Xalq Təhsili Muzeyində Azərbaycan Respublikası Təhsil
Şurası və Xalq Təhsili Muzeyinin birgə təşkilatçılığı
ilə professor Hüseyn Əhmədovun "Azərbaycan məktəb və
pedaqoji fikir tarixi" dərsliyinin təqdimatı keçirilib.
Təhsil işçilərinin, pedaqoq alimlərin iştirak etdiyi
tədbiri Xalq Təhsili Muzeyinin direktoru Lalə Bayramova
açaraq alimin pedaqoji fəaliyyətinin müxtəlif
dövrlərdə qazandığı nailiyyətlərdən söz açıb.
Sonra professor Əjdər Ağayev çıxışında professor
H.Əhmədovun nəfis tərtibatla çap olunan dərsliyin
pedaqogika elminin inkişafında misilsiz rolu olduğunu
qeyd edib. Qeyd edilib ki, dünya pedaqogika elmindən
məharətlə bəhrələnən alim özündə əxz etdiyi elmi
bilikləri, milli pedaqogikamıza ustalıqla tətbiq edib.
Alimin "XIX əsrdə Azərbaycan məktəbi", "Nəriman
Nərimanovun pedaqoji ideyaları" adlı kitabları
Azərbaycan pedaqoji elminin qızıl fonduna daxil olub.
Sonra natiqlər "Azərbaycan məktəb və pedaqoji fikir
tarixi" dərsliyinin Azərbaycanda pedaqogika elminə
qiymətli hədiyyə olduğunu, xalqımızın çoxəsrlik
milli-mədəni irsinə, təhsilimizin çoxşaxəli tarixinə
həsr edildiyini bildiriblər.
Sonda professor Hüseyn Əhmədov tədbir iştirakçılarına
öz ehtiramını ifadə edərək dedi: - Dərslik mövcud
tələblər əsasında hazırlanıb və tələbələr üçün müvafiq
tapşırıq, referat mövzuları, ədəbiyyat göstərilib. Bu
dərslik ADPU-nun Elmi Metodik Şurasının qərarı və Təhsil
Nazirliyinin dərsliyə verilən nəşr hüququ əsasında çap
olunub və 40 illik elmi-tədqiqat işlərinin bir növ
nəticəsidir. Buraya daxil edilmiş materiallar pedaqoji
işçilərin təhsilimizin zəngin tarixi ilə tanış
olmalarına xidmət göstərəcək və gələcək müəllimlərin
pedaqoji dünyagörüşünü daha da zənginləşdirəcək.
Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi" |