Dekabrın 19-da Azərbaycan Dillər Universitetində şair,
nasir, dramaturq, publisist Nəbi Xəzrinin 90 illik
yubileyinə həsr olunmuş tədbir keçirilib. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin Nəbi Xəzrinin
90 illik yubileyinin keçirilməsi haqqında 25 iyun
2014-cü il tarixli sərəncamına əsasən keçirilən tədbir
universitetin Azərbaycan dili və ədəbiyyat kafedrasının
təşkilatçılığı ilə baş tutdu.
Tədbirdə kafedranın müdiri, professor Fəridə Səfiyeva
N.Xəzri poeziyasının həmişəyaşar olduğunu söyləyərək
qonaqları tədbirdə bu poeziyanın möhtəşəmliyini hiss
etməyə dəvət edib.
Filologiya və jurnalistika fakültəsinin tələbələri
şairin ömür yolundan, yaradıcılığından, qələmə aldığı
təkrarolunmaz sənət nümunələrindən söz açıblar. Şairin
şeirlərindən nümunələr söylənilib.
Tələbələrin ifasında N.Xəzrinin "Torpağa sancılan
qılınc" əsəri əsasında səhnələşdirilmiş tamaşadan
səhnəciklər göstərilib. Şeirləri dillər əzbəri olan
N.Xəzrinin sözlərinə bəstələnmiş nəğmələr səsləndirilib,
rəqslər təqdim olunub.
Sonda Müslüm Maqomayevin N.Xəzrinin sözlərinə yazdığı
"Azərbaycan" mahnısı səsləndirilib.
Tədbirdə Nəbi Xəzrinin övladları iştirak ediblər.
İctimaiyyətlə əlaqələr departamenti |