Əziz
həmvətənlər!
Hörmətli soydaşlar!
Hər il böyük sevinclə qeyd etdiyimiz 31 Dekabr - Dünya
Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində Sizi
ürəkdən salamlayır, hamınıza xoşbəxtlik, sülh və
əmin-amanlıq arzulayıram!
Dünyada yaşayan soydaşlarımızın Vətənə və
azərbaycançılıq məfkurəsinə sədaqətini, xalqımızın öz
keçmişinə və milli mənəvi dəyərlərinə ehtiramını əks
etdirən bu bayram tarixi yaddaşımızın mühüm tərkib
hissəsinə çevrilmişdir. Ümummilli lider Heydər Əliyevin
misilsiz xidmətləri sayəsində milli birlik və həmrəylik
ideyaları daha dolğun məzmun kəsb edərək, real fəaliyyət
sahəsi kimi dövlət siyasəti səviyyəsinə yüksəlmişdir. "Güclü
dövlət - güclü diaspor" prinsipini rəhbər tutan həmin
siyasətin əsas qayəsi xarici ölkələrdə yaşayan
soydaşlarımızın tarixi Vətənlə bağlılığını
möhkəmləndirmək, mütəşəkkilliyini artırmaq, diaspor
qurumlarının imkanlarından həmvətənlərimizin
hüquqlarının və milli dövlət maraqlarının qorunmasında
daha səmərəli istifadə etməkdən ibarətdir.
Sevindirici haldır ki, diaspor quruculuğu sahəsində
aparılan işlər öz bəhrəsini verir. Xaricdəki
həmvətənlərimiz məskunlaşdıqları ölkələrin
cəmiyyətlərində mövqelərini genişləndirir, Azərbaycanın
dünyada tanıdılmasına, zəngin mədəniyyətimizin təbliğinə
çalışır, bəzi qüvvələrin dövlətimiz və xalqımızın
əleyhinə yönəlmiş məkrli planlarına qarşı təsirli
tədbirlər görürlər. Diaspor təşkilatlarımız bundan sonra
da səylərini artırmalı, Azərbaycanın müvafiq dövlət
qurumları və xarici ölkələrdəki diplomatik
nümayəndəlikləri ilə əməkdaşlıq şəraitində daha
məqsədyönlü və çevik fəaliyyət göstərməlidirlər.
Bu gün hər bir həmvətənimiz Azərbaycan Respublikası ilə
fəxr etməkdə haqlıdır. Biz keçən illər ərzində
iqtisadiyyatımızı sürətlə inkişaf etdirməyə, əhalinin
rifah halını yüksəltməyə, yoxsulluq və işsizlik kimi
sosial bəlaların səviyyəsini minimuma endirməyə nail
olmuşuq. Enerji resurslarından əldə edilən gəlirlər
iqtisadiyyatın şaxələndirilməsinə, insan kapitalının və
demokratik institutların inkişafına yönəldilmişdir.
Ölkədə nəhəng nəqliyyat və sosial infrastruktur
layihələri icra edilmiş, elm, təhsil, səhiyyə,
mədəniyyət və idmanın inkişafı üçün müasir və güclü
maddi-texniki baza yaradılmışdır.
Sivilizasiyalararası dialoq və humanitar əməkdaşlıq
istiqamətində irəli sürülən təşəbbüslər, yüksək
səviyyədə keçirilən beynəlxalq forumlar ölkəmizi
multikulturalizm və tolerantlığın mərkəzi kimi
tanıtmışdır.
Azərbaycan müstəqil dövlət kimi dünyanın siyasi,
iqtisadi və humanitar həyatında fəal rol oynayır.
2014-cü ildə Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi
dövründə ölkəmiz üzərinə düşən vəzifələri layiqincə
yerinə yetirmişdir.
Cari ildə "XXI əsrin müqaviləsi" adlandırılan layihənin
icrası istiqamətində mühüm addım atılmışdır. "Cənub qaz
dəhlizi"nin təməlinin qoyulması ilə Azərbaycan Avropanın
enerji təhlükəsizliyi sistemində öz mövqelərini daha da
möhkəmləndirmək və beynəlxalq aləmə inteqrasiyanı
dərinləşdirmək üçün yeni imkanlar qazanmışdır.
Gələn ilin yayında paytaxtımız birinci Avropa Oyunlarına
ev sahibliyi edəcəkdir. Biz bu böyük idman bayramına
ciddi hazırlaşır, ölkəmizə bəslənilən inam və etimadı
doğrultmaq üçün əzmlə çalışırıq.
Müstəqillik dövrünün qısa tarixi dövlətimizin strateji
xəttinə alternativin olmadığını, azərbaycançılıq
ideologiyasına söykənən siyasətin düzgünlüyünü sübut
edir. Əminəm ki, dünya azərbaycanlılarının həmrəyliyi
bundan sonra da xalqımızın qarşısında dayanan bütün
vəzifələrin öhdəsindən uğurla gəlməyə, torpaqlarımızı
tezliklə Ermənistanın işğalından azad etməyə, sürətlə
dəyişən, ziddiyyətli dünyanın çağırışlarına adekvat
cavab verməyə kömək edəcəkdir. Bunun üçün biz
sıralarımızı daha da möhkəmləndirməli, əcdadlarımızdan
miras qalmış çoxəsrlik mədəniyyətimizi inkişaf etdirməli
və hamımızın pənah yeri olan müstəqil Azərbaycanımızın
güclənməsinə birgə əməli fəaliyyətimizlə yeni töhfələr
verməliyik.
Bu bayram münasibətilə Sizi səmimi qəlbdən təbrik edir,
hər bir soydaşımıza və həmvətənimizə səadət, firavanlıq,
işlərində uğurlar diləyirəm!
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 dekabr 2014-cü il |