Ölkənin ali təhsil müəssisələrində olduğu kimi Bakı
Dövlət Universitetində də imtahan sessiyası davam edir.
Yanvarın 5-də rektor, akademik Abel Məhərrəmov hüquq,
ekologiya və torpaqşünaslıq, beynəlxalq münasibətlər və
iqtisadiyyat, biologiya və filologiya fakültələrində
imtahan prosesini izləyib, tələbələrin problemləri ilə
maraqlanıb.
Sessiyanın gedişinə operativ nəzarət etmək, yarana
biləcək narazılıqların mövcud qaydada araşdırılması və
həll edilməsi məqsədi ilə Qərargah və onun nəzdində
"Qaynar xətt" yaradılıb. Bu məqsədlə universitetin əsas
binasında və tədris korpuslarında şikayət, təklif və
məlumatlar üçün hər gün mövcud qaydada möhürlənməklə
xüsusi qutular asılıb. Qərargahın sədrinə tapşırılıb ki,
sessiya müddətində imtahanların gedişi ilə əlaqədar
ərizə, təklif və Təhsil Nazirliyinin "Qaynar xətt"i ilə
daxil olmuş şikayətlərin araşdırılmasını təmin etsin və
bu barədə tədbir görülməsi məqsədilə müvafiq təkliflər
versin.
Qeyd edək ki, imtahan sessiyası başlamazdan bir neçə gün
əvvəl rektor Abel Məhərrəmov dekan və qrup
nümayəndələrinin iştirakı ilə görüş keçirib, 2015-ci
ildə I Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar Bakı
şəhərində yerləşən bütün təhsil müəssisələrində tədris
prosesi və imtahan sessiyasının 2015-ci il may ayının
31-dək başa çatdırılması haqqında qərardan danışıb.
Rektor tədris qrafikində yaranmış sıxlığı, xüsusən də
imtahanlar arasındakı günlərin sayının az olmasını
nəzərə alaraq imtahan suallarının azaldılması ilə bağlı
müvafiq tapşırıqlar verildiyini də diqqətə çatdırıb.
Mətbuat və informasiya şöbəsi |