"Azərbaycan müəllimi" qəzetinin kollektivinə
"Azərbaycan
müəllimi" qəzetinin 80 illik yubileyi münasibətilə bütün
redaksiya heyətini öz adımdan və Bakı Dövlət
Universitetinin çoxminli professor-müəllim, tələbə
heyəti adından ürəkdən təbrik edirəm!
Azərbaycan mətbuatı tarixində öz yeri, dəst-xətti və
xüsusi çəkisi olan "Azərbaycan müəllimi" qəzeti, eyni
zamanda ölkəmizin təhsil tarixində gördüyü əvəzsiz
işlərə görə əlamətdardır. Qəzet 80 illik fəaliyyəti
dövründə çox məhsuldar bir yol keçmiş, təhsil sahəsində
aparılan islahatlar, görülən işlər və dəyişiklikləri
geniş oxucu auditoriyası üçün işıqlandırmış, təhsil və
mədəniyyət işçilərinin, elm xadimlərinin əsl tribunasına
çevrilmişdir. Rəngarəngliyi, aktual mövzuları ilə
oxucuların inamını doğruldan "Azərbaycan müəllimi"
qəzeti mətbu sözün məsuliyyətini çox gözəl dərk edən və
dəyərləndirən bir mətbuat orqanı kimi davamlı olaraq
günü-gündən inkişaf edən ölkəmizin uğurlarını qələmə
almış, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin
təhsil və elm sahəsində apardığı uğurlu daxili və xarici
siyasəti hər sayında işıqlandırmışdır.
"Azərbaycan müəllimi" qəzeti ilə Bakı Dövlət
Universiteti arasında uzun illərdir ki, sıx əməkdaşlıq
ənənələri yaranmışdır. "Azərbaycan müəllimi" qəzetinin
bu iki qurum arasında səmimi münasibətlərin göstəricisi
olan "Universitetin dostu" mükafatına layiq görülməsi bu
mətbu orqanın elm və təhsilimiz, o cümlədən Bakı Dövlət
Universiteti ilə əlaqədar obyektiv yazılar verməsinin
təsdiqidir.
Mən bir daha 80 illik yubileyiniz münasibətilə Sizi və
bütün redaksiya heyətini təbrik edir, Azərbaycan
dövlətinin və dövlətçiliyinin, mətbu sözün inkişafı,
çiçəklənməsi, daha da möhkəmlənməsi naminə uğurlar
arzulayıram. İnanıram ki, "Azərbaycan müəllimi" qəzeti
bundan sonra da öz xəttinə sadiq qalacaq,
respublikamızda həyata keçirilən genişmiqyaslı təhsil
islahatlarının təbliğatçısına çevriləcək, milli mətbuat
tariximizdə nüfuzunu qorumaq üçün bundan sonra da
əlindən gələni əsirgəməyəcəkdir.
Abel MƏHƏRRƏMOV,
Bakı Dövlət Universitetinin rektoru, akademik
"Azərbaycan müəllimi" qəzetinin kollektivinə
Ölkəmizdə təhsil, elm və mədəniyyətin inkişafı yolunda
əvəzsiz xidmətlər göstərən, respublika mətbuatında
özünəməxsus yolu olan "Azərbaycan müəllimi" qəzetinin 80
illik yubileyini təhsil işçiləri, elmi-pedaqoji
ictimaiyyət əlamətdar hadisə kimi qeyd edir.
"Azərbaycan müəllimi" bütün dövrlərdə xalqımızın
maariflənməsi üçün əvəzolunmaz məktəb olub. Təhsil
qurumlarının fəaliyyəti, bu sahədə həyata keçirilən
proqramlar, pedaqoji nəzəriyyə və təcrübənin inkişaf
etdirilməsi məsələləri qəzetin aparıcı mövzuları olaraq
ictimai rəyin formalaşmasına ciddi təsir göstərməkdədir.
Qəzet ölkə həyatında baş verən ictimai-siyasi proseslərə
təkcə sahə mətbuatına xas məhdud çərçivədə deyil,
vətəndaşlıq mövqeyindən, əhatəli və obyektiv münasibət
bildirir.
Bütün bunlara görə "Azərbaycan müəllimi" təkcə çoxminlik
təhsil işçilərinin deyil, həm də ölkə ziyalılarının
sevimli nəşrlərindən birinə çevrilib.
80 illik yubileyini qeyd edən "Azərbaycan müəllimi"
qəzetinin bütün kollektivini bu münasibətlə ürəkdən
təbrik edir, onlara xalqımızın daha da maariflənməsi və
inkişafı naminə fəaliyyətlərində uğurlar diləyirəm.
Ədalət MURADOV,
Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru,
professor
"Azərbaycan müəllimi" qəzetinin Baş redaktoru
B.Hüseynzadəyə
Hörmətli
Bayram müəllim!
"Azərbaycan müəllimi" qəzetinin 80 illik yubileyi
münasibəti ilə Sizi Odlar Yurdu Universitetinin
professor-müəllim heyəti və çoxsaylı tələbələri adından
təbrik edirəm.
Son dövrlərdə möhtərəm Prezidentimiz İlham Əliyev
cənablarının rəhbərliyi ilə bütün sahələrdə olduğu kimi,
elm-təhsil sahəsində də aparılan islahatlar nəticəsində
qazanılmış uğurlar danılmazdır.
Azərbaycan təhsilinin, elminin, tədrisinin, hətta
ictimai fikrinin inkişafında özünəməxsus rolu olan
"Azərbaycan müəllimi" qəzeti mətbu orqan olaraq hazırda
da təhsil naziri cənab Mikayıl Cabbarovun işgüzar səyi
ilə ölkəmizin milli təhsil sistemində aparılan strateji
islahatları, təhsilin idarə edilməsində ən müasir,
dünyəvi innovativ metodların tətbiqi ilə bağlı
məsələləri və s. təhsil yeniliklərini yüksək səviyyədə
işıqlandıraraq geniş ictimaiyyətə çatdırır.
Elm və təhsilimizin inkişafında müstəsna rolu olmuş
qəzetinizin ömür salnaməsinə nəzər salarkən keçdiyiniz
keşməkeşli həyat yolunun necə də işıqlı, bəsirətli,
bəşəri bir yol olduğunu görürük.
Mütəmadi olaraq elmimizin və təhsilimizin ən əlamətdar
günləri məhz Sizin qəzetin əməkdaşlarının gərgin zəhməti
sayəsində geniş oxucu kütləsinə çatdırılmaqdadır.
Hörmətli cənab Baş redaktor!
Bir daha "Azərbaycan müəllimi" qəzetinin 80 illik
yubileyi münasibəti ilə Sizi, şəxsinizdə kollektivinizin
hər bir əməkdaşını universitetimizin professor-müəllim
heyəti, çoxsaylı tələbələri adından və şəxsən öz adımdan
səmimi-qəlbdən təbrik edərək, sağlam həyat, xoş
əhvali-ruhiyyə, xalqımızın, dövlətimizin bu günü və
sabahı naminə uzun ömür, cansağlığı arzu edirəm. Ulu
Tanrı köməyiniz olsun!
Əhməd VƏLİYEV,
Odlar Yurdu Universitetinin rektoru, millət vəkili,
professor |