Dekabrın 22-də Milli Olimpiya Komitəsində 2014-cü ilin
idman yekunlarına həsr olunan mərasimdə iştirak edən
Prezident İlham Əliyev çıxışı zamanı ölkəmizdə idmanın
və gənc nəslin inkişafı ilə bağlı dəyərli fikirlər
səsləndirib: "...Azərbaycanda çox gözəl gənc nəsil
yetişir. Bizim əsas uğurlarımızın mahiyyəti ondan
ibarətdir ki, ardıcıllıq təmin edilir. Peşəkar
idmançılar bizi sevindirirlər, dünya, Avropa
çempionatlarında, Olimpiya Oyunlarında idman şöhrətimizi
yüksəklərə qaldırırlar və gənc nəsil də yetişir.
İdmançılarımızın uğurları xalqımızı sevindirir. Bu
uğurları müstəqillik dövründə böyümüş idmançılar əldə
ediblər. Bu, bir daha onu göstərir ki, görün,
müstəqilliyimizin nə qədər böyük mənası, nə qədər böyük
üstünlükləri var. Azərbaycan idmançıları tarixdə heç
vaxt bu qədər qələbələr qazanmamışlar. Ancaq müstəqillik
dövründə, Azərbaycan xalqının öz taleyini öz əlində
saxladığı dövrdə biz buna nail ola bilmişik. Əminəm ki,
biz bundan sonra da ardıcıllıqla bu uğurlara imza
atacağıq. Gənc idmançılarımızın uğurları tarixi
nailiyyətdir. Əminəm ki, onlar böyüdükcə bu uğurları
təkrarlayacaqlar...
Gənc, peşəkar idmançılar bizim fəxrimizdir. Onlar
Azərbaycanı dünyada ləyaqətlə təmsil edirlər. Azərbaycan
idman dövləti kimi artıq özünü təsdiq edib. Bunu
beynəlxalq idman qurumları da qeyd edirlər". |