Dekabrın
26-da Təhsil Nazirliyi tərəfindən keçirilən V "Elektron
təhsil" Respublika müsabiqəsi qaliblərinin
mükafatlandırılması mərasimi olub.
Tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov,
Təhsil Nazirliyinin struktur bölmə rəhbərləri, rayon
təhsil şöbələrinin rəsmiləri və qeyri-hökumət
təşkilatlarının nümayəndələri iştirak edib.
Mərasimdə çıxış edən təhsil nazirinin müavini Ceyhun
Bayramov artıq 5-ci ildir keçirilən müsabiqəyə marağın
böyük olduğunu bildirib. Ümumilikdə 1104 layihənin
təqdim olunduğu müsabiqənin rəsmi internet səhifəsində (www.musabiqe.edu.az)
qeydiyyatdan keçmiş 6930 müəllim, 1877 tələbə, 5349
şagird və 638 valideyn layihələrin onlayn müzakirəsində
iştirak edib.
Müsabiqənin keçirilməsində məqsəd elektron tədris
resurslarının, internet texnologiyalarının tədris
prosesinə tətbiqini genişləndirmək, tədris məqsədləri
üçün internetdən istifadənin yeni üsullarını öyrənmək və
tədris prosesində informasiya texnologiyalarından fəal
istifadə edən müəllimləri həvəsləndirməkdən ibarətdir.
Müsabiqə 3 əsas istiqamət və 7 nominasiya üzrə təşkil
olunub. Yüksək bal toplayan namizədlər Təşkilat Komitəsi
qarşısında öz işlərini nümayiş etdiriblər. Son nəticədə
21 nəfər qalib elan olunub. 47 nəfərin işi isə
fərqləndirilib.
Qaliblərə diplom, noutbuk, planşet, printer və digər
xüsusi mükafatlar təqdim olunub. Fərqlənən iştirakçılara
da müxtəlif hədiyyələr verilib.
Müsabiqənin keçirilməsinə "AZEDUNET", "Edumedia", "Ultra",
"Mədəd Azərbaycan", "İntel" korporasiyasının "Gələcək
üçün təhsil" proqramı, "Nar Mobile" və "Dr.Web"
şirkətləri sponsorluq edib. |