Dekabrın
19-da Azərbaycan Milli Elmlər Akademiyasının əsas
binasında Azərbaycan alimlərinin I qurultayı keçirilib.
Qurultay Azərbaycan Milli Elmlər Akademiyası, Təhsil,
Rabitə və Yüksək Texnologiyalar nazirlikləri tərəfindən
birgə təşkil olunub.
Dövlət qurumlarının nümayəndələrinin, tanınmış alim və
mütəxəssislərin iştirak etdikləri tədbir internet
üzərindən canlı yayımlanıb.
Qurultayda Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının Humanitar siyasət məsələləri
şöbəsinin müdiri Fatma Abdullazadə Prezident İlham
Əliyevin tədbir iştirakçılarına təbrik məktubunu oxuyub.
AMEA-nın prezidenti, akademik Akif Əlizadə ölkəmizdə ilk
dəfə keçirilən bu qurultayın müasir dünyanın qlobal
çağırışlarının, Azərbaycanın sosial-iqtisadi və
mədəni-mənəvi inkişafının, Azərbaycan elmində gedən
proseslərin məntiqi nəticəsi olduğunu bildirib.
A.Əlizadə qeyd edib ki, ümummilli lider Heydər Əliyevin
qurucusu olduğu müstəqil Azərbaycan onun ideyalarının və
siyasi kursunun layiqli davamçısı Prezident İlham
Əliyevin böyük uğurla həyata keçirdiyi siyasət
nəticəsində inkişafın keyfiyyətcə yeni mərhələsinə qədəm
qoyub.
Tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov
Təhsil Nazirliyi və təhsil işçiləri adından qurultay
iştirakçılarını salamlayıb. Nazir qeyd edib ki,
alimlərin ilk qurultayı ölkəmizin elmi ictimaiyyəti üçün
çox əlamətdar bir hadisədir. Hamıya məlumdur ki,
ümummilli lider Heydər Əliyev və onun layiqli davamçısı
olan ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən elm
və təhsil sahələri həmişə diqqət mərkəzində saxlanılıb.
Ölkəmizdə milli elmi elitanın formalaşmasında Azərbaycan
Milli Elmlər Akademiyasının önəmli rolunu vurğulayan
təhsil naziri qurultay münasibətilə Azərbaycan
alimlərini, ziyalılarını təbrik edib və onlara elmi
fəaliyyətlərində uğurlar arzulayıb.
Müasir dövrdə ölkələrin inkişafının elm və təhsilin
səviyyəsi ilə birbaşa bağlı olduğunu söyləyən təhsil
naziri bildirib ki, dövlətin inkişaf səviyyəsini ölkənin
təbii sərvətlərinin bolluğu deyil, bu sərvətlərin yüksək
potensiala malik insan kapitalına çevrilməsi, bilik
iqtisadiyyatının formalaşması müəyyən edir. Elmi
potensialın qorunub saxlanılmasının, gənc elmi və
elmi-pedaqoji kadrların hazırlanmasının əhəmiyyətinə
toxunan nazir təhsil sistemində çalışan alim,
professor-müəllim heyəti ilə bağlı ətraflı məlumat verib.
Ali təhsildə istedadlı gənclərin yaradıcılıq
potensialının inkişafı istiqamətində görülən işlərə
nəzər salan təhsil naziri SABAH qruplarının
yaradılmasının əsas məqsədlərindən söhbət açıb, elmi və
elmi-pedaqoji kadrların yetişdirilməsi işində xaricdə
təhsilin müstəsna roluna diqqət çəkib. Nazir ali
təhsilin əsas fəaliyyət istiqamətlərinə aid fundamental
və tətbiqi elmi araşdırmaların aparılmasının müxtəlif
obyektiv və subyektiv səbəblər üzündən ikinci plana
keçməsini, elmi işlərin beynəlxalq reytinqli jurnallarda
dərc edilməməsini, elmlə tədris, elmlə istehsalat
arasında əlaqənin zəifləməsini mənfi hal kimi
dəyərləndirib: "Düşünürəm ki, qısa zamanda elmin
prioritet inkişaf istiqamətləri müəyyənləşdirilməli, ali
təhsil müəssisələrində elmin inkişafı konsepsiyası
ortaya qoyulmalıdır. Dünya elminin inkişaf tələblərinə
uyğun elmi tədqiqatlarının aparılmasının vahid
standartlarını işləyib hazırlamaq məqsədilə
universitetlərarası şura yaradılmalıdır".
Təhsil naziri Azərbaycan Milli Elmlər Akademiyasının
elmi institutları nəzdində ali təhsilin magistratura
səviyyəsi üzrə kadr hazırlığı həyata keçirmək təklifinin
təqdirəlayiq olduğunu bildirib. Elm sahəsinin nüfuzunun
yüksəldilməsi üçün aparılan tədqiqatların keyfiyyətinin
artırılmasının zəruriliyini önə çəkən nazir bu işdə
Elmin İnkişafı Fondu tərəfindən görülən işlərin
əhəmiyyətini nəzərə çatdırıb: "Dünyanın ən nüfuzlu
jurnallarında, xüsusilə də "Thomson Reuters"
Agentliyinin bazasına daxil olan impakt-faktorlu
jurnallarda nəşr olunan məqalələrin sayının
artırılmasına xüsusi diqqət yetirilməlidir. 2008-ci
ildən başlayaraq toplanan məlumatların təhlili göstərir
ki, impakt-faktorlu jurnallarda Təhsil Nazirliyi
sistemində çalışan alimlər tərəfindən 2008-ci ilə
nisbətən 2013-cü ildə nəşr olunmuş məqalələrin sayı
təxminən 3,5 dəfə artıb. Ölkəmizdə nəşr olunan elmi
jurnalların da "Thomson Reuters" Agentliyinin bazasına
daxil olması olduqca vacibdir".
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov
innovativ inkişaf və müasir baxışlara dair məruzə ilə
çıxış edib. Ə.Abbasov bildirib ki, qurultayda müzakirə
olunan məsələlər, irəli sürülən yeni ideyalar, qəbul
edilən qərarlar elmin və texnikanın, bütövlükdə
iqtisadiyyatın gələcək inkişafı üçün çox önəmlidir.
Sonra digər çıxışlar dinlənilib və müzakirələr aparılıb. |