Heydər
Əliyev Fondu "Buta" sarayında Dünya Azərbaycanlılarının
Həmrəylik Günü və Yeni il ərəfəsində uşaqlar üçün
ənənəvi bayram şənlikləri keçirib. Azərbaycanın birinci
xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban
Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu
Əliyeva dekabrın 30-da keçirilmiş bayram şənliyində
iştirak ediblər. Bayram şənliklərinə uşaq evləri və
internat məktəblərinin yetirmələri, sağlamlıq imkanları
məhdud olan, şəhid, qaçqın və məcburi köçkün
ailələrindən uşaqlar, eləcə də təhsildə fərqlənən
məktəblilər dəvət olunublar.
Bayram şənliyi ulu öndər Heydər Əliyevin, Prezident
İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti
Mehriban Əliyevanın uşaqlarla görüşündən, gənc nəslə
diqqət və qayğısından bəhs edən videoçarxın nümayişi ilə
başlanıb. Şənlik iştirakçılarına yeni tərtibatda
hazırlanan proqram təqdim edilib. Bu proqram və
balacalar üçün qurulan, əsl bayram ab-havası yaradan
dekorasiyalar uşaqların əhvali-ruhiyyəsini daha da
yüksəldib. Hər il olduğu kimi, bu dəfə də balacalar
onların ən böyük himayədarı Mehriban Əliyevanın ətrafına
toplaşıblar. Azərbaycanın birinci xanımı uşaqların
sevinc və fərəhini bölüşüb, onlarla səmimi söhbət edib.
Bayram şənliyi üçün hazırlanan musiqili kompozisiyada
peşəkar incəsənət ustaları ilə yanaşı, uşaq
kollektivləri də maraqlı proqramla çıxış ediblər.
Balacaların sevimli cizgi filmlərinin qəhrəmanlarını
canlandıran personajlar şənlik iştirakçılarında gözəl
əhvali-ruhiyyə yaradıb. Səhnəciklər, oynaq, şux
mahnılar, rəqslər bayram tədbirini daha da rəngarəng
edib. Qış nağılını xatırladan sarayda uşaqlar bayram
ərəfəsində sevimli qəhrəmanların əhatəsində onlarla
birlikdə şənləniblər. Bayram şənliyində Azərbaycanın
birinci xanımı Mehriban Əliyeva çıxış edib.
Şənliyin sonunda hər bir iştirakçıya Heydər Əliyev
Fondunun hazırladığı bayram hədiyyələri təqdim olunub.
Üç gün davam edən bayram şənliyində 2 mindən çox uşaq və
məktəbli iştirak edib.
AzərTAc |