Dekabrın
25-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında
ölkəmizin ilk orta ixtisas təhsili müəssisələrindən
biri, fəaliyyət göstərdiyi illərdə Azərbaycan təhsilinin
inkişafına dəyərli töhfələr vermiş Azərbaycan Dövlət
Pedaqoji Kollecinin 95 illik yubileyi qeyd olunub.
Yubiley mərasiminə dəvət olunmuş qonaqlar, kollecin
müəllim və tələbə kollektivlərinin üzvləri öncə Fəxri
Xiyabana gələrək xalqımızın dahi oğlu, ümummilli lider
Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edib,
məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim,
akademik Zərifə Əliyevanın məzarı da ziyarət olunub.
Təhsil Nazirliyi rəsmilərinin, müxtəlif dövlət və
hökumət qurumları təmsilçilərinin, Milli Məclis
üzvlərinin, ali və orta ixtisas təhsili müəssisələrinin
rəhbər işçilərinin, təhsil ictimaiyyəti nümayəndələrinin
iştirak etdikləri yubiley mərasimi bu təhsil ocağının
ilk müəllimlərindən olmuş görkəmli təhsil, elm və
mədəniyyət xadimlərinin, habelə ulu öndər Heydər
Əliyevin təhsilin əhəmiyyəti, kollecin fəaliyyəti ilə
bağlı fikirlərinin səslənməsi ilə açılıb. Kollecin
tələbələri yubilyar təhsil ocağının himnini ifa ediblər.
Sonra Azərbaycan Dövlət Pedaqoji Kollecinin 95 illik
fəaliyyət yolundan bəhs edən "Xalq Cümhuriyyətinin
yadigarı" sənədli filmi nümayiş olunub.
Yubiley mərasimində çıxış edən təhsil nazirinin müavini
Firudin Qurbanov nazirliyin təbrikini kollektivə
çatdırıb. Təhsil naziri cənab Mikayıl Cabbarovun
imzaladığı təbrik məktubunda kollecin xalqımızın
maariflənməsi, məktəblərin ixtisaslı pedaqoji kadrlarla
təmin olunması, Azərbaycanın fəxri sayılan bir çox
ziyalıların yetişməsindəki böyük rolu və tarixi
xidmətləri yüksək qiymətləndirilir, kollecin bu gün
ölkədə aparılan təhsil islahatlarında fəal iştirak
etməsi, illərlə yaranmış mütərəqqi ənənələri qoruyub
saxlaması və inkişaf etdirməsi qeyd olunur.
Çıxışında yubileylə əlaqədar təhsil nazirinin əmri ilə
kollecin təhsil uğurları ilə fərqlənən bir qrup
müəlliminin "Azərbaycan Respublikası qabaqcıl təhsil
işçisi" döş nişanı və nazirliyin fəxri fərmanları ilə
təltif olunduğunu bildirən nazir müavini mükafatları
təltifolunanlara təqdim edib.
Sonra kollecin IV kurs tələbəsi Aygün Kərimli doğma
tədris ocağına həsr etdiyi şeirini söyləyib.
Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru,
filologiya elmləri doktoru, professor, "Şöhrət" ordenli,
əməkdar müəllim Nurlana Əliyeva kollecin keçdiyi şərəfli
tarixi yol, bugünkü fəaliyyəti və qazanılan uğurlarla
bağlı geniş məruzə edib.
Yubiley mərasimində təbrik çıxışları olub. Milli Məclis
sədrinin müavini Bahar Muradova, Yasamal Rayon İcra
Hakimiyyətinin başçısı İbrahim Mehdiyev, Bakı Dövlət
Universitetinin rektoru, Milli Məclisin deputatı,
akademik Abel Məhərrəmov, Bakıdakı 132-134 nömrəli
təhsil kompleksinin direktoru Sara Xanlarova və
başqaları şərəfli yubiley münasibətilə kollecin müəllim
və tələbə kollektivini təbrik edib, onlara ən xoş
arzularını çatdırıblar. Təbrik çıxışlarında kollecin
açılmasında Azərbaycan Demokratik Cümhuriyyətinin rolu,
bu təhsil ocağının yarandığı dövrdən bəri ölkənin orta
ixtisas təhsili müəssisələri arasında həmişə öncül
mövqedə olması, təhsilimizə on minlərlə yüksək
hazırlıqlı müəllim kadrları verməsi, həmişə innovativ
ideyalar və təşəbbüslər mərkəzi kimi tanınması xüsusi
qeyd olunub, dövlətimizin başçısı Prezident İlham
Əliyevin təhsilə göstərdiyi böyük diqqət və qayğıdan söz
açılıb. Çıxış edənlər uzun illərdir ki, bu şöhrətli
təhsil müəssisəsinə rəhbərlik edən Nurlana Əliyevanın
böyük təşkilatçılıq bacarığını, yüksək insani
keyfiyyətlərini, ölkənin ictimai-siyasi həyatında fəal
iştirakını yüksək dəyərləndiriblər.
Mərasimdə ölkənin müxtəlif təhsil müəssisələrindən
yubilyara ünvanlanmış təbrik teleqramları diqqətə
çatdırılıb.
Yusif ƏLİYEV, foto Rəşad ZİYADOV,
"Azərbaycan müəllimi" |