Azərbaycan Respublikasında turizm, menecment və digər
xidmət sahələrində müşahidə olunan sürətli inkişafı,
"Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf
Konsepsiyasını, Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət Strategiyasını nəzərə alaraq və
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 32-ci bəndini rəhbər tutaraq
QƏRARA ALIRAM:
1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm
Nazirliyinin Turizm İnstitutunun bazasında ali təhsilin
bütün pillələrində turizm və menecment sahələri üzrə
kadr hazırlığını həyata keçirən Azərbaycan
Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin
tabeliyində Azərbaycan Turizm və Menecment Universiteti
yaradılsın.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Bu sərəncamın 1-ci hissəsi ilə yaradılmış
Azərbaycan Turizm və Menecment Universitetinin
nizamnaməsinin layihəsini üç ay müddətində hazırlayıb
Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu
sərəncama uyğunlaşdırılmasına dair təkliflərini
hazırlayıb üç ay müddətində Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin;
2.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin
normativ hüquqi aktlarının bu sərəncama
uyğunlaşdırılmasını üç ay müddətində təmin edib
Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ
hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını
nəzarətdə saxlasın və bunun icrası barədə üç ay
müddətində Azərbaycan Respublikasının Prezidentinə
məlumat versin;
2.5. Azərbaycan Turizm və Menecment Universitetinin
təhsilin bütün pillələrini əhatə edən, turizm və
menecment sahələri üzrə kadr hazırlayan aparıcı təhsil
mərkəzi kimi fəaliyyətinin maliyyələşdirilməsi və
maddi-texniki təminatı, o cümlədən müvafiq tədris
şəhərciyinin yaradılması ilə bağlı təklifləri iki ay
müddətində Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu
sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 dekabr 2014-cü il |