Bakıdakı
Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin "Gənc
səyahətçilər" dərnəyinin rəhbəri və Azərbaycan Alpinizm
Federasiyasının üzvü Yevgeniya Nəcəfova və dərnəyin 4
nəfər üzvü -Cavid Ələsgərov, Cavid Quluzadə, Fuad
Quluzadə və Murad Nəsibli Avstriyanın Lienz
şəhərciyində 4-7 dekabr 2014-cü il tarixlərində
keçirilmiş Gənclərin 8-ci Beynəlxalq Alpinizm
düşərgəsində iştirak ediblər. 11 ölkənin nümayəndə
heyətinin iştirak etdiyi düşərgədə MDB ölkələrindən
yalnız Azərbaycan nümayəndə heyəti təmsil olunub. Dərnək
üzvləri 13-15 yaşlarında olmalarına baxmayaraq, iki il
Gürcüstanın Bakuriani şəhərində uşaq xizəkçiliyi
məktəbində təlim keçib və xizək yarışmasında öz
bacarıqlarını nümayiş etdiriblər.
Düşərgənin açılışı dekabrın 4-ü tarixində Lienz
şəhərciyində olub. Həmin gün iştirakçılarla dağ
xizəkçiliyi üzrə dünya çempionu Mire Mironun görüşü də
təşkil edilib. İkinci gün iştirakçılar 2600 metr
hündürlükdən xizəklə xüsusi trasslarla üzüaşağı
sürüşüb, üçüncü gün isə nəzəri və təcrübi məşğələlər
keçiblər. Nümayəndə heyəti düşərgədə Vətənimizi
layiqincə təmsil edib. İngilis dilində sərbəst danışan
dərnək üzvləri digər ölkələrin uşaqları ilə ünsiyyət
yaradıb, tədbir təşkilatçılarına isə Azərbaycan
bayrağını və başqa orijinal hədiyyələr təqdim ediblər.
Tədbirin sonunda Dağ Xizək üzrə Beynəlxalq Federasiyanın
prezidenti ilə iştirakçıların və nümayəndə heyətlərinin
görüşü keçirilib. Həmin görüşdə Azərbaycan
təmsilçilərinə hədiyyələr təqdim olunub.
Üç gün davam edən tədbirdən mərkəzin "Gənc səyahətçilər"
dərnəyinin üzvləri çox böyük təəssüratlarla Vətənə
qayıdıblar. Onlar gələcəkdə Azərbaycan dağ xizək idman
növünə dünya şöhrəti qazandıracaqlarına əmindirlər.
Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi" |