Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 Dekabr 2014 - №50

 

"Dövlət Proqramı tələbələrimiz üçün çox böyük kömək və qayğıdır"

 

Avstraliyanın La Trobe Universitetində bakalavr təhsili alan Kənan  İzzətlə söhbət 

Oruc MUSTAFAYEV,  "Azərbaycan müəllimi"
                    oruc_isa@mail.ru
 

Kənan  İzzət 1996-cı il aprelin 25-də Bakı  şəhərində anadan olub.  2002-ci ildə Bakıdakı 160 nömrəli  klassik gimnaziyanın I sinfinə gedib.   Peşəkar şahmatçı, gənclər üzrə milli yığmamızın üzvü olaraq  respublika, Avropa və dünya şahmat yarışlarında ölkəmizi təmsil edib. Müxtəlif səviyyəli yarışlara hazırlıqla əlaqədar  VII sinifdən təhsilini  219 nömrəli evdə məktəbdə davam etdirib, 2013-cü ildə bu məktəbin məzunu olub.   "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Avstraliyanın Melburn şəhərindəki  La Trobe Universitetində nanotexnologiya ixtisası üzrə bakalavr təhsili alır.    Bu günlərdə Kənan uzaq Avstraliyada daha bir uğura  imza atıb.  Adelaida şəhərində Avstraliyanın gənc şahmat ustaları arasında keçirilən  (Australian Young Masters) yarışda  ölkə üzrə I yeri tutub. İndi təhsil aldığı universitetdə hər kəs Kənandan, azərbaycanlı tələbənin uğurlarından bəhs edir.   Yerli mətbuat isə  uzaq Avstraliyada  Azərbaycan  bayrağını  yüksəldən  Kənanın öz rəqiblərinə qarşı yüksək  texniki ustalıq nümayiş etdirməsindən yazır. Kənanla söhbətimizə orta məktəbdən, ilk təhsil illərindən, ilk uğurlardan  başladıq.

 

- Uşaqlıqdan riyazi fənlərə  daha çox üstünlük verirdim.  IV  sinifdə  oxuyarkən Səbail rayonu üzrə  keçirilən riyaziyyat  fənn olimpiadasının qalibi oldum.  Məktəb illərində  daha çox şahmatla maraqlanırdım və  buna görə də vaxtımın böyük hissəsi şahmat oyununa yönəlmişdi və bu da  tezliklə öz bəhrəsini verdi.  2010-cu ildə Yunanıstanın Halkidiki şəhərində keçirilən gənclər arasında Dünya çempionatında  1-ci yerə, 2011-ci ildə Bolqarıstanın  Albena şəhərində keçirilən Avropa çempionatında 2-ci yerə, həmin ildə Polşanın Krakov şəhərində keçirilən Dünya çempionatında da 2-ci yerə layiq görüldüm. Beynəlxalq usta titulunun sahibiyəm.

- Bəs necə oldu ki, xaricdə təhsil almağa qərar verdiniz?

- Xaricdə oxumaq məncə hər kəsin bir arzusudur. Səmimi desək,  xaricdə təhsil almaq barədə qərarım, demək olar ki,  bir  ay içində tamamlandı. Artıq I  ixtisas qrupu üzrə  imtahanlara hazırlaşırdım  və  evdə  qonaqlar olarkən sadəcə xaricdə oxumaqla bağlı söhbət açıldı  və hamı  məni dəstəklədi,  uğur qazanacağımı, sadəcə çalışmaq lazım gəldiyini söylədilər. Valideynlərim də həmçinin mənə dəstək oldular və məni çalışmağa  həvəsləndirdilər.  Sözün düzü,  Dövlət Proqramından keçmək şansımı az qiymətləndirirdim.  Lakin prosesdə iştirak etməyə qərar verdim.  Dediyim kimi, uşaqlıqdan riyazi fənlərə sevgim var idi,  lakin ondan da böyük sevgim kainatın sirləri ilə bağlı idi. Uşaqlıq illərimdə  həmişə xəyallar qururdum ki, kainatın  sirlərini açıb digər intelligent varlıqlarla kontakt yaratmaq mümkün olacaq və  beləcə də həyatımızı tamamilə dəyişdirən qlobal dönüşlər baş verəcək. Buna görə də internetdə  kosmosla  bağlı verilişlərə çox  baxırdım  və  alimlər tərəfindən belə bir elmi fikir irəli sürülmüşdü ki,  əgər molekulların fiziki və kimyəvi əlaqələri kiçicik miqyasda dərk edilsə, bu kəşf  kainatın sirlərinin açılmasında irəliyə  doğru böyük bir addım olacaq.  Buna  görə  də  nanotexnologiya fakültəsini  seçdim, bildiyiniz kimi,  "nano" çox kiçik deməkdir  və ümid edirəm ki, mənim də kainatın sirlərinin açılmasında gələcəkdə  hansısa köməyim olacaq.

- Dövlət Proqramında iştirakınızı necə xatırlayırsınız?

- Dövlət Proqramı çərçivəsində tələbələrin seçim prosesini doğrudan da çox bəyəndim. İlk dəfə  sənədləri təqdim etmək üçün Təhsil Nazirliyinə gedəndə  uzun bir sıra gördüm, onlar da müsabiqədə iştirak edən tələbələr idi.   Hər kəsin öz xüsusi təyin edilmiş vaxtı var idi  və bu vaxt 15 dəqiqədən   çox  vaxt aparmır.  Sıra mənə çatdıqda  müsahibə kabinetinə  daxil oldum və rəsmi surətdə qarşılandım. Çatışmayan sənədlərim haqqında məlumat aldım və onları  necə əldə etməli olduğuma dair informasiya  ilə təmin olundum. Sənədlərim qaydasına düşəndən sonra mənə müsahibə tarixi  təyin olundu. Çox həyəcanlı idim, bu mərhələni keçəcəyimə inanmırdım.  Müsahibəyə vaxtında  gəldim və təyin olunmuş vaxtda   məni müsabiqə otağına dəvət etmələri mənə  çox xoş gəldi.  Təhsil Nazirliyi nümayəndələrinin  gülərüz davranışları  nəticəsində özümü bir az rahat hiss etməyə başladım.  Ən çox bəyəndiyim o oldu ki, suallar tamamilə təhsil aldığım fakültə, ölkə ilə əlaqədar idi  və sərbəst bir şəkildə verilirdi. Demək istədiyim odur ki, verilən suallardan və alınan cavablardan   tələbənin nə dərəcədə xaricdə oxumağa hazır olduğunu və yaxud  biliklərinin  buna uyğun olub-olmadığını asanlıqla müəyyən etmək olardı. Dövlət Proqramı həqiqətən də tələbələrimiz üçün  çox böyük kömək və qayğıdır.  Hər bir xırda detalın  rəsmi olması, hər bir prosesin tələbələrə aydın başa salınması, məlumatların və seçim prosesinin vaxt amili ilə tam üst-üstə düşməsi və aşkarlığın  təmin olunması  bu işin  professional şəkildə təşkilinə dəlalət edir.

- Tələbə həyatınız necə keçir?

- Tələbə həyatım çox maraqlı keçir, dərslər vaxtımın  böyük hissəsini alsa da, dostlarıma və sevdiyim əyləncələrə vaxt tapa bilirəm. Belə ki,  yaşadığım Melburn şəhəri Böyük Britaniyanın Quacquarelli Symonds (QS) kompaniyasının 2014-cü il versiyasına görə dünyanın ən yaxşı tələbə şəhəri statusunu daşıyır, ona görə də  burada  tələbələrin öz asudə vaxtlarını səmərəli keçirməsi üçün hər cür şərait mövcuddur.  Şahmatçı olduğuma  görə  adətən şahmat yarışlarında  iştirak edirəm, belə ki şahmat üzrə Viktoriya ştatının çempionatında qalib gəldim  və burada keçirilən  bir çox digər yarışların qalibi olmuşam.

Mənim üçün adaptasiya prosesi çox tez keçdi, yəqin ki, bundan əvvəl də yarışlarla əlaqədar çox ölkədə olduğum üçün müxtəlif  iqlim və şəraitə tez öyrəşdim. Yaşadığım şəhər çox gözəldir, insanları doğrudan da diqqətcil  və mehribandırlar, burada çox şən və azad mühit  var. Yeganə  bir mənfi cəhət varsa, o da qiymətlərin çox yüksək olmasıdır. Belə ki, müqayisə üçün, Bakıda aldığımız 20 qəpiklik su burada 3 dollara satılır.

- Seçdiyiniz ixtisas barədə nə deyə bilərsiniz?

- Oxuduğum ixtisas  nə qədər təəccüblü olsa da  burada o qədər də populyar  deyil. Müqayisə edəndə fakültəmizdə  ancaq 100-ə yaxın tələbə var. Halbuki o biri ixtisasların    tədris olunduğu fakültələrdə  minlərlə tələbə oxuyur.  Buna baxmayaraq, bizə çox  güclü mütəxəssislər  dərs keçir,  hər həftə Avstraliyanın müxtəlif güşələrindən alimlər  dəvət olunur ki,  nanotexnologiya elmləri haqqında 3 saatlıq seminar keçirilsin. Müəllimlər hər an tələbələrə kömək etməyə hazırdırlar. Yadımdadır, ilk tədris həftəsində bizə esse yazmaq tapşırılmışdı  və deyilmişdi ki, internetdəki elmi materiallardan istifadə etmək qadağan deyil. Lakin  informasiyanı oxuyub başa düşdüyün kimi yazmalısan, əks halda, plagiatçılıqda ittiham edilə  və cəza ala bilərsən. Müəllimlərin bu xəbərdarlığından sonra  mən indiyə  kimi  esse yazanda internet  materiallarından minimum dərəcədə istifadə edirəm.

- Universitetdə tədris semestri necə təşkil olunur?

- Universitetimizdə təhsil 2 yarım semestrə bölünür, belə ki,  hər yarım semestrin axırında imtahanlar keçirilir. Ancaq bu imtahanlar tədris olunan fənnin 15-20 faizini təşkil edir. Hər semestrin sonunda  isə sessiya imtahanları keçirilir, onlar fənnin 60-70 faizini təşkil edir. Semestr boyu   tələbələrə müxtəlif  tapşırıqlar verilir ki, onlar da sonda imtahan nəticələrinə əlavə olunur.  Ən böyük əziyyət verən laboratoriya dərsləridir.  Həftədə  3 laboratoriya  məşğələsi olur, onların da hər biri 3 saat davam edir.  Çətinlik barədə danışmaq istəməzdim, lakin 3 saat belə, laboratoriya tapşırıqlarının başa çatdırılmasına kifayət etmir. 

- Universitet barədə nə deyə bilərsiniz?

- Əsası  1964-cü ildə  qoyulmuş  La Trobe  Universiteti  xüsusilə  də  elm, texnologiya və mühəndislik sahəsində   beynəlxalq nüfuza malikdir.

Universitetimizdə, Melburn  şəhərinin özündə olduğu kimi, müxtəlif ölkələrdən tələbələr çoxdur. Asiya ölkələrindən tələbələr böyük çoxluq təşkil edir. Tələbələrin bir- birinə münasibəti çox mehribandır, hətta bu dərəcədə gözləməzdim. Belə ki, universitetdə çoxlu tanışlarım  və  hətta bir neçə yaxşı dostlarım var. 

Oxuduğum ixtisas dünya miqyasında da yeni bir profildir. Bu  sahə  bütün dünya ölkələrindən olan tədqiqatçıların diqqətindədir.  Universitetdə oxuduğum təhsil dövründə nanotexnologiya elmində  ciddi irəliləyişlər və kəşflər baş verib. Belə ki,  artıq xərçəng hüceyrələrinin nanotexnoloji liflərlə (fibre) aşkar olunması  üsulu üzərində işlər aparılır. Düşünürəm ki, xaricdə təhsil almaq indi hər bir tələbənin prioritetidir, ancaq bu,  sadəcə xaricdə təhsil almaq xatirinə olmamalıdır, gələcək planlar, perspektivlər, aldığın təhsilin nəyə yönəldiləcəyinə  və s. amillər təhlil edilməlidir.

- Avstraliyada təhsilə münasibət necədir?

- Azərbaycandan çox uzaqda  yerləşməsinə baxmayaraq, Avstraliya  mədəniyyətinə və təhsil ənənələrinə  görə demək olar ki, Avropa  ölkəsi kimidir. İnsanlar sadə, azad, sosiallaşmağı sevən bir millətdir. Təhsilə böyük dəyər verilir, ancaq universitetdə  30-40 yaşlı  bir tələbənin səninlə bir yerdə eyni dərsi öyrənməyini  görəndə, yəqin  edirsən ki,  burada oxumağa hər yaş dövründə ciddi əhəmiyyət verilir.

- Azərbaycanı uzaq ölkədə təbliğ  edə bilirsinizmi?

- Melburnda hardasa 15-20 azərbaycanlı tələbəmiz təhsil alır.  Bir-birimizlə sıx əlaqə saxlayır, boş vaxtımız olan kimi görüşürük. Azərbaycanı çalışdığım qədər yüksək səviyyədə  təmsil edirəm. Belə ki, iştirak etdiyim yarışlarda  20-yə kimi insan mənə yaxınlaşıb məndən Azərbaycan  haqqında məlumat alırdılar.  Burada ölkəmizə  marağın  yüksək olduğunu  qeyd edə bilərəm. Bir şeyi də deyə bilərəm ki, Melburnun şahmat dünyasında ölkəmizin adını soruşsanız, 100 faiz tanıyacaqlar.

- Gələcək planlarınız... 

- Gələcək planlar yenicə bitirdiyim sessiyanın nəticələrindən asılıdır.  Yaxşı qiymətlər almağı düşünürəm.  Təhsilimin II ilindən fakültəmizdə  bölgü baş verəcək.  Bionanotexnoloji,  kimyəvi-nanotexnoloji və fiziki-nanotexnoloji elmlərdən birini seçməliyəm. Fiziki-nanotexnoloji elmlərə daha çox üstünlük verirəm. Ancaq hələ qəti qərar verməmişəm. Bunu gələn il daha dərindən təhlil edib, gələcək perspektivləri və hansı sahələrə daha böyük tələbat olduğunu nəzərə alıb qərar verəcəyəm.

 
 
 
Səhifənin başına qalx "Müsahibələr" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov