Son illər respublikamızda regionların sosial-iqtisadi
inkişafı proqramı çərçivəsində aparılan quruculuq işləri
bölgələrdə təhsilin inkişafına müsbət təsir edir.
Bunların nəticəsidir ki, TQDK-nın keçirdiyi qəbul
imtahanlarında regionlardan olan məzunlar da
fərqlənirlər. TQDK rəsmi olaraq ali məktəblərə builki
qəbulun nəticələri, xüsusilə Prezident təqaüdçülərinin
say tərkibi, şəhər və rayonlar üzrə onların sıralanması
barədə mətbuata açıqlama vermişdir. Komitədən
bildirmişlər ki, bu siyahıda 30 şəhər və rayonun
məktəbləri yer alıb. Bakı və Sumqayıt şəhərlərindən
sonra Bərdə rayonu siyahıda 3-cü yerdədir.
Bununla əlaqədar nəinki Bərdədə, eləcə də
respublikamızda yaxşı tanınan akademik Zərifə Əliyeva
adına texniki fənlər təmayüllü məktəb-liseyi xüsusi qeyd
etmək olar. Bu məktəbin cəmi 10 yaşı olmasına
baxmayaraq, artıq iki dəfə ölkə Prezidentinin sərəncamı
ilə keçirilən "Ən yaxşı ümumtəhsil məktəbi"
müsabiqəsinin qalibi olmuşdur. Məktəbin 8 nəfər müəllimi
müxtəlif vaxtlarda "Ən yaxşı müəllim" müsabiqəsinin
qalibidir. Ötən il rayon üzrə Prezident təqaüdünə layiq
görülən məzunların üç nəfəri məhz bu qabaqcıl təhsil
ocağının yetirməsidir. Bundan başqa 2013-2014-cü tədris
ilində həmin məktəbi bitirən məzunların 93 faizi (68
nəfəri) ölkənin müxtəlif ali məktəblərinin tələbəsi
adını qazanıb.
Bir faktı da qeyd edək ki, bu il ali məktəblərə qəbul
üçün sənəd verən akademik Zərifə Əliyeva adına
məktəb-liseyin məzunlarından 3 nəfəri yüksək bal
toplayaraq Prezident təqaüdünə layiq görülüb. Maraqlı
budur ki, Prezident təqaüdünə layiq görülənlərin hər üçü
bir sinfin şagirdləridir.
Rayonun qazanılmış uğurlarında bir sıra digər
məktəblərin, o cümlədən şəhər 1, 2, 3, 4, 8 nömrəli,
eləcə də Yeni Daşkənd, Qaradəmirçi, Muğanlı, Yeni
Əyricə, Gərənə, Xanqaraqoyunlu və s. kənd məktəblərinin
də payı vardır. Ümumiyyətlə, ötən tədris ilində
rayonun ümumtəhsil məktəblərini bitirən 1460 nəfər
məzundan 728 nəfəri sənədlərini müxtəlif təhsil
ocaqlarına verib. Onlardan 344 nəfəri tələbə adını
qazanıb. Ali məktəblərə qəbul olunan məzunlardan 41
nəfəri 500-dən, 21 nəfəri isə 600-dən yuxarı bal
toplayıb. Daha bir xarakterik fakt isə məzunlardan 21
nəfəri hərbi təmayüllü ixtisasları seçib.
Niyazi RƏHİMOV,
"Azərbaycan müəllimi" |