Azərbaycanın
təhsil və elmi ictimaiyyətinə ağır itki üz vermişdir.
Tanınmış kimyaçı alim, Azərbaycan Milli Elmlər
Akademiyasının həqiqi üzvü, kimya elmləri doktoru,
professor, əməkdar elm xadimi, Azərbaycan Dövlət Neft
Akademiyasının rektoru Siyavuş Fərhad oğlu Qarayev
2015-ci il yanvarın 2-də ömrünün 73-cü ilində vəfat
etmişdir.
Siyavuş Qarayev 1942-ci il aprelin 30-da Samux rayonunun
Qarağaclı kəndində anadan olmuşdur. Gəncə şəhərindəki 24
saylı orta məktəbi bitirdikdən sonra o, 1959-1964-cü
illərdə Azərbaycan Dövlət Universitetində (indiki Bakı
Dövlət Universiteti) kimya ixtisası üzrə ali təhsil
almışdır.
Əmək fəaliyyətinə 1964-cü ildən etibarən keçmiş SSRİ
Neft-Kimya Sənayesi Nazirliyinin Ümumittifaq Elmi
Tədqiqat Olefinlər İnstitutunda başlayan Siyavuş Qarayev
1966-1967-ci illərdə Azərbaycan Respublikası Elmlər
Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunun
Sumqayıt filialında kiçik elmi işçi işləmişdir. O,
1967-1970-ci illərdə Azərbaycan Neft və Kimya
İnstitutunun aspiranturasında oxumuş, 1970-1982-ci
illərdə isə həmin institutda kiçik elmi işçi, baş elmi
işçi, bölmə rəhbəri və dosent vəzifələrini tutmuşdur.
Siyavuş Qarayev 1982-ci ildən indiki Neft Akademiyasında
üzvi kimya kafedrasına rəhbərlik etmiş, 1988-1997-ci
illərdə kimya texnologiyası fakültəsinin dekanı
olmuşdur. O, 1997-ci ildən ömrünün sonunadək Azərbaycan
Dövlət Neft Akademiyasının rektoru vəzifəsində
çalışmışdır.
Siyavuş Qarayev 1970-ci ildə namizədlik, 1981-ci ildə
Mixail Lomonosov adına Moskva Zərif Kimya Texnologiyası
İnstitutunda doktorluq dissertasiyalarını müdafiə etmiş,
1984-cü ildə professor elmi adını almışdır. O, 2001-ci
ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü,
2007-ci ildə isə həqiqi üzvü seçilmişdir. Eyni zamanda
o, bir sıra xarici universitetlərin və akademiyaların
fəxri doktoru, professoru və üzvü idi.
Akademik Siyavuş Qarayev üzvi kimyaya dair fundamental
tədqiqatları ilə tanınırdı. Alimin zərif üzvi sintez
sahəsində araşdırmalarının nəticəsi olaraq alınmış yeni
maddələr neft sənayesində, təbabətdə dərman
preparatlarının alınma üsullarının işlənib
hazırlanmasında və kənd təsərrüfatında bitkilərin
stimulyatorlarının yaradılmasında tətbiq edilmişdir.
Üzvi kimyanın müasir istiqamətləri üzrə bir neçə yeni
qanunauyğunluğun aşkara çıxarılması onun adı ilə
bilavasitə bağlıdır.
Ömrünü neft kimyası sahəsində yüksək ixtisaslı kadrların
hazırlanmasına həsr etmiş Siyavuş Qarayev 500-ə yaxın
elmi əsərin, həmçinin 5 monoqrafiyanın, 10 dərslik və
dərs vəsaitinin müəllifi idi. O, elmi nailiyyətlərinə
görə 60-dan çox patent və 27 müəlliflik şəhadətnaməsinə
layiq görülmüşdür. Alimin ölkəmizdə və onun
hüdudlarından kənarda çap olunmuş əsərləri, eləcə də
elmi simpozium və konfranslarda çıxışları mütəxəssislər
tərəfindən yüksək qiymətləndirilmişdir.
Siyavuş Qarayev elmi kadrların yetişdirilməsi işinə
xüsusi diqqət göstərirdi. Onun rəhbərliyi altında
onlarla gənc alimlik dərəcəsi almaq üçün dissertasiya
müdafiə etmişdir.
Siyavuş Qarayevin elmi və pedaqoji fəaliyyəti dövlət
tərəfindən layiqincə dəyərləndirilmişdir. O, müstəqil
Azərbaycan Respublikasının ali mükafatlarından olan
"Şöhrət" ordeni ilə təltif edilmişdir.
Tanınmış kimyaçı alim və pedaqoq, səmimi insan Siyavuş
Fərhad oğlu Qarayevin xatirəsi onu tanıyanların qəlbində
həmişə yaşayacaqdır.
Allah rəhmət eləsin!
İlham Əliyev, Artur Rasizadə, Oqtay Əsədov, Ramiz
Mehdiyev, Elçin Əfəndiyev,
Hacıbala Abutalıbov, Fatma Abdullazadə, Mikayıl
Cabbarov, Akif Əlizadə,
Tofiq Nağıyev, Dilqəm Tağıyev, Məhərrəm Məmmədyarov,
Kamil Sadıqov,
Musa Rüstəmov, Nadir Seyidov, Vaqif Fərzəliyev, Vaqif
Abbasov |