Bakıdakı
E.Tağızadə adına 164 nömrəli tam orta məktəbdə görkəmli
rus şair və mütəfəkkiri Mixail Lermontovun
yaradıcılığına həsr olunmuş ədəbi-bədii gecə keçirilib.
Ədəbi-bədii gecənin təşkilatçısı, məktəbin rus dili və
ədəbiyyat müəllimi Dilarə İsayeva tədbiri açaraq
M.Lermontov yaradıcılığının həm Qərbdə, həm də Şərqdə
sevildiyini, əsərlərinin çoxunu Qafqazda sürgündə
olarkən yazdığını, Qafqaz dağlarının, meşələrinin və
çaylarının əsrarəngizliyi onu bir rəssam və şair kimi
çox ruhlandırdığını bildirib. "Mtsıri" və "Demon"
poemalarındakı Azərbaycan təəssüratları və Lermontov
yaradıcılığının zirvəsi hesab edilən "Zəmanəmizin
qəhrəmanı" romanı, xüsusilə son povesti "Fatalist"də
"Aşıq Qərib" dastanı motivlərinin nəzərə çarpması
Azərbaycan mövzusunun rus şairinin yaradıcılığı üçün nə
qədər önəmli olduğunu bir daha təsdiq edib.
Sonra söz şagirdlərə verilib. Fidan, Günel, Vadim,
Güllü, Səid, İlahə, Diana M.Lermontovun şeirlərini,
haqqında deyilmiş fikirləri söyləyib.
Tədbirin sonunda məktəbin direktoru Kəmalə Qədirova
M.Lermontov yaradıcılığının Qafqaz xalqlarının
ədəbiyyatlarına güclü təsirindən, onun ədəbi irsindən
başqa bioqrafiyasından unudulmaz faktların da
Azərbaycanla sıx bağlılığını, M.Y.Lermontovun dəfələrlə
Qafqazda və Azərbaycanda olduğunu bildirib.
Sonda şagirdlərin çıxışlarında Lermontovun təkcə öz
dövrünün deyil, bütün dövrlərin şairi olduğu
bildirilib.
Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi" |