükdən sonra tələbələrin İELST-sız Kardiv Universitetinə qəbul olması barədə təklif verdilər. Malayziya, İndoneziya universitetləri ilə əməkdaşlığımız var. Çalışırıq ki, ordan daha çox tələbə cəlb edək. Tələbə cəlb etmək o qədər də asan deyil. Bu istiqamətdə işlər görülür. Fransa universitetləri ilə əməkdaşlıq aparmağa çalışırıq. Xaricdə təhsil alan tələbələrimiz vasitəsilə universitetlərə çıxış əldə edirik. Sevinc hissi ilə deyə bilərəm ki, biz əməkdaşlıq üçün Rusiya universitetlərinin arasında seçim aparırıq. Rusiya universitetləri bizimlə işləmək istəyir. Çünki bizim vasitəmizlə Türkiyə universitetlərinə çıxış əldə etmək istəyirlər. Erasmus proqramı çətindir, amma bizim bu proqramda iştirak etmək üçün tam potensialımız var. Bizim bütün proqramlar rus və ingilis dilinə tərcümə olunub.  Bilirsiniz, beynəlxalq əlaqə təkcə xarici universitetlərlə olmur. Biz çalışırıq ki, öz universitetlərimizlə də əlaqələrimizi gücləndirək. Beynəlxalq strategiyanı universitetlər bir yerdə birləşərək aparmalıdır. Biz həm də 2014-cü ildə TEMPUS proqramında qalib olduq və bu proqramın tərəfdaşıyıq. Azərbaycan universitetlərinin bir neçəsi ilə partnyoruq. Təkliflərimiz, layihələrimiz olur.

- Müəllim və tələbə heyətinizin beynəlxalq aləmdə nailiyyətləri nə oldu?

- Müəllimlərimiz "Mövlana" proqramında çox yüksək şəkildə iştirak ediblər. Türkiyənin bir neçə universitetində dərs deyiblər. Və hələ ki, onlardan narazılıq olmayıb.

- Beynəlxalq şirkətlərdən universitetə marağı olanlar hansılardır?

- Biz iqtisadiyyat sahəsində olan transmilli şirkətlərlə qarşılıqlı əlaqələr qurmaq istəyirik. 2014-cü ildə ABŞ şirkətlər assosiasiyasının üzvü olduq. Şirkətlər artıq bizə müraciətlər edir. Biz bu şirkətlərlə danışıqlar aparırıq ki, sizə necə mütəxəssislər lazımdır. Bizdə bir  neçə dəfə görüşlər olur. Onlar təklif edir ki, bizə belə mütəxəssis lazımdır. Şirkət deyir ki, mənə nə lazımdır. Universitet o istiqamətdə mütəxəssis hazırlayır və şirkət də onu işə götürür. Məsələn, bizim xüsusi istedadlar fakültəsinin tələbələri III kursdan sonra şirkətlərdə çalışmağa başlayır. Elə Dövlət Proqramı ilə xaricdə təhsil alan tələbələrin çoxu bu fakültədə təhsil alanlardır. Biz istəyirik ki, Erasmus vasitəsi ilə xaricdə magistraturada oxuyan tələbələrin sayını daha da çoxaldaq. Bu bizə çox lazımdır. Çünki həmin tələbələr sonra qayıdırlar. Kembric Universitetini bitirən məzunumuz dövlət qurumunda işləyir və bizdə də dərs deyir. Rektorumuz da istəyir ki, xaricdə təhsil alan məzunlarımız qayıdandan sonra harda işləyirsə işləsin, ancaq gəlib bizdə də dərs desin.

Universitet ali təhsilli kadr yetişdirir. Önəmli olan məqamlardan biri onların iş tapması məsələsidir. Məlumat verilir ki, ötən il universitetdə çox böyük "Məzun yarmarkası" keçirilib. Karyera məsələləri, məzun yarmarkaları barədə bizə universitetin Karyera Mərkəzinin direktoru Fuad Əliyev məlumat verir:

- Karyera mərkəzi ADİU, Gənclər və İdman Nazirliyi və Beynəlxalq Əmək Təşkilatının birgə layihəsidir. 2008-ci il 28 noyabrda yaranıb. Yaranmasında məqsəd tələbə və məzunlarımıza karyera inkişafında, əmək bazarının tələblərinə uyğun olaraq yetişdirilməsində köməklik göstərilməsi və s-dir. Korporativ sektorla daha çox işləyirik. Müxtəlif sertifikatlaşdırılmış təlimlər keçirilir, vakansiya təqdimatları və karyera günlərini təqdim edirik. Dövlət qurumları ilə sıx əlaqələrimiz var. 100-dən çox şirkətlə partnyoruq. Xarici şirkətlərlə də əlaqələrimiz var. 2014-cü ildə 3000-ə yaxın məzunumuzun 1114 nəfəri işə düzəlib. Azərbaycanda ilk dəfə keçən il yaradılan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dünya Bankının birgə layihəsi olan "Virtual şirkət" layihəmiz var. Layihəni Dünya Bankı maliyyələşdirir. Ötən il çox böyük  məzun yarmarkası keçirildi.Yarmarkada yüzə yaxın şirkət  və 58 yerli və xarici universitetin 3000-ə yaxın məzunu iştirak etdi.

Yenidən İctimaiyyətlə əlaqələr departamentinə qayıdırıq. Lazım olan digər informasiyaları da bizə təqdim edirlər. Bu gün üçün və göstərdikləri köməkliyə görə hər birinə təşəkkür edib sağollaşırıq. 

Fotolar:  Rəşad RAMAZANOĞLU

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov