"Azərbaycan müəllimi" qəzeti yeni ildən yeni
dizaynda, fərqli formatda oxucularının qarşısına
çıxacaq. Ölkə mətbuatında yeni olan bu formatda
əsasən Amerika və Avropanın bir çox tanınmış
qəzetləri nəşr olunur. Eni 30, uzunluğu 50
santimetr olan bu format Azərbaycanda hazırda
istifadə olunan qəzet nümunələrindən kəskin
fərqlənir. Yeni formata keçidlə bağlı
redaksiyamızda qəzet çap və dizayn
mütəxəssisləri ilə çoxsaylı müzakirələr
aparılıb. "Azərbaycan müəllimi" fəaliyyət
göstərdiyi 80 il ərzində yalnız A-2 və A-3
formatlarında nəşr olunub. Maraqlıdır ki,
mütəxəssislər bu formatı qəzetimizin əvvəlki
formatlarından daha uğurlu hesab edirlər. Çünki
bu format dizayn işlərinin aparılması və
oxunaqlılıq baxımdan da əlverişlidir. Yeni
ildən qəzetin tərtibatında da yeniliklər nəzərdə
tutulur. "Azərbaycan müəllimi"ndə dünyanın
aparıcı mətbuat nümunələrində olan uğurlu dizayn
elementləri, rəng və şriftlərin tətbiqi də
planlaşdırılır.
|