19-20 dekabr 2014-cü il tarixində Azərbaycan Müəllimlər
İnstitutunda "Müasir tərbiyə sisteminin vəziyyəti:
axtarışlar, problemlər, təkliflər" mövzusunda Respublika
konfransı keçirilib.
Əvvəlcə konfrans iştirakçıları və qonaqlar institutun
nəzdində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzini
ziyarət ediblər, ulu öndərin büstü önünə əklil qoyulub.
Konfransın plenar iclasını Azərbaycan Müəllimlər
İnstitutunun tədris işləri üzrə prorektoru Razim
Məmmədov açaraq mövzunun aktuallığından, müasir tərbiyə
sisteminin vəziyyətinə həsr olunmuş məruzələrin
müzakirəsinin əhəmiyyətindən danışıb.
Konfransın bölmə iclaslarında Azərbaycan Müəllimlər
İnstitutu və onun bütün filiallarının, eləcə də, bir
xarici ölkə, Bakı və Sumqayıt şəhərlərində fəaliyyət
göstərən 20-yə yaxın orta ümumtəhsil və ali məktəbin
nümayəndələrindən ibarət olmaqla, ümumilikdə 160-a yaxın
alim, pedaqoq və gənc tədqiqatçının məruzələrinin
dinlənilməsi nəzərdə tutulur.
Plenar iclasda Azərbaycan Respublikasının Təhsil
Nazirliyinin Elm və ali təhsil şöbəsinin sektor müdiri
Sülhəddin Gözəlov "Gənclərin milli ruhda tərbiyəsində
təhsilin rolunun yüksəldilməsi" mövzusunda çıxış edib.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin tərbiyə
işləri üzrə prorektoru Rafiq Baxşəliyev, Azərbaycan
Təhsil Şurasının sədri Əjdər Ağayev, ibtidai və
məktəbəqədər təhsilin metodikası kafedrasının müdiri,
AMİ YAP təşkilatının sədri Mircəfər Həsənov müasir
şəraitdə tələbələrin dəyərlər sisteminin, milli mənlik
şüurunun formalaşmasının tərbiyə işinin başlıca məqsədi
kimi qarşıda durmasından, taleyüklü hədəflərə, strateji
məqsədlərə çatmaq üçün təhsil sisteminin bütün
pillələrində müəllimlərin bilik, bacarıq və peşəkarlıq
qabiliyyətləri, səriştəlilik səviyyəsinin yeni tələblərə
uyğun yüksəldilməsindən danışıblar.
İnstitutun psixologiya kafedrasının müdiri, dosent
Nurəngiz Rzayeva "Tələbələrin dəyərlər sisteminin
formalaşması tərbiyə prosesinin başlıca funksiyası kimi"
mövzusunda məruzə edib.
Sonra konfrans öz işini bölmə iclaslarında davam
etdirib.
Mətbuat və informasiya şöbəsi |