Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

10 Yanvar 2015 - №01

 

"Gələcək karyeramı Mərkəzi Bankda qurmağı planlaşdırıram"

 

Böyük Britaniyanın Queen Mary London  Universitetinin magistrantı  Məhəmməd Məhərrəmli ilə söhbət 

Oruc MUSTAFAYEV, "Azərbaycan müəllimi" 

Məhəmməd Mirqalib oğlu Məhərrəmli 1991-ci il  noyabrın 15-də Gədəbəy rayonunda anadan olub.  2008-ci ildə şəhər 1 nömrəli tam orta məktəbi bitirib. 2008-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə fakültəsinə daxil olub.  2012-ci ildə həmin universitetin "Xüsusi İstedadlar Qrupu"ndan (XİQ) məzun olub. 2012-2013-cü illərdə "Hyatt" korporasiyasında daxili auditor kimi fəaliyyət göstərib.   2013-cü ilin sentyabrından  "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə  təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Böyük Britaniyanın Queen Mary London Universitetində magistratura təhsilinə başlayıb.  

- Xaricdə təhsil almağa necə qərar verdiniz? İxtisas seçimində kimlərin dəstəyi oldu?

- "Xüsusi İstedadlar Qrupu"nda təhsil almaq demək olar ki, mənim həyatımı dəyişən əsas amillərdən biri oldu. Çünki bu qruplarda bütün dərslər xarici  və ya xaricdə oxumuş müəllimlər tərəfindən ingilis dilində tədris olunurdu. Bu isə bizdə xarici ədəbiyyatı oxumaq və qavramaq qabiliyyətini gücləndirdi, tezliklə öyrəndiyimiz biliklərin daha da təkmilləşdirilməsinə  ehtiyac yarandı və biz də xaricə üz tutduq. İxtisas seçiminə gəldikdə isə, maliyyə və mühasibatlıq sahəsində təhsil almaq  mənim arzum idi.  Bu arzu Azərbaycanda həmin sahəyə artan tələbat, həm də bakalavr dövründə aldığım təhsilin nəticəsində yaranmışdı.

Mən deyərdim ki, 2013-2014-cü ildə Dövlət Proqramı çərçivəsində tələbələrin seçim prosesi əvvəlki illərə nisbətən yenilik idi. Bu, ədalətli, sistemli və şəffaf bir seçim prosesi ilə diqqət çəkdi.

- Təhsilimizdə gedən proseslərə münasibətiniz?

- Son illərdə böyük işlər görülür. Təbii ki, irəlidə  görüləcək çox işlər var. Cənab Prezidentimiz İlham Əliyevin sözləri ilə desək, "Biz iqtisadi potensialımızı insan kapitalına çevirməliyik".  Həqiqətən də  hazırda ölkəmizdə  ən çox  diqqət təhsil sahəsinə  yönəldilib.  Təhsil naziri Mikayıl  Cabbarovun  ölkəmizin təhsil sisteminə gətirdiyi  yeniliklər  bütün  cəmiyyətdə  rəğbətlə qarşılanır.  Aparılan  islahatlar təhsil sistemimizin səviyyəsinin  güclənməsinə xidmət edir. 

- Tələbə həyatınız necə keçir? 

- Londona gedəndə iqlimlə bağlı bir az çətinliklər oldu,  amma ingilislər olduqca mədəni və istiqanlı xalqdır, buna görə də çox çətinlik çəkmədik. Amma Britaniyada magistr dərəcəsi almaq çox çətindir. İmtahanlardan yaxşı qiymətlər almaq üçün bəzən gecələri kitabxanada keçirmək lazımdır, amma  bu çətinliyin özü də xoş gəlir, çünki çox dəyərli biliklər qazanırsan. Hər çətinliklə qarşılaşdıqda bu biliklərin Azərbaycanımıza verəcəyi faydaları düşünmək məni həmişə həvəsləndirib. 

Asudə vaxtım çox az olur və daha çox idmanla məşğul oluram. Bundan başqa, Britaniyanın "Financial Times" kimi məşhur jurnallarında dərc olunan   materialları izləyirəm.

- Oxuduğunuz ali məktəb barədə...

- Queen Mary London Universitetinin  əsası 1785-ci ildə qoyulub.  Hazırda dünyanın ən yaxşı 100 universiteti sırasındadır. Ali məktəbdə 15 minə yaxın tələbə təhsil alır.  Tələbələrin  30 faizini dünyanın 130 ölkəsindən olan əcnəbilər təşkil edir. Universitet məzunlarından 5 nəfər Nobel mükafatına layiq görülüb.  Oxuduğum ixtisasa görə, yəni maliyyə və mühasibatlığa görə isə Böyük Britaniyanın ən yaxşı dörd universitetindən biridir.

- Universitetdə imtahan sessiyası  necə  təşkil olunur?

- Bizim universitetdə bütün imtahanlar -  həm qış,  həm də yay semestrinin imtahanları may ayı ərzində olur. Bütün imtahanlar yazılı esse suallardan ibarət olur və London Universiteti tərəfindən mərkəzləşmiş qaydada aparılır. İmtahan nəticələri isə həm universitet daxili, həm də başqa universitetlərdən olan müəllimlər tərəfindən yoxlanılır.

- Universitetdə mühazirələrin təşkili necə qurulub?

- Bütün mühazirələr interaktiv metod üzərində qurulub, yəni mühazirələrdə müəllim və tələbə arasında fikir mübadiləsi aparılır.  Bütün zəruri materiallar hər tələbənin elektron hesabında yerləşdirilir, tələbə istənilən vaxt materiallardan istifadə edə bilir. Dərs prosesinə nəzarət universitet tərəfindən aparılır və eyni zamanda tələbələrdən müəllimlər haqda anonim sorğu alınır ki, bu sorğuların nəticəsi müəllimlərin həm maaşına, həm də gələcək dərslərinə təsir edir. 

- Əcnəbi tələbələrin təhsil üçün Britaniya universitetlərini seçməsini necə izah edərdiniz?

- Sonuncu reytinq cədvəllərinə baxsaq görərik ki, dünyanın ən yaxşı altı universitetindən dördü Britaniya universitetidir. Britaniyada təhsil almaq üçün səbəblər çoxdur, məsələn, ən yeni texnologiyaların olduğu laboratoriyalar, zəngin kitabxanalar, bütün tələblərə cavab verən kampuslar və yüksək keyfiyyətli təhsil. Bundan başqa,  Britaniyada məzun olmuş tələbə bilir ki, onun diplomu dünyada tanınır və dünyanın hər yerində iş tapa bilər.

- Bir neçə kəlmə seçdiyiniz ixtisasın əhəmiyyəti barədə... 

- Güclü bir ölkə üçün güclü iqtisadiyyat,  güclü bir iqtisadiyyat üçün də güclü maliyyə və mühasibatlıq sistemi olmalıdır. Beynəlxalq mühasibatlıq və maliyyə sisteminə keçidlə əlaqədar bu sahədə peşəkar kadrlara olan tələbat gündən-günə  artır. Buna görə də  bu keçid dövründə Azərbaycan Respublikasına yararlı  peşəkar kadr kimi  yetişmək mənim əsas hədəfimdir.

- Gələcək planlarınız?

- Gələcək karyeramı  Mərkəzi Bankda qurmağı planlaşdırıram. Ölkəmizə və millətimizə yararlı işlər görmək üçün hər zaman əlimdən gələni edəcəm.

 
 
 
Səhifənin başına qalx "Müsahibələr" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov