Azərbaycan
ictimaiyyətinə ağır itki üz vermişdir. Tanınmış ictimai
xadim və pedaqoq, Yeni Azərbaycan Partiyası Səbail rayon
təşkilatının sədri, əməkdar müəllim, pedaqoji elmlər
doktoru, professor Zahid İbrahim oğlu Qaralov 2015-ci il
yanvarın 7-də ömrünün 81-ci ilində vəfat etmişdir.
Zahid Qaralov 1934-cü il iyul ayının 10-da Gürcüstanın
Dmanisi rayonundakı Ormeşən kəndində anadan olmuşdur.
Orta məktəbi bitirdikdən sonra o, 1952-1956-cı illərdə
Azərbaycan Dövlət Pedaqoji İnstitutunun
fizika-riyaziyyat fakültəsində ali təhsil almışdır.
Əmək fəaliyyətinə 1956-cı ildə Gürcüstanın Dmanisi
rayonundakı Ormeşən kəndində orta məktəb direktoru kimi
başlayan Zahid Qaralov 1959-1961-ci illərdə Dmanisi
rayon komsomol komitəsinin birinci katibi olmuşdur. O,
1961-1964-cü illərdə Azərbaycan Dövlət Pedaqoji
İnstitutunun əyani aspiranturasında oxumuşdur. Zahid
Qaralov 1964-1976-cı illərdə Azərbaycan Elmi Tədqiqat
Pedaqoji Elmlər İnstitutunda kiçik elmi işçi, baş elmi
işçi, şöbə müdiri və elmi işlər üzrə direktor müavini,
1976-1984-cü illərdə isə həmin institutun direktoru
vəzifələrində çalışmışdır. O, 1984-1987-ci illərdə
Azərbaycan Respublikası maarif nazirinin müavini
işləmişdir. Zahid Qaralov 1987-ci ildən 1995-ci ilədək
yenidən Azərbaycan Elmi Tədqiqat Pedaqoji Elmlər
İnstitutunun direktoru vəzifəsini tutmuşdur.
Respublikanın ictimai-siyasi həyatının fəal iştirakçısı
olaraq Zahid Qaralov 1995-2005-ci illərdə iki çağırış
Azərbaycan Respublikası Milli Məclisinin deputatı
seçilmişdir. Tutduğu vəzifələrdən asılı olmayaraq, o
üzərinə düşən bütün işləri layiqincə yerinə yetirmiş,
çalışdığı sahələrdə yüksək təşkilatçılıq bacarığı ilə
seçilərək göstərilən etimadı daim doğrultmuşdur.
Zahid Qaralov 1967-ci ildə namizədlik, 1994-cü ildə
doktorluq dissertasiyalarını müdafiə etmiş və həmin ildə
professor elmi adını almışdır.
Azərbaycanda pedaqogikanın inkişafında Zahid Qaralovun
xidmətləri təqdirəlayiqdir. O, təhsil quruculuğu və
məktəblilərin təlim-tərbiyəsi problemlərinə dair
sanballı tədqiqatların müəllifi kimi tanınırdı. Alimin
200-dən çox elmi məqaləsi və 60-dan artıq monoqrafiyası,
dərslik və dərs vəsaiti nəşr olunmuşdur.
Respublikada pedaqogika sahəsində elmi kadrların
hazırlanmasında Zahid Qaralovun böyük əməyi vardır. Onun
rəhbərliyi altında onlarla tədqiqatçı dissertasiya
müdafiə etmişdir. Alimin ölkəmizdə və onun hüdudlarından
kənarda pedaqogikanın aktual problemlərinə həsr olunmuş
müxtəlif elmi simpozium və konfranslardakı çıxışları
mütəxəssislər tərəfindən yüksək dəyərləndirilmişdir.
Ömrü boyu əsl vətəndaşlıq mövqeyində dayanan Zahid
Qaralov 1990-cı illərin əvvəllərində ölkədə baş verən
mürəkkəb siyasi proseslərə münasibətdə milli mənafelərə
sadiq qalaraq yüksək obyektivlik nümayiş etdirmişdir.
Zahid Qaralovun elmi və ictimai fəaliyyəti layiqincə
qiymətləndirilmişdir. O, bir sıra orden və medallarla, o
cümlədən müstəqil Azərbaycan Respublikasının ali
mükafatları olan "Şöhrət" və "Şərəf" ordenləri ilə
təltif edilmişdir.
Tanınmış ictimai xadim, bacarıqlı maarif işçisi və
xeyirxah insan Zahid İbrahim oğlu Qaralovun xatirəsi onu
tanıyanların qəlbində həmişə yaşayacaqdır.
Allah rəhmət eləsin!
İlham Əliyev, Artur Rasizadə, Oqtay Əsədov, Ramiz
Mehdiyev, Mehriban Əliyeva,
lçin Əfəndiyev, Əli Həsənov, Əli Əhmədov, Akif Əlizadə,
Hacıbala Abutalıbov,
Fatma Abdullazadə, Mikayıl Cabbarov, Yəhya Kərimov,
Əjdər Ağayev |