Dekabrın
19-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetində professor-müəllim heyəti, Tələbə Elmi
Cəmiyyəti və "Azərbaycan Respublikası Dağlıq Qarabağ
Bölgəsinin Azərbaycanlı İcması" İctimayi Birliyinin
dəstəyi ilə "...İşğaldakı mədəniyyətimiz..." mövzusunda
tələbə elmi-nəzəri, praktik konfransı keçirilib.
Konfrans iştirakçıları, öncə universitetin foyesində
Qarabağın küçələrini, məhəllələrini əks etdirən rəsm
sərgisi ilə tanış olublar.
Tədbiri rektor, professor Fərəh Əliyeva açaraq,
qonaqları salamlayıb. Daha sonra "Azərbaycan
Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı
İcması" İctimai Birliyinin rəhbəri, Şuşa Rayon İcra
Hakimiyyətinin başçısı Bayram Səfərov, onun humanitar
məsələlər üzrə müavini Vüsalə Fətəliyeva çıxış edərək
Qarabağ, onun ərazisi, əhalisi, mədəniyyəti, böyük
şəxsiyyətləri haqda geniş məlumat verib, gənclərin bu
mövzu ilə belə dərindən maraqlandıqlarına görə fərəh
hissi keçirdiklərini bildiriblər.
Çıxışlardan sonra söz tələbələrə verilib. Gənc
tədqiqatçılar "Daş üzərində həkk olmuş Qarabağ
mədəniyyəti" (Nərgiz Hüseynova), "Qarabağ müharibəsi"
(Pərvin Ağayeva) , "Gənc rəssamların yaradıcılığında
Qarabağ mövzusu" (Fidan Böyükbabalı), "Qarabağ
xalçaçılığı" (Gülnar Nəzərova), "Kəlbəcər rayonunun
tarixi mədəniyyət abidələri" (Günel Babaxanova), "İşğal
altında qalan mədəniyyət abidələri" (Elnarə Mürsəlova),
"Azərbaycan folkloruna erməni təcavüzü" (Nuranə Əlili),
"Ataya məktub" (Hüseynağa Aslanov) kimi maraqlı
mövzularla çıxış ediblər. "Qarabağ xanəndələri" (Cəmilə
Əliyeva) və "Qarabağ aşıq sənəti" (Məharət Şəfili, Elvin
Mehmanlı) mövzusunda məruzələr isə qonaqlara musiqi
sənəti fakültəsinin tələbələrinin ifası ilə təqdim
edilib.
Qeyd edək ki, müəllim, tələbə heyəti və qonaqlar
tərəfindən maraqla dinlənilən konfransın məqsədi
tələbələri elmi tədqiqat fəaliyyətinə cəlb etmək,
fundamental tədqiqatların aparılmasına gənclərin
marağının artırılmasına köməklik göstərmək, həmçinin
maddi və qeyri-maddi mədəni irsin qorunmasının
əhəmiyyətini gənc nəsillər arasında dərindən
qavranılması zəruriliyini aşılamaqdır.
Nərmin QARALOVA |