İlin ən yaxşı müəllimləri danışır
Rüfanə GÜNƏŞ,
"Azərbaycan müəllimi"
Ötən həftə ölkə Prezidenti İlham Əliyev "Ən yaxşı
müəllim" müsabiqəsinin qaliblərinin mükafatlandırılması
haqqında sərəncam imzalayıb. Sərəncama əsasən "Ən yaxşı
müəllim" müsabiqəsində qalib gəlmiş 100 müəllimin hər
biri 5000 (beş min) manat məbləğində birdəfəlik pul
mükafatı ilə mükafatlandırılıb. Azərbaycanın bütün
bölgələrindən olan müəllimlərin mübarizə apardığı bu
möhtəşəm yarış sona qədər qəzetimizin diqqət mərkəzində
olub.Təhsil nazirinin müavini Firudin Qurbanovun
rəhbərliyi ilə fəaliyyət göstərmiş 12 nəfərdən ibarət
Təşkilat Komitəsi qarşısında keçirilən sonuncu mərhələ
ilə bağlı qəzetimizdə mütəmadi olaraq məlumatlar dərc
edilib. Redaksiyamızın əməkdaşı Rüfanə Qurbanova da bu
müsabiqənin gedişini izləyib. İştirak edən ayrı- ayrı
müəllimlərlə həm müsabiqənin gedişində, həm də nəticələr
məlum olandan sonra söhbət edib, müsabiqə ilə bağlı
onların rəy və fikirlərini öyrənib. Əməkdaşımızın
müsabiqənin sonuncu mərhələsində söhbət etdiyi üç
müəllimdən ikisi qaliblər sırasında yer ala bilib.
Onlarla müsahibəni diqqətinizə çatdırırıq.
Sonuncu mərhələdən maraqlı anlar
Sonuncu mərhələdə baş verən prosesləri izləmək üçün
Təhsil Nazirliyinə yollanıram. Komissiyanın olduğu
mərtəbəyə qalxanda qəribə bir mənzərə ilə qarşılaşıram.
Əllərində vərəqlər (vərəqdə onların çıxışları var) olan
müəllimlər dəhlizdə o baş-bu başa gedərək nəsə oxuyur,
təkrarlayır və bir-birinə dəstək olurlar. Bəzilərinin
həyəcanlı olduqları hər hallarından bilinir. Təbii ki,
müəllimləri belə görəndə təəccüblənirəm. Axı həmişə biz
müəllimlərin qarşısında imtahan verəndə həyəcanlanırdıq.
Yaxınlaşıb salamlaşıram və özümü təqdim edirəm. Hansı
qəzetdən olduğumu biləndə müəllimlərdən biri yaxınlaşır-
"dünən sizin qəzetdən mənə zəng vurmuşdular"- deyir.
-Mən "Dünya müəllimi mükafatı"nın 50 finalçısından
biriyəm. Təbrik edir və öyrənirəm ki, komissiya
qarşısında ilk çıxış edəcək müəllim də odur. Onu
çıxışını etmək üçün içəri yola salırıq və gözləyirik.
İçəridən üzündə təbəssüm ilə çıxan Məhəmməd müəllim
ətrafına toplaşıb, "Necə oldu", "Necə keçdi" suallarına:
- Yaxşı oldu, on dəqiqəmin hamısını dəyərləndirdim,-deyə
cavab verir.
Daha sonra isə bizim suallarımızı cavablandırır. İngilis
dili müəllimi olan Məhəmməd Qarakişiyev müəllim olmaq
üçün qadın, ya kişi olmağın fərqi yoxdur, vacib olan
işini sevməkdir. Şagirdlərlə karyera məsələsində vaxt
tapdıqca söhbətlər edirəm,-deyir.
-
Balakən rayon Zərifə Əliyeva adına 3 nömrəli məktəbin
ingilis dili müəllimiyəm. Artıq 8 ildir ki, müəllim
olaraq çalışıram və bu müsabiqəyə ilk dəfədir
qatılıram. Əvvəllər yuxarı siniflərə dərs deyirdim.
Sonra gördüm ki, yuxarı sinif şagirdlərinin fonetik
problemləri çoxdur. Üzündən oxuya bilmirlər. Mən də
təklif etdim ki, aşağı sinifləri mənə versinlər ki,
onları öyrədə-öyrədə gəlim. Mənim bir tezisim var- əgər
şagirdlər bizim tətbiq etdiyimiz üsulla öyrənə bilmirsə,
o zaman biz şagirdlərin öyrənə biləcəyi üsulla dərs
keçməliyik. Mən dərslərimi dövlət proqramına və
şagirdlərin ehtiyaclarına uyğun olaraq qururam. Bundan
əlavə, onlarla tez-tez psixoloji söhbətlər edirəm.
Məsələn bizdə ən böyük problem odur ki, biz ixtisası
məktəbdə oxuyanda yox, kodlaşdırmada seçirik və yaxud
qonşumuz nə seçirsə onu. Buna görə də 90-dan çox şagirdə
Balakəndə Gənclər Evində psixoloji treninqlər keçmişik.
"İxtisas seçimi, karyeranı necə qurmaq lazımdır?"
mövzuları ətrafında mühazirələr aparmışıq. Çünki
uşaqların psixoloji treninqlərə həqiqətən ehtiyacı var.
Həm də şagirdlər bilməlidir ki, müəllimlər onlarla
dostdurlar. Həmişə kolleqalarıma da deyirəm ki,
kurikuluma uyğun olaraq dərs keçəndə uşaqlarla stol
arxasında siz də əyləşin. Uşaqların başının üstündə
durmayın.
- İngilis dili müəllimləri üçün "Texnologiyadan istifadə
edərək tədris etmək" adlı layihəm var. Bunu təklif etdim
ki, regionlarda pilot layihə kimi başlayaq. Çünki müasir
dövrdə elə müəllimlərimiz var ki, onların e-mail ünvanı
belə yoxdur. Halbuki dünyanın bir çox yerlərində dərslər
online keçirilir. Mən şagirdlərimlə müxtəlif sosial
şəbəkələr vasitəsilə əlaqə saxlayıram. İstənilən zaman
onların dərsə aid suallarını cavablandırıram. Əvvəllər
şagirdlər yazmağa utanırdılar, sonra yavaş-yavaş
öyrəndilər. Elə Bakıda sınaq dərsi dediyim 49 nömrəli
məktəbdə şagirdlər məndən ayrılmaq istəmirdi. Deyirdilər
ki, müəllim, siz bizə dərs deməyəcəksiniz? Ümumiyyətlə,
hər bir müsabiqədə iştirak etmək insana nəyisə
qazandırır. Burda da şəffaflıq gördüm, mərhələlər qane
etdi. Sonda bir şeyi də qeyd edim ki, regionumuza qalib
kimi qayıtmaq və qalib olsam, xaricdə kurslara qatılmaq
istəyirəm.
Məhəmməd müəllimə təşəkkür edib, onu həmkarlarının
sualları ilə baş-başa buraxıram. İçəridən həyəcanla
çıxan bir xanım diqqətimi çəkir. Yaxşı çıxış etdim, amma
dedilər ki, ləhcən olmasa daha yaxşı olar.
Şəki şəhərindən olan coğrafiya müəllimi İradə xanımı
tanımağa və müsabiqə barədə fikirlərini öyrənməyə
çalışıram. İradə Məmmədova sınaq dərsləri zamanı texniki
problemlər yaşadığını deyir:
-
Şəki şəhər 11 nömrəli məktəbin coğrafiya müəllimiyəm. 11
ildir işləyirəm. Müsabiqəyə birinci dəfədir ki,
qatılıram. Ona görə də müsabiqə mənə bir az ağır gəldi.
Birinci mərhələ yaxşı keçdi. Amma ikinci mərhələdə, yəni
sınaq dərsində bir az texniki problemlər yaşadım. Lakin
onların da öhdəsindən gəldim. Üçüncü mərhələdə isə
komissiya üzvlərindən müsbət aura aldım. Qalib
olub-olmamaq barədə heç düşünməmişəm. Sadəcə olaraq
fikirləşirəm ki, bura qədər gəlmək uğurdur. Amma qalib
olsam xaricdə kurslara qatılmaq istəyirəm. Bu mənim üçün
sınaq idi. Çünki müəllimlər üçün olan treninqlərdə
iştirak etməyə çalışıram. Müasir texnologiyaları
öyrənməyə, yeni-yeni üsullardan istifadə etməyə
çalışıram. Onun da bəhrəsini görürəm. Məsələn, dərsləri
slaydlarla keçəndə şagirdlər daha yaxşı öyrənirlər.
İradə müəllim deyir ki, üçüncü mərhələdə şagirdlər üçün
xarici ölkələrə ekskursiyalar təşkil etməyi təklif edib:
- Çıxışımda müxtəlif təkliflər irəli sürdüm. Məsələn,
şagirdlərim olimpiadalarda rayon turunda müsbət
nəticələr göstərirlər. Amma təəssüflər olsun ki,
coğrafiya üzrə ölkə turu yoxdur. Çıxışımda 8-ci
siniflərdə Azərbaycan coğrafiyası fənninin saatının
artırılması, fiziki və iqtisadi coğrafiyanın paralel
şəkildə keçirilməsini təklif etdim. III ixtisas qrupuna
coğrafiyanın yenidən salınmasını, məktəblərin təkcə
ölkədaxili deyil, xarici ölkələrə də ekskursiyalar
təşkil olunmasını bildirdim.
Elektron xəritələrin yaradılmasını istəyən və Azərbaycan
Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun
dissertantı olan Aqil İsayevlə söhbətə davam edirəm.
Aqil müəllim deyir ki, müharibə şəraitində olan bir
ölkənin şagirdləri coğrafiyanı yaxşı bilməlidir:
-
Ağdaş rayonu Qaradeyin kənd Vidadi Əzizov adına tam orta
məktəbin coğrafiya müəllimiyəm. Eyni zamanda Milli
Elmlər Akademiyasının Coğrafiya İnstitutunun
dissertantıyam. Müsabiqədə ilk dəfədir ki, iştirak
edirəm. Bu, üç mərhələdə müəllimin potensialını üzə
çıxaran müsabiqədir. Hələ ki, mənfi nüans olmayıb.
Müxtəlif təkliflər irəli sürdüm. Bunlardan biri elekton
xəritələrin hazırlanmasıdır. Bu həm müəllimləri müxtəlif
xəritələri daşımaqdan azad edir, həm də şagirdləri
xəritə üzərində görüləcək işlərin müasir dövrün
tələblərinə uyğun olaraq şərait yarada bilər. Çünki
müharibə şəraitində yaşayan ölkəyik. Elə şagirdlərimiz
var ki, əsgərliyə ali təhsil almadan gedirlər. Yuxarı
sinif şagirdlərinə ərazinin kordinatlarının
müəyyənləşdirilməsi, sahəsinin hesablanması, hədəflərin
yerinin müəyyənləşdirilməsi öyrədilməlidir. Mən həm də
Təhsil Problemləri İnstitutunda "Gəns Geoloqlar"
layihəsinin icraçılarından biriyəm. "Gənc Topoqraflar və
Gənc Ekoloqlar" layihəsini işləyib hazırlayıram. Təhsil
Nazirliyi və Təhsil Problemləri İnstitutunun orta məktəb
fənn müəllimləri üçün təşkil etdiyi treninqlərdə yeni
fənn kurikulumu ilə bağlı təlimçi olmuşam. Müxtəlif
rayonlarda 100-dən artıq müəllimə dərs demişəm.
Aqil müəllim deyir ki, coğrafiyanı yaxşı bilmək onun bir
şagirdini ölümdən qurtarıb:
- Bir şagirdim Tovuzda axşam vaxtı əsgərlərimizə su
aparırmış. Qaranlıq olduğu üçün yolu azıb. Təsadüfən
ayağı sürüşüb ağacdan tutub. Əli mamırlı tərəfə dəyib.
Şagird deyir ki, müəllim, siz bizə demişdiz ki, mamırlı
tərəf şimaldır. Bildim ki, ermənilər tərəfə gedirəm,
geri qayıtdım.
A.İsayev məqsədinin şagirdləri şəxsiyyət kimi
yetişdirmək olduğunu deyir:
- Mənim məqsədim təkcə ali məktəblərə şagird
hazırlaşdırmaq, onlara bunun yolunu göstərmək yox, həm
də milli və umumbəşəri dəyərlərə uyğun bir şəxsiyyət
yetişdirməkdir. Bundan başqa, 6,7,8-ci siniflərə
təmənnasız olaraq yay kursları təşkil edirəm.
Bu prosesləri izlədikdən sonra onlara uğur arzu edib,
sağollaşıram. Nəticələr açıqlandıqdan sonra öyrənirəm
ki, üç müsahibimdən ikisi qalib olub və "Ən yaxşı
müəllim" adını alıb.
Müsabiqədən
sonra müəllimlərlə maraqlı söhbət
Yenidən təbrik etmək üçün qalib müəllimlərlə əlaqə
saxlayıram. Məhəmməd müəllim deyir ki, yoldayam, Təhsil
Nazirliyinə gəlirəm:
- Üç mərhələnin yekununda 19.61 bal topladım. Keçid isə
16 bal idi. "Ən yaxşı müəllim" olduğumu bizim rayonun
təhsil söbəsinin rəhbəri və özləri də qaliblər sırasında
olan tələbə yoldaşlarım zəng vurub dedilər. Həm
özlərini, həm də məni təbrik etdilər. Bu sevinci mənimlə
paylaşan hər kəsə təşəkkür edirəm. Müsabiqənin qalibi
olmağım ilin sonuna təsadüf elədi. Qarşıdan bayramlar
gəlir. Bütün Azərbaycan xalqına səmimi-qəlbdən öz
təşəkkürümü bildirirəm və hər birinin qarşıdan gələn
bayramlarını təbrik edirəm. Arzu edirəm ki, gələn
illərdə Azərbaycan müəllimlərinin əhatə dairələri,
fəaliyyət sahələri daha da genişlənsin. Belə
fikirləşməsinlər ki, müəllim sadəcə bir fənnin tədrisi
ilə məşğul olmalıdır. Mən tövsiyə edərdim ki,
fəaliyyətlərini genişləndirsinlər.
Bir çoxlarına da maraqlıdır ki, müəllimlər qazandıqları
məbləği necə xərcləyəcəklər? Bu sualla Məhəmməd müəllimə
müraciət edirəm. Deyir ki, müəllimin xərci çoxdur:
- Mükafatı xərcləmək barədə hələ düşünməmişəm. Çünki
müəllimin ehtiyacları bir az çoxdur. Həyat yoldaşımın
təhsili var, amma o yenidən təhsil almaq istəyir.
Çalışacağam ki, həmin məbləği onun təhsilinə xərcləyim.
Məhəmməd müəllimə, onun həyat yoldaşına uğur arzu edib,
ikinci qalib müsahibim Aqil İsayevə zəng vururam.Aqil
müəllim deyir ki, qalib olacağıma inanırdım:
- Yekun balım 17.93 idi. Göstərdiyim nəticələrə görə
inamım var idi ki, qalib olacağam. Mənə təbriklər
gələndə bildim ki, qalibəm. Sonra da internetdə adımı
cənab Prezidentin sərəncamında gördüm. Cənab
Prezidentimizə təşəkkür etmək istəyirəm. Müsabiqədə
qalib olmasaydım təəssüflənməzdim. Çünki bu müsabiqədə
heç kim heç nə itirmədi, əksinə, qazandı. Bu yarışma
müəllimlər üçün stimuldur. Stimul nailiyyətə aparır və
rəqabət hissini gücləndirir. Mən, öz növbəmdə,
Azərbaycan təhsilinin gələcək inkişafı üçün əlimdən nə
gəlirsə etməyə çalışacağam. Həm müsabiqədə iştirak
edənləri, qalib olanları, onların timsalında bütün
Azərbaycan müəllimlərini və bütün Azərbaycan xalqını
gələcək bayramlarımız münasibəti ilə təbrik edirəm.
Aqil müəllimin bayramını təbrik edirəm və soruşuram ki,
bəs siz qazandığınız məbləği necə xərcləyəcəksiniz?
- Məbləği layihələrimi həyata keçirməyə və müasir İKT
vasitələrinin alınmasına xərcləyəcəyəm.
Bu müsahibim qalib olmasa da, bu yerə qədər gəlməyin
böyük uğur olduğunu düşünür. İradə Məmmədova deyir ki,
müsabiqə onun üçün həm həyəcanlı, həm də maraqlı keçib:
- Üç mərhələnin nəticəsində 13.25 bal topladım. Hər kəs
kimi mən də qalib olmağı gözləyirdim. Amma qalib
gəlmədiyimə təəssüflənmirəm. Çünki bu mənim üçün böyük
təcrübə idi. Müsabiqədə çox şey öyrəndim. Gələcəkdə də
qismət olsa müsabiqəyə qoşulmağı planlaşdırıram. Qalib
gələn bütün müəllimləri ürəkdən təbrik edirəm. Hər
birinizin qarşıdan gələn bayramlarını təbrik edirəm. |