Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

10 Yanvar 2015 - №01

 

Xarici xəbərlər

 

Rusiyada onlayn-təhsil kursları təkmilləşdirilir 

Rusiyanın Təhsil və Elm Nazirliyində ölkənin  nüfuzlu  ali məktəblərinin təşəbbüsü  ilə onlayn-təhsil  şurası yaradılıb. "Uçitelskaya qazeta"nın məlumatına əsasən,  şuranın fəaliyyəti onlayn-kursların tətbiqi üçün  təşkilati-metodik və maddi-texniki şəraitin  yaradılması və onun hüquqi bazasının təkmilləşdirilməsi üzrə təkliflərin işlənib  hazırlanmasını  nəzərdə tutur.  Bundan  başqa,  şura   onlayn-kursların yaradılması və birgə istifadəsində  ali  məktəblərin səylərinin koordinasiyasına kömək edəcək. Şuraya Təhsil və Elm Nazirliyinin və  Rusiya təhsilə nəzarət komitəsinin  nümayəndələri, ölkənin aparıcı ali məktəblərinin rektorları daxildir. Şuraya təhsil və elm naziri Dmitri Livanov sədr seçilib.

Onlayn-təhsilin inkişaf perspektivləri barədə danışarkən, nazir qeyd edib ki, dünyanın aparıcı ali məktəblərinin  öz  fəaliyyətlərini açıq formatda təşkil etmələri səyləri mövzunun aktuallığını bir daha təsdiq edir. Bundan əlavə,  rusiyalı istifadəçilər tərəfindən də onlayn-kurslara böyük tələbat vardır.

"Nazirlik təhsil sahəsində açıq resursların yaradılması üzrə  ölkənin  aparıcı universitetlərinin  təşəbbüsünü dəstəkləyir.  Şura onlayn-təhsildə keyfiyyətli təhsil kontentinin tətbiqi sahəsində  universitetlər  arasında qarşılıqlı səylərin dəstəklənməsində  mühüm  mexanizm olacaq",-deyə nazir bildirib. Şuranın ilk toplantısında qeyd olunub ki,  kursların keyfiyyətli  təşkilinə  qoyulan yüksək tələblərə əməl olunması  və  təlim nəticələrinin qiymətləndirilməsi  sayəsində tədris proqramlarının mühüm hissəsinin mənimsənilməsinə nail olunacaq. Bu zaman   ali məktəbdə tələbələrin onlayn  və ya ənənəvi kursu seçmək hüququ   tam təmin olunacaq.  


Kanada universitetlərinin reytinq cədvəli açıqlanıb 

Kanadanın ali təhsil sahəsində aparıcı nəşrlərindən olan "The MacleanTs Guide to Universities" ölkənin ən nüfuzlu universitetlərinin 24-cü illik reytinq cədvəlini tərtib edib. Sorğu universitet rektorları, məktəb direktorları, müəllimlər, ölkənin aparıcı şirkətlərinin rəhbərləri, akademik məsləhətçilər arasında aparılıb. Nəticələr əsasında bütün universitetlər 3 kateqoriyaya bölünüb.  Medical Doctoral category - doktorluq və elmi tədqiqat proqramları təqdim edən ali məktəblərin siyahısına  10 ildir Makginli Universiteti rəhbərlik edir.  İkinci sırada bu il  Toronto Universiteti yer alıb.  O, ötən il 2-ci olan  Britaniya Kolumbiyası Universitetini üçüncü sıraya sıxışdırıb.  Comprehensive category - tədqiqatçılıq fəaliyyətlərinin  daha çox önəm verildiyi universitetlərın siyahısına Simon Fraser Universiteti başçılıq edir.  Viktoriya Universiteti   ikinci, Vaterloo Universiteti bu kateqoriya  üzrə 3-cüdür.

Primarily Undergraduate category  -  bakalavr proqramları təqdim edən ali məktəblərin siyahısına son 18 ildir ki, Mounitt Allison Universiteti rəhbərlik edir. Şimali Britaniya Kolumbiya Universiteti  ikinci,   Letbric Universiteti  3-cü yeri bölüşüblər.


Hansı universitetlərin məzunları işlə daha yaxşı təmin olunur? 

Böyük Britaniyanın təhsil sahəsində nüfuzlu konsaltinq xidməti göstərən "Times Higher Education"  dərgisi bu sahədə dünya universitetlərinin reytinq sıralamasını  tərtib edib.  "Global Employability University Ranking"  sıralamasına məzunların  işlə təmin olunmasına görə daha yaxşı göstəricilərə malik olan Kembric Universiteti rəhbərlik edir.  Cədvəlin ilk 10-luğunda Böyük Britaniyanın 5 universiteti yer alıb. 150 universitet sırasına  bu ölkədən 12 ali məktəb daxildir.  Rusiyanın ən yaxşı  ali məktəbi hesab olunan M.V.Lomonosov adına Moskva Dövlət Universiteti 138-ci sıradadır.  Beləliklə də ilk 20-likdə aşağıdakı universitetlər yer alıb:

1.University of Cambridge (Böyük Britaniya), 2.Harvard University (ABŞ), 3.Yale University  (ABŞ), 4.University of Oxford (Böyük Britaniya), 5.California Institute of Technology (ABŞ), 6.Massacusets Institute of Technology (ABŞ), 7.Stanford University (ABŞ), 8.TU München (Almaniya), 9.Princeton University (ABŞ), 10.University of Tokyo (Yaponiya), 11.Columbia University (ABŞ), 12.University of California, Berkeley (ABŞ), 13.University of  Toronto (Kanada), 14.University College London (Böyük Britaniya), 15.Imperial College London (Böyük Britaniya), 16.Hong Kong University of  Sciences and Tech (Honkonq), 17.Ecole Normale Superieure Paris (Fransa), 18.University of  Edinburgh (Böyük Britaniya), 19.Johns Hopkins University (ABŞ), 20.Peking University (Çin).

 


 Qazaxıstanda "Ən yaxşı ali məktəb müəllimi" müsabiqəsi keçirilib 

Qazaxıstan Təhsil və Elm Nazirliyində "Ən yaxşı ali məktəb müəllimi" fəxri adının verilməsi üzrə respublika müsabiqə komissiyasının iclası keçirilib. Komissiyanın tərkibinə parlamentin deputatları, dövlət orqanlarının nümayəndələri, "Nur Otan" partiyası mərkəzi  aparatının üzvləri daxildir.  Qazaxıstan Respublikası Təhsil və Elm Nazirliyinin mətbuat xidmətinin məlumatına əsasən, müsabiqədə ölkənin 90 ali məktəbindən 545 müəllim iştirak edib.  Müsabiqə gedişində "Ən yaxşı ali məktəb müəllimi" adına layiq olan 200 namizəd seçilib. Onların arasında elmlər doktorları 39,5 faiz, elmlər namizədləri 57 faiz, fəlsəfə doktorları 3 faiz təşkil edir.  Onlar texniki, pedaqoji, tibb, kənd təsərrüfatı, iqtisadiyyat, hüquq və digər elm sahələrini təmsil edirlər.  "Ən yaxşı ali məktəb müəllimi" adına layiq görülənlər  dünyanın aparıcı universitetlərində təcrübə keçmək,  özlərinin  elm və təhsil layihələrini  reallaşdırmaq imkanı qazanıblar.   

Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi"
xarici mətbuat materialları əsasında

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov