Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

10 Yanvar 2015 - №01

 

Vətəndaşlar Təhsil Nazirliyində yaradılan şəraitdən razılıq edirlər

 

Ötən il Təhsil Nazirliyinin İnformasiya şöbəsinin Vətəndaşlarla iş bölməsinə 154226 müraciət daxil olub 

Niyazi RƏHİMOV, "Azərbaycan müəllimi"

niyazisherifsoy@mail.ru 

Böyütmək üçün seçinSon vaxtlar Təhsil Nazirliyinin strukturunda bir sıra dəyişikliklər olmuşdur ki, bunlardan da biri İnformasiya şöbəsinin tərkibində Vətəndaşlarla iş bölməsinin yaradılmasıdır.  2013-cü ilin oktyabr ayında  fəaliyyətə başlayan bölməyə Vətəndaşların Qəbulu Mərkəzi, Telefon Məlumat Mərkəzi ("qaynar xətt") və Kommutator xidməti daxildir. Bölmənin fəaliyyəti ilə yaxından tanış olmaq məqsədilə Təhsil Nazirliyində olduq, bölməyə rəhbərlik edən Yaşar Zeynalovla söhbətləşdik.

Bildirdi ki, mərkəzlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Dövlət orqanlarında elektron xidmətlərin göstərilməsi haqqında" fərmanından və "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında" Azərbaycan Respublikasının Qanunundan irəli gələn vəzifələrin icrası işinin səmərəliliyinin artırılması məqsədlərinə xidmət edir. Müasir avadanlıqlarla və sürətli kommunikasiya sistemləri ilə təchiz edilmiş  mərkəzlər Təhsil Nazirliyinin struktur bölmələri və müvafiq təhsil qurumları ilə elektron qaydada əlaqələndirilib. Mərkəzlər təhlil imkanına malik informasiya sistemləri ilə təmin olunub. Mərkəzlərə xüsusi təlim keçmiş əməkdaşlar cəlb olunub. Xidmət səviyyəsinin və keyfiyyətin yüksəldilməsi üçün müasir avadanlıqlar vasitəsilə video-audio nəzarət aparılır və hər bir əməkdaşın fəaliyyəti xüsusi meyarlar əsasında qiymətləndirilir. Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olan müraciətlərin gündəlik statistikası aparılaraq təhlil edilir. Hər iki mərkəzin fəaliyyəti üzrə toplanan statistik məlumatlar əsasında müvafiq hesabatlar hazırlanır.

Nəzərə çatdıraq ki, Vətəndaşlarla iş bölməsi fəaliyyətə başladıqdan sonra bu istiqamətdə səmərəlilik əvvəlki illərdən fərqli olaraq xeyli artmış, vətəndaşlar rahat və sərbəst şəkildə Təhsil Nazirliyinə müraciət etmək imkanı qazanmışlar. Statistikaya nəzər salsaq görərik ki,  Təhsil Nazirliyinin İnformasiya şöbəsinin Vətəndaşlarla iş bölməsinə 2014-cü il ərzində vətəndaşlar tərəfindən 154226 müraciət daxil olmuşdur. Belə ki, Telefon Məlumat Mərkəzinə 60856 zəng (2013-cü illə müqayisədə 4,7 dəfə çox) və Kommutator xidmətinə 35000-ə yaxın zəng olunmuş, Vətəndaşların Qəbulu Mərkəzində isə 58370 vətəndaşa xidmət göstərilmişdir: ali təhsil üzrə (təhsil haqqının ləğvi, yaxud azaldılması, köçürülmə, bərpa və s.) - 8668; beynəlxalq əməkdaşlıq və xaricdə təhsil - 7883; ümumi təhsil müəssisələrinə aid, şagirdlərin yerdəyişməsi - 4174; müəllimlərin yerdəyişməsi, müəllimlərin işə qəbulu və digər kadr məsələləri - 3880; orta ixtisas və ilk peşə-ixtisas təhsilləri ilə bağlı - 1544; digər məsələlər üzrə (xarici diplomların tanınması, qrif verilməsi və s.) - 32221 müraciətlər daxil olmuşdur.

Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunmuşdur. 11848 vətəndaş sorğularına uyğun olaraq, elektron qaydada Təhsil Nazirliyinin müvafiq məsul şəxslərinin qəbuluna yazılmışdır. Əlavə olaraq, vəzifəli şəxslərin qəbuluna yazılmaq üçün e-poçt vasitəsilə 531 müraciət, teleqram və məktublar vasitəsilə 167 müraciət daxil olmuş və Təhsil Nazirliyinin qəbul qaydalarına əsasən müvafiq cavablar verilmişdir. Vətəndaşların Qəbulu Mərkəzində 13359 sənəd (6275 ərizə, 6139 məktub, 945 digər sənədlər) qəbul olunub və qeydiyyata alınmışdır. Şikayətlərin qeydiyyatı proqramında isə 404 müraciət qeydiyyata alınmış və araşdırılması üçün aidiyyəti şöbələrə, sektorlara, idarələrə göndərilmişdir.  

Vətəndaşların Qəbulu Mərkəzi 

Vətəndaşların Qəbulu Mərkəzində 7 nəfər əməkdaş fəaliyyət göstərir. Bunlardan 6-sı (6 masa), yəni vətəndaşları qəbul edərək onları əlaqələndirən şəxslər, 1 nəfər isə (1 masa) yardımçı, yəni vətəndaşlara prosedur qaydalarını izah edən şəxsdir. Qəbul proseduru belədir: vətəndaş mərkəzə daxil olur, monitordakı düyməni basaraq nömrə götürür və öz növbəsini gözləyir. Növbəsinin çatdığını bildirən siqnal səsindən sonra nömrəsi ekranda göstərilən masaya yaxınlaşır. Müvafiq müraciətini bildirən vətəndaşın sualları həmin masada əyləşən əməkdaş tərəfindən cavablandırılır və ya vətəndaşa istiqamət verilir. Demək olar ki, əksər müraciətlər yerindəcə cavablandırılır. Bundan başqa, vətəndaş nazir müavinləri və şöbə müdirləri ilə görüşmək istəyərsə, mərkəzin əməkdaşları vətəndaşın məlumatlarını qəbul qeydiyyatı bazasına daxil edir. Vətəndaşa qəbul gününün tarixi haqqında məlumat verilir. Bununla da vətəndaş asanlıqla nazir müavinləri və şöbə müdirləri ilə görüşmək imkanı əldə edir.

Yardımçı masada vətəndaşların sənədləri və məktubları qəbul olunur. Həmin sənədlər qeydiyyata alındıqdan sonra dəftərxanaya verilir, ordan da müvafiq şöbələrə və şəxslərə göndərilir. Bundan başqa, vətəndaşlara mərkəzdə ərizə yazmaq şəraiti də yaradılıb. Belə ki, bunun üçün xüsusi masa və nümunələr təşkil olunmuşdur. Mərkəzə müraciət edən vətəndaşlara metodiki və maarifləndirici məlumatlar verilir, onlara müxtəlif növ hüquqi yardımlar göstərilir. Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən mərkəz həftənin 5 günü saat 09:00-dan 18:00-dək fasiləsiz olaraq vətəndaşlara xidmət göstərir.  

Telefon Məlumat Mərkəzi 

Mərkəzdə 4 operator fəaliyyət göstərir. Zənglər çox olduqda 4, az olduqda isə 3 operator onları qəbul edir. Vətəndaşlar 146 nömrəsinə zəng etməklə operatorlarla əlaqə saxlaya bilirlər. Mərkəzə olunan müraciət, şikayət və təkliflər xüsusi məlumat bazasına daxil edilir, elektron formada Təhsil Nazirliyinin müvafiq struktur bölmələrinə yönəldilir. Müraciət, şikayət və təkliflər araşdırıldıqdan sonra vətəndaşlara rəsmi cavab verilir. Məlumat bazasında qeydlər aparılır və müraciətlər bazanın arxivinə yönləndirilir. Bundan əlavə, məlumat bazasında axtarış sistemi yaradılıb. Burada hər bir vətəndaşın müraciətini və onun Təhsil Nazirliyinə müraciətlərinin sayını axtarış meyarları əsasında tapmaq mümkündür. 

Kommutator xidməti 

Kommutator xidmətində 2 nəfər fəaliyyət göstərir. Xidmətin əməkdaşlarının əsas vəzifəsi vətəndaşlarla nazirliyin müxtəlif struktur bölmələrində fəaliyyət göstərən əməkdaşlar arasında əlaqə yaratmaqdır. Belə ki, vətəndaşlar müxtəlif mobil operatorlar vasitəsilə və şəhər telefonlarından 012-599-11-55 nömrəsini yığmaqla daxili nömrəni bilirlərsə birbaşa, daxili nömrəni bilmirlərsə operatorlar vasitəsilə müxtəlif şöbələrlə çox asanlıqla əlaqə saxlaya bilərlər. Mərkəzlərdən fərqli olaraq burada saat 13:00-dan 14:00-dək fasilə olur. Buna səbəb Təhsil Nazirliyinin struktur bölmələrində həmin saatlarda fasilənin olmasıdır.

 Vətəndaşlar göstərilən xidmətdən razıdırlar 

Vətəndaşlarla iş bölməsində olarkən qəbula gəlmiş bir sıra vətəndaşlarla görüşdük. Bölmənin fəaliyyəti ilə bağlı fikirlərini öyrəndik.

Şirin İsmayılov: - Mən Salyan rayonundan gəlmişəm. Qardaşım İslam İsmayılov  "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə  təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Cənubi Koreyanın Kayst Universitetini bitirib. Qardaşım hazırda  hərbi xidmətdə olduğu üçün onun diplomunun təsdiq olunması ilə bağlı Təhsil Nazirliyinə müraciət etdim. Müraciətimə çox qısa müddətdə, rahat şəkildə baxıldı və mənə diplomun təsdiq olunması ilə bağlı sənədi nə vaxt götürəcəyim tarix bildirildi. Bu gün həmin tarix olduğu üçün sənədi götürməyə gəlmişəm. Gördüyünüz kimi, sənəd artıq məndədir. Yaradılan şəraitə görə hər kəsə təşəkkürümü bildirirəm.

İlhamə Mustafayeva: - Ötən il noyabr ayının sonunda Təhsil Nazirliyinin şöbə müdiri Fərzəli Qədirovun qəbuluna düşmək üçün Vətəndaşların Qəbulu Mərkəzinə müraciət etdim. Mənə yanvarın 5-də saat 16:00-da nazirlikdə olmağımı bildirdilər. Bunun üçün mənə  bildiriş verdilər. Şöbə müdiri ilə görüşdüm və yerdəyişmə məsələsi ilə bağlı problemim olduğunu bildirdim. Nəzərə çatdırım ki, mən paytaxtın mərkəzi hissəsində yaşayıram. İş yerim isə Abşeron rayonu Masazır qəsəbəsindədir. Yolum uzaq olduğu üçün çətinlik çəkirəm. Fərzəli müəllim mənə diqqətlə qulaq asdı və yerdəyişmə ilə bağlı prosedur qaydalarını ətraflı izah etdi. İnşallah iyun ayında elektron ərizə ilə Təhsil Nazirliyinə müraciət edəcəm. Belə bir şəraitin yaradılması üçün Təhsil Nazirliyinin rəhbərliyinə və kollektivinə xüsusi minnətdarlığımı bildirirəm.

Oqtay Hüseynov: - Biləsuvar rayonundan gəlmişəm. Qızım Könül Hüseynlinin işi ilə bağlı, təxminən, bir ay bundan qabaq nazirliyə müraciət etdim. Adımı qeydiyyata saldılar və bu gün məsələ ilə bağlı şöbə müdiri ilə görüşdüm. Qeyd edim ki, qızım ötən il Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin işə qəbulu ilə bağlı müsabiqədə iştirak edərək 29 bal toplayıb. Ağsu rayonuna işə qəbul olunub. Lakin körpə uşağı olduğu üçün orada işləmək onun üçün çox çətindir. İş yerinin dəyişdirilib öz rayonumuza verilməsini xahiş etdim. Çox sağ olsunlar, məni diqqətlə dinləyib yerdəyişmə ilə bağlı qaydaları izah etdilər. Mənə seçim edərkən müəyyən məsələləri öncədən nəzərə almağı tövsiyə etdilər. Mehriban münasibət və şəffaflığın yüksək səviyyədə olması üçün Təhsil Nazirliyinin kollektivinə təşəkkürümü bildirirəm. 

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov