Təhsil
Nazirliyinin aparatının əməkdaşları arasında 31
dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr
olunmuş stolüstü tennis turniri keçirilib.
Turnirdə təhsil nazirinin müavini Firudin Qurbanov,
Azərbaycan Stolüstü Tennis Federasiyasının
vitse-prezidenti Fazil Məmmədov, Təhsil Nazirliyinin
30-a yaxın əməkdaşı, milli tennis yığmasının üzvləri
iştirak edib.
Turnirin keçirilməsində məqsəd əməkdaşların fiziki
hazırlığının möhkəmləndirilməsi və onların işdənkənar
münasibətlərinin gücləndirilməsidir.
Tədbirin açılış mərasimində çıxış edən Azərbaycan
Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Fazil
Məmmədov Təhsil Nazirliyinin bu təşəbbüsünü alqışlayaraq
belə təcrübənin geniş yayılmasının vacibliyini bildirib.
Federasiya rəsmisi təhsil sahəsində çalışanların idmanın
bu növünə marağının təhsilalanlar arasında da stolüstü
tennisə həvəsin artmasına səbəb olduğunu vurğulayıb. Bu
isə onların sağlam inkişafına müsbət təsir göstərir.
Təhsil nazirinin müavini Firudin Qurbanov ölkəmizdə
idmana böyük marağın olduğunu bildirib. Dövlət başçısı
İlham Əliyevin idmana diqqət və qayğısı nəticəsində
Azərbaycanın idman arenalarında uğurları ildən-ilə
artır. 1996-cı ildə olimpiadada cəmi 1 medal qazanan
Azərbaycan idmançıları hər sonrakı olimpiadada
əvvəlkindən çox medal əldə ediblər. Bu isə ölkəmizdə
idmanın sürətlə inkişaf etdiyini göstərir.
Daha sonra nazirliyin əməkdaşları arasında yarışa start
verilib. Kişilər arasında birinci yeri təhsil nazirinin
müavini Firudin Qurbanov, ikinci yeri şöbə müdiri Samir
Vəliyev, üçüncü yeri sektor müdiri Namiq Məmmədov tutub.
Qadınlar arasında turnirin qalibi Aysel Ağayeva olub.
Sonrakı yerləri Fəridə Novruzova və Həbibə Fərzəliyeva
tutublar.
Qaliblər Təhsil Nazirliyinin diplomları və qiymətli
hədiyyələri ilə mükafatlandırılıb. |